Nizami Rayon Məhkəməsi həbsdə olan “İşçi Masası” fəalı Elvin Mustafayevin qapalı rejimli Qobustan həbsxanasına köçürülməsinə qərar verib.
“İşçi Masası”nın İdarə Heyətinin üzvü Tural Fərzilinin özünün “Facebook” səhifəsində yazdığına görə, bu qərar, hazırda onun saxlanıldığı 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin müraciəti əsasında qəbul olunub.
Müəssisə rəhbərliyi Mustafayevin cəzasının sonuna qədər Qobustanda saxlanılmasını istəsə də, məhkəmə onun 6 aylıq köçürülməsinə qərar verib.
Elvin Mustafayev 2025-ci il mayın 6-dan müxalif siyasətçi Tofiq Yaqublu və digər siyasi məhbusların azad olunması tələbilə aclıq aksiyasına başlayandan sonra cəza çəkdiyi müəssisənin karserinə salınmışdı. Sonradan o, 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdü.
“Bu hökm, rejimə boyun əyməyən, ədalətsizliyə qarşı mübarizə aparan bir gəncin səsini susdurmaq cəhdidir. Elvin siyasi sifarişlə həbs olunub və həbsxanada davamlı olaraq işgəncə və pis rəftarla üzləşir. Elvin Mustafayevə azadlıq tələb edirəm”, – Tural Fərzili məhkəmənin çıxardığı qərara cavab olaraq yazıb.
Elvin Mustafayev 2023-cü il avqustun 4-də saxlanılıb və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir və üzərinə bu maddənin qoyulduğunu bildirir.
2022-ci ildə Azərbaycanda işçi hüquqlarını müdafiə məqsədilə yaradılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir.
Onların hər biri müxtəlif ittihamlarla üzləşsə də, bu ittihamların siyasi motivli və qurama olduğunu bildirirlər.