Məhbus Cəzaçəkmə Müəssisəsində işgəncəyə məruz qalıb

Illustration: Meydan TV

12 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan məhbus Elşən Mürsəlovun işgəncəyə məruz qaldığı deyilir.

Bu barədə məhbusun anası Nailə Bağırova Meydan TV-yə məlumat verib.

Ailəsinin sözlərinə görə, suyun pulla satılmasına etiraz edən Mürsəlov müəssisə əməkdaşları tərəfindən döyülüb.

“Su istəyib, deyiblər su yoxdur, pulladır. Elşən də deyib ki, necə yəni dövlətin suyu necə pulla ola bilər, deməli mənim pulum yoxdur deyə mən susuzluqdan ölməliyəm? Elə o sualdan sonra onu möhkəm döyüblər, əziblər, üzünü-gözünü və atıblər “kars”a”, – deyə ana bildirib.

Ana deyir ki, oğlu bundan əvvəl də dəfələrlə zorakılığa məruz qalıb. 

“Bundan əvvəl də bir neçə dəfə oğlumu döyüblər. Ayaq damarlarını qırıblar. Özüm mən xadiməçi ola-ola Topçubaşov adına xəstəxanaya apardım əməliyyat etdirdim. Xeyli pulum getdi o yollarda. Özlərinə nə qədər müraciət etsək də əməliyyatı etdirmirdilər. Ondan sonra yaraları qurtarmamış onu apardılar zona atdılar. Mən bilirəm, pulum yoxdur deyə uşağımı atıb, salırlar ora. Yenidən bir müddət keçəndən sonra hələ yaraları sağalmamış necə döymüşdülərəsə, xayasını partlatmışdılar”, – deyə Nailə Bağırova bildirib.

Məhbusun anası deyir ki, oğlunun döyülməsini eşidəndən sonra həyat yoldaşı infarkt keçirib, hazırda xəstəxanadadır. Baş verənlərlə bağlı ailə Ombudsmana və Penitensiar Xidmətə müraciət etsə də, hələlik bir cavab ala bilmədiklərini deyiblər.

Məhbus anası oğlunun döyülməsi ilə bağlı Prezident İlham Əliyevə də müraciət edib.

Elşən Mürsəlov qəsdən adam öldürmə maddəsi ilə 2017-ci ildə həbs olunub. Məhkəmənin qərarı ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib. 

Ailəsinin bildirdiyinə görə, o, törətmədiyi cinayəti üstlənib, daha sonra cinayəti törədən şəxs təslim olsa da, onu azad etməyiblər. 

Ana səhifəSosialMəhbus Cəzaçəkmə Müəssisəsində işgəncəyə məruz qalıb