Məcburi köçkünlərin mülkiyyəti, statusu və kompensasiyaları: hansı məhdudiyyətlər gəlir?

İşğaldan azad olunmuş ərazilər. Foto: AAYDA

Azərbaycanda bir sıra qanunlara edilən dəyişikliklər məcburi köçkünlərin mülkiyyət hüquqları ilə bağlı suallar yaradır. Mənzil Məcəlləsinə edilən dəyişikliklərə əsasən, İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır. Bu fondun balansındakı mənzillərin məcburi köçkünlərin həmin ərazilərə köçürülməsi və onların xüsusi mülkiyyətinə verilməsi nəzərdə tutulur.

Lakin “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlara edilən dəyişikliklər məcburi köçkünlərin yaşayış yerini seçmək imkanlarını məhdudlaşdırır. Yeni qanuna əsasən, dövlət tərəfindən təklif olunan yaşayış sahəsini qəbul etməyən və ya əvvəlki yaşayış yerinin əvəzinə region üzrə müəyyən edilmiş ölçüdə başqa yaşayış sahəsi ilə təmin olunan şəxslər məcburi köçkün statusunu itirirlər. Təklif olunan yaşayış yerləri arasında məcburi köçkünün öz ata-baba torpağı, kəndi, rayonu olmaya bilər.

“İnsan öz doğma torpağına qayıtmaq istədiyi üçün cəzalandırılır”

Sosial mediada bu məsələ məcburi köçkünlər tərəfindən birmənalı qarşılanmır. Elşən Əlisoy adlı şəxs “Facebook”da yazır ki, Kəlbəcər sakinini Suqovuşana, Şuşa sakinini Füzuliyə, Laçın sakinini isə başqa bir rayona köçürmək onun öz torpağına qayıtması demək deyil. O yazır ki, otuz ildən artıqdır ki, insanlar sadəcə evlərinin deyil, öz kəndlərinin, öz küçələrinin, ata-babalarının məzarlarının həsrətini çəkirlər :

Məcburi köçkün üçün doğma yurd anlayışı xəritədə istənilən nöqtə deyil. O, konkret ünvan, konkret kənd, konkret şəhərdir. Vətəndaşın öz rayonundan tamamilə fərqli bir rayona köçürülməsi “Böyük Qayıdış” adlandırıla bilməz. Bu, sadəcə köçün istiqamətinin dəyişməsidir”.  

E.Əlisoy qeyd edir ki, daha bir mühüm məsələ mülkiyyət hüququ ilə bağlıdır:

“Şuşa, Kəlbəcər, Laçın kimi rayonlar təkcə tarixi deyil, həm də böyük iqtisadi potensiala malik ərazilərdir. Sabah həmin torpaqlarda turizm kompleksləri, hotellər, istirahət mərkəzləri fəaliyyət göstərəcək, böyük gəlirlər əldə olunacaq. Belə olan halda həmin torpaqların həqiqi sahiblərinin hüquqları necə qorunacaq?

Əgər dövlət vətəndaşa “öz kəndinə yox, başqa rayonda ev al” deyirsə, o zaman itirdiyi əmlakın, torpağın və gələcək iqtisadi imkanların dəyəri də nəzərə alınmalıdır. Belə hallarda ədalətli kompensasiya mexanizmi tətbiq edilməlidir.

Ən narahatedici məqam isə odur ki, insan öz doğma torpağına qayıtmaq istədiyi üçün cəzalandırılır. Çünki qanuna əsasən, dövlətin təklif etdiyi yaşayış yerindən imtina edən şəxs məcburi köçkün statusunu itirəcək”.

Məcburi köçkünlərin mülkiyyət hüququ necə təmin olunmalıdır?

Yeri gəlmişkən, qaçqın və məcburi köçkünlərin yerləşdirilməsinin hüquqi əsasları BMT-nin  “Ölkə daxilində köçürülmüş şəxslər haqqında Rəhbər Prinsiplər”ində dəqiq göstərilib. Sənəddə qeyd olunur ki, məcburi köçkünlərin əvvəlki daimi yaşayış yerlərinə təhlükəsiz, ləyaqətli və könüllü şəkildə qayıtması təmin edilməlidir.

Məhz bu prinsipləri rəhbər tutan Azərbaycan hökuməti “Böyük Qayıdışa” dair dövlət proqramlarında göstərir ki, məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışının effektiv şəkildə həyata keçirilməsi əsas məqsədlərindən biridir. Bunun üçün dövlət proqramlarında hüquqi bazanın yaradılması nəzərdə tutulub.

Lakin görünən odur ki, 30 il ərzində torpağından, elindən-obasından və evindən didərgin düşmüş insanların mülkiyyət hüquqlarının necə təmin ediləcəyi ilə bağlı təzadlı hüquqi aktlar qəbul edilir.

Ekspertlərin fikrincə, yeni dəyişikliklər eyni zamanda Bakıda və digər bölgələrdə məcburi köçkünlər üçün ayrılmış mənzillərdən, eləcə də 1990-cı illərdə yerləşdirildikləri ərazilərdən çıxarılmaları üçün hüquqi əsas yarada bilər.

Müsavat Partiyasının başqanı müavini və əslən Cəbrayıldan olan Razim Əmiraslanlı Meydan TV-yə açıqlamasında bildirir ki, məcburi köçkün statusu şəxsin öz iradəsi ilə deyil, silahlı münaqişə və erməni işğalı nəticəsində daimi yaşayış yerini tərk etməsi səbəbindən yaranıb:

Разим Амирасаланлы
Source: Meydan TV

“Buna görə də həmin statusun ləğvi üçün əsas meyar şəxsin təhlükəsiz şəkildə öz daimi yaşayış yerinə qayıtmaq imkanının təmin olunması hesab edilir.

Əgər şəxsə doğulduğu və ya işğaldan əvvəl yaşadığı yaşayış məntəqəsində deyil, tamamilə başqa rayonda daimi yaşayış yeri təklif olunursa, onun bu təklifdən imtina etməsi avtomatik olaraq statusunun ləğvinə əsas olmamalıdır. Bu yanaşma hüquqi baxımdan əsaslandırılmış görünmür”.

R.Əmiraslanlı bildirir ki, Azərbaycan Konstitusiyasına görə hər kəsin yaşayış yerini sərbəst seçmək hüququ vardır:

“Dövlət müəyyən sosial təminatlar təklif edə bilər, lakin vətəndaşı seçim hüququndan məhrum etməsi hüquqi baxımdan düzgün deyil. Qayıdış, məskunlaşma və ya başqa əraziyə köçürülmə könüllü olmalıdır”.

Razim Əmiraslanının sözlərinə görə, başqa rayonda verilən mənzildən imtina edən şəxsin avtomatik olaraq məcburi köçkün statusunu itirməsi beynəlxalq yanaşmalar və insan hüquqları prinsipləri baxımından da mübahisəli görünür.

“Azərbaycan Konstitusiyasına əsasən mülkiyyət hüququ dövlət tərəfindən qorunur və qanunsuz olaraq məhdudlaşdırıla bilməz. Əgər bir şəxs Cəbrayılda, Füzulidə, Zəngilanda və ya digər işğaldan azad edilmiş rayonlarda qanuni yaşayış evinin, torpaq sahəsinin və ya başqa əmlakın sahibi olubsa, məcburi köçkün statusunun dəyişməsi həmin əmlak üzərindəki mülkiyyət hüququnu avtomatik olaraq aradan qaldırmır”.

Onun sözlərinə görə, dövlət gələcəkdə həmin əmlakların bərpası, qaytarılması və ya kompensasiyası ilə bağlı ayrıca hüquqi mexanizm müəyyən etməlidir. Hazırda bu sahədə bütün halları əhatə edən vahid və hərtərəfli kompensasiya mexanizmi formalaşdırılmayıb.

“İlk növbədə, mümkün olan hallarda şəxslərin əvvəlki yaşayış yerlərindəki evləri bərpa edilməli və ya yenidən tikilərək onlara qaytarılmalıdır. Bərpası mümkün olmayan əmlaklara görə isə bazar dəyərinə uyğun, ədalətli kompensasiya ödənilməlidir.

Nəticə etibarilə, məcburi köçkün statusu yalnız şəxsin təhlükəsiz və davamlı şəkildə öz daimi yaşayış yerinə qayıdışı təmin edildikdə və ya qanunla müəyyən edilmiş digər əsaslar yarandıqda ləğv edilməlidir. Başqa rayonda verilən yaşayış yerindən imtina edilməsinə görə statusun avtomatik ləğvi həm hüquqi, həm də insan hüquqları baxımından ciddi mübahisə doğuran məsələdir”.

Razim Əmiraslanlı deyir ki, eyni zamanda, statusun dəyişməsi şəxsin işğal nəticəsində itirdiyi əmlak üzərindəki mülkiyyət hüququnu aradan qaldırmamalıdır.

“Dövlət həmin əmlakların bərpası, qaytarılması və ya bu mümkün olmadıqda ədalətli kompensasiyanın verilməsi üçün şəffaf, səmərəli və hüquqi cəhətdən etibarlı mexanizm yaratmalıdır. Bu yanaşma həm Azərbaycan Konstitusiyasının mülkiyyət hüququna dair təminatlarına, həm də beynəlxalq hüququn əsas prinsiplərinə uyğun hesab oluna bilər”.

Ana səhifəSosialMəcburi köçkünlərin mülkiyyəti, statusu və kompensasiyaları: hansı məhdudiyyətlər gəlir?