Lüksemburq Deputatlar Palatasının spikeri Bakıya hərbi əsirlərlə bağlı çağırış edib

Source: arxiv

Klod Vizler: “Ədalət həmin insanların tezliklə azad edilməsini, ailələrinə onlar barəsində lazımi cavab verilməsini tələb edir”

Lüksemburq Deputatlar Palatasının spikeri Klod Vizler Ermənistan Milli Assambleyasında çıxış edərkən bütün hərbi əsirləri azad etməsi üçün Bakıya çağırış edib.

O bildirib ki, Bakı tez bir zamanda bütün itkin düşmüş şəxslərin taleyi ilə bağlı da məlumat verməlidir.

“Ədalət həmin insanların tezliklə azad edilməsini, ailələrinə onlar barəsində lazımi cavab verilməsini tələb edir”, – Vizler əlavə edib.

Klod Vizler. Foto: Lüksemburq Parlamentinin saytı

Vizler həmçinin, Ermənistan-Azərbaycan sülh danışıqlarının uğurla nəticələnəcəyinə ümid etdiyini vurğulayıb.

“Sülhə gedən yolda dürüst və konstruktiv dialoq üçün forumun yaradılması vacibdir. Bütün bunlardan öncə isə hərbi əsirlərin hamısı azad edilməlidir”.

Vizler həmçinin 100 mindən çox erməninin Dağlıq Qarabağdan köçünü məcburi hərəkət, “Azərbaycanın ədalətsiz hərbi əməliyyatı” kimi təqdim edib.

Bir neçə gün öncə Lüksemburq Deputatlar Palatası analoji çağırış ilə qətnamə qəbul etmişdi. Sənəddə Almatı Bəyannaməsi (1991) ilə region ölkələrinin ərazi bütövlüyünün tanındığı vurğulanıb, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və regionda diplomatik münasibətlərin normallaşdırılması istiqamətində işin təqdir olunduğu bildirilib.
Sənəddə habelə, Ermənistanın demokratik tərəqqisi, Roma Statutunun ratifikasiyası alqışlanıb. Həmçinin yeni tərəfdaşlıq proqramı vasitəsilə Avropa İttifaqı-Ermənistan əlaqələrinin dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Ermənistan hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda Qarabağ separatçılarının keçmiş rəhbərləri də daxil olmaqla 23 erməni əsilli şəxs saxlanılır.

Azərbaycan Milli Məclisi isə Lüksemburq Deputatlar Palatası sədrinin fikirlərini “qərəzli və absurd” adlandırıb. Bu cür müdaxilə cəhdlərinin sülh prosesində uğurlu nəticələrin əldə olunmasını əngəllədiyini bəyan edib.

” …Onlar regionda baş verən prosesləri sərbəst şəkildə təhrif etməkdən, hətta Azərbaycana qarşı hansısa tələblər irəli sürməkdən çəkinmirlər”, – Azərbaycan parlamentinin bəyanatında vurğulanır.

Ana səhifəSiyasətLüksemburq Deputatlar Palatasının spikeri Bakıya hərbi əsirlərlə bağlı çağırış edib