“Lider” telekanalı və radiosu müflis elan edildi

“Teleradio” İstehsalat Birliyi iddia ərizəsində göstərib ki, “Lider TV və Radio-Azərbaycan” MMC müqavilə öhdəliklərinə əməl edə bilmir.

Source: Архив


Məhkəmə telekanalla bağlı qərar çıxarıb

“Lider TV və Radio-Azərbaycan” MMC müflis elan edilib. İyunun 16-da Bakı Kommersiya Məhkəməsində hakim İlham Əhmədov bu barədə qərar çıxarıb. Qərara əsasən, “Lider”ə əmlak inzibatçısı da təyin edilib.

Bu qərar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiası əsasında çıxarılıb.

“Teleradio” İstehsalat Birliyi iddia ərizəsində göstərib ki, “Lider TV və Radio-Azərbaycan” MMC müqavilə öhdəliklərinə əməl edə bilmir. Ona görə də müflis elan edilməlidir. Əmlak inzibatçısının təyin olunmasına gəlincə, şirkətin mülkiyyətində olan əmlak qiymətləndiriləcək və öhdəliklərin icrasına yönəldiləcək.

“Lider” telekanalında maliyyə durumunun ağır olması, əməkdaşların öz hesabına məzuniyyətə göndərilməsi barədə xəbərlər xeyli vaxtdır ki, yayılıb.

“Lider” telekanalı 2000-ci ilin sentyabrından efirdədir. Lakin “Lider TV və Radio-Azərbaycan” MMC bundan öncə – 1999-cu ildə təsis olunub. Şirkətin rəhbəri Ədalət Əliyev prezidentin mərhum əmisi Hüseyn Əliyevin nəvəsidir.

Ana səhifəSiyasət“Lider” telekanalı və radiosu müflis elan edildi