Lənkəran əvəzinə İrana uçan sovet pilotu

Yazar: Yadigar Sadıqlı

Foto: Meydan Tv

İran SSRİ-nin təzyiqlərinə dözmədi

1976-cı il sentyabrın 6-da sovet ordusunun pilotu, Uzaq Şərqdə Primorsk vilayətində xidmət edən Viktor Belenko MiQ-25 qırıcı təyyarəsi ilə Yaponiyaya qaçdı və siyasi sığınacaq istədi. Bu təyyarə yeni və məxfi avionika və dost-düşmən təsbiti sistemi ilə təmin olunmuşdu. Belə bir təyyarənin qərb ölkələrinin əlinə keçməsi sovet hərbisi üçün böyük zərbə idi.

Sovet rəhbərliyi Belenko hadisəsindən özünə gəlməyə macal tapmadan daha bir qaçış baş verdi. Sentyabrın 23-də Valentin Zasimov adlı bir mülki pilot An-2 təyyarəsi ilə İrana qaçdı. Bu qaçışın xüsusi bir ziyanı yox idi. Zasimov hərbçi deyildi, An-2 təyyarəsi də kimsədə maraq doğurmurdu. Amma 17 gün ərzində iki qaçış həddən artıq çox idi.

Belenko artıq ABŞ-da idi, daimi yaşayış icazəsi almışdı, onu oradan almaq mümkün deyildi. Zasimov isə İranda idi, Moskvanın Tehrana təzyiq göstərmək üçün xeyli vasitələri vardı. SSRİ ibrəti-aləm, ürəyindən qaçmaq keçən başqa pilotlara göz dağı vermək üçün Zasimovu nəyin bahasına olursa-olsun, almağa qərar verdi.


Valentin Zasimov 1939-cu ildə Bakıda anadan olub. Onun atası da, anası da bakılı olub. Orta məktəbi bitirdikdən sonra Bataysk hərbi aviasiya məktəbinə daxil olub. Əvvəllər iddia olunurdu ki, Valentin hərbi məktəbi bitirdikdən sonra bir müddət orduda xidmət edib, sonra intizam pozuntusuna görə tərxis olunub, bu zaman da hərbi rütbəsi baş leytenantdan leytenanta endirilib.

Amma onun oğlu bu yaxınlarda verdiyi müsahibədə bildirir ki, atasının hərbi məktəbi bitirməsi Xruşşovun ordunu əhəmiyyətli dərəcədə ixtisara salması (SSRİ Ali sovetinin 1960-cı il yanvarın 15-də qəbul etdiyi qanun) ilə üst-üstə düşdüyündən heç vaxt orduda xidmət etməyib, leytenant rütbəsi ilə dərhal ehtiyata göndərilib.

Hərbi pilot olmaq arzusunun həyata keçməməsi yəqin ki, Zasimovun sovet hökumətindən narazılığının əsasını qoyur. O, Bakıya qayıdır və buradan Yevlaxa göndərilir, An-2 təyyarəsində sərnişin və yük daşımaqla məşğul olur. Bir müddət Lvovda işləyir, yenidən Azərbaycana qayıdır. Bu illər ərzində Tatyana adlı qadınla evlənir, biri Bakıda, digəri Lvovda, iki oğlu anadan olur.

Onun son reysi Zabrat – Hacıqabul – Puşkin (Biləsuvar) – Prişib (Göytəpə) – Lənkəran marşrutu üzrə idi. Sərnişin və poçt daşıyırdı. Puşkində havaya qalxandan sonra təyyarədə artıq sərnişin yox idi. Pilot bundan istifadə edərək çoxdan planlaşdırdığı addımı atmaq – İrana uçaraq siyasi sığınacaq istəmək qərarına gəldi. Həmin gün Lənkəranda poçt alınmadı.

Zasimov İran sərhədini keçəndən sonra bir xeyli ölkənin içərilərinə doğru irəliləyir və Əhər şəhəri (Təbrizdən 90 km şimal-şərqdə) yaxınlığında yerə enir. Bundan sonra o, İrandan siyasi sığınacaq xahiş edir. İki gün sonra dünyanın xəbər agentlikləri daha bir sovet pilotunun ölkədən qaçdığını elan etdi.


SSRİ Zasimovu geri almaq üçün İrana bütün diplomatik normaları aşan hədələr gəlməyə başladı. Sovet nümayəndələri öz tələblərini əsaslı etmək üçün pilotun hərbçi olduğunu və fərarilik etdiyini söyləyirdilər. Qaçqının qaytarımayacağı halda İran üçün olduqca əlverişli iqtisadi-ticari əlaqələrin dondurulacağı bildirilirdi.
Tehrana işarə edildi ki, Moskva İran Azərbaycanında və Kürdüstanında separatizmi dəstəkləyən addımlar ata bilər. Sovet səfirliyinin nümayəndələrindən biri İran diplomatları ilə görüşündə bildirdi ki, sovet-İran sərhədi çox böyükdür (2400 km-ə yaxın) və ona tam nəzarət etmək mükün deyil.

1973-cü ildə İran və SSRİ arasında aviasiya nəqliyyatında cinayətkarlıqla mübarizə haqqında müqavilə imzalanmışdı. Amma Zasimovun davranışının həmin müqaviləyə nə qədər uyğun gəldiyi sual altında idi. O, heç bir təyyarəni zorla ələ keçirməmişdi, kimsənin həyatına və sağlamlığına təhlükə yaratmamışdı.

Digər tərəfdən, İran “Qaçqınların statusuna dair BMT konvensiyası”nı imzalamışdı və bu sənədə əsasən Zasimovun sığınacaq xahişini yerinə yetirməli idi. Üstəlik, beynəlxalq müqavilələr ikitərəfli müqavilələr üzərində prioritetə malikdir. BMT-nin qaçqınlar üzrə Ali komissarı Sədrəddin Ağa xan da İrana müraciət edərək pilota siyasi sığınacaq verməyi təklif etdi.

Zasimovu SSRİ-də edam cəzasının gözlədiyini nəzərə alan bir çox hüquq müdafiə təşkilatları, tanınmış şəxslər şaha müraciət edərək onun təhvil verilməməsini xahiş edirdilər. Belələri arasında Andrey Saxarov başda olmaqla sovet dissidentləri də vardı. Onlar pilotun heç bir cinayət törətmədiyini və heç kəsə ziyan vurmadığını, təyyarənin də SSRİ-yə qaytarıla biləcəyini söyləyirdilər.

Bu müraciətlər arasında Stalinin qızı, özü SSRİ-ni 9 il əvvəl tərk etmiş Svetlana Alliluyevanın müraciəti maraqlıdır: “Mən, Stalinin qızı, stalinist sovet tiraniyasından xilas olaraq Birləşmiş Ştatlarda azadlıq əldə edən, siz əlahəzrətə müraciət edərək Valentin Zasimovun həyatını xilas etmənizi, azad ölkəyə getməsinə şərait yaratmanızı xahiş edirəm”.

Şah hakimiyyəti SSRİ-nin qəzəbini özündən yayındırmaq üçün elan etdi ki, sovet pilotu İrandan deyil, ABŞ-dan sığınacaq istəyib. Amma o zaman ABŞ-SSRİ münasibətlərində də yumşalma müşahidə olunurdu və Vaşinqton Belenkodan sonra Zasimova görə də Moskva ilə münasibətləri korlamaq istəmirdi. Bir insanın həyatı isə böyük oyunlarda yüksək qiymətləndirilmirdi. Buna görə də Tehrandakı ABŞ səfirliyi bildirdi ki, onlara belə bir müraciət daxil olmayıb.

Tehranın tərəddüdlərini görən Moskva təzyiq artıqmaq üçün daha bir addım atdı. Kiyevdə qanunsuz valyuta əməliyyatı isttihamı ilə Qafar Şakibai adlı İran vətəndaşı həbs edildi.


SSRİ-də rublun xarici valyutalara kursu sərbəst deyildi, dövlət tərəfindən müəyyənləşdirlirdi. 1950-ci illərdə 1 ABŞ dolları 4 sovet rubluna bərabər idi. 1961-ci ildə rublun 10:1 nisbətində denominasiyası həyata keçirildi. Əslində isə bu, denominasiya ilə yanaşı həm də devalvasiya idi. Çünki sırf denominasiya olduğu halda 1 dollar indi 40 qəpiyə bərabər olmalı idi, halbuki 90 qəpik oldu. 1971-ci ildə ABŞ dolların qızıl təminatından imtina edəndən sonra bu valyutanı ucuzlaşması baş verdi. SSRİ də 1 dollar müqabilində 75 qəpik müəyyənləşdirdi.
Əlbəttə, bu kurs iki valyutanın alıcılıq qabiliyyəti arasındakı nisbəti düzgün əks etdirmirdi: ədalətli mübadilə kursu dolların daha yüksək dəyərləndirilməsini tələb edirdi. Gerçəkliklə rəsmi kurs arasındakı bu fərq hələ 1950-ci illərin sonlarından qara valyuta bazarının yaranmasına səbəb olmuşdu. Valyuta alverçiləri böyük şəhərlərdə mehmanxanaların yanında gəzişir, əcnəbilərə rəsmi kursdan daha yüksək kursla dollar almağı təklif edirdilər.

SSRİ kimi total nəzarətin hökm sürdüyü ölkədə belə bir fəaliyyətlə gizli məşğul olmaq mümkün deyildi. Valyuta alverçilərinin, demək olar ki, hamısı KQB, milis, OBXSS kimi strukturların agenti olurdular vəehtiyac yarananda onlardan istifadə edilirdi. İran vətəndaşının həbsində də onlardan istifadə edildi.

Qafar Şakibai və digər iki iranlı Ukraynanın Voroşilovqrad vilayətindəki Kommunarsk şəhərində (indiki Luqansk vilayətinin Alçevsk şəhəri) metallurgiya kombinatında təcrübə keçirdilər. Gəzməyə getdikləri Kiyevdə 200 ABŞ dollarını 700 rubla dəyişmək istəyərkən Şakibai KQB tərəfindən həbs olundu və ona qarşı “valyuta əməliyyatları haqqında qaydaların pozulması” ittihamı irəli sürüldü.Buna görə onu 3 ildən 8 ilə qədər həbs cəzası gözləyirdi.

Əgər internetdə yayılan şəkillər doğrudursa, o zaman Ukrayna KQB-nin sədri (sonralar SSRİ KQB-nin sədri və daxili işlər naziri olacaq) olan Vitali Fedorçuk respublikanın partiya rəhbəri Vladimir Şerbitskiyə göndərdiyi məlumatda İran vətəndaşının Zasimovu qaytarmaq üçün İran hakimiyyətinə təzyiqgöstərməkdən ötrü saxlanıldığı açıq-aşkar etiraf edirdi.


Bir ay çəkən gərginlikdən sonra, oktyabrın 23-də İran hakimiyyəti Zasimovu SSRİ-yə qaytarmaq niyyətində olduğunu açıqladı və iki gün sonra təhvil verdi. Pilotun oğlunun dediklərinə görə, atasının gözlərini bağlayıb maşında xeyli aparıblar və sonra başqa maşına mindiriblər. İkinci maşında olanlardan biri asqırandan sonra “qrip” deyib və Zasimov anlayıb ki, onu SSRİ-yə təhvil veriblər.

Məhkəmə Bakıda, Dzerjinski adına (indi Şəhriyar) klubun binasında keçirilir. Rəsmi təsdiqi olmasa da, ehtimal edilir ki, Tehran pilotu təhvil vermək müqabilində onun edam olunmamasını xahiş edib. Buna görə də Zasimov gözləniləndən daha mülayim cəza alır – 12 il. Cəzasını Permdə çəkir.

Valentin Zasimov vaxtından əvvəl, 1985-ci ilin oktyabrında azad olunur. Ailəsi ilə boşanır, bir müddət Bakıda yaşayandan sonra Moskvaya köçür və 1995-ci ildə burada vəfat edir. Böyük oğlu 2009-cu ildə vəfat edir. Kiçik oğlu Aleksandr isə Volqoqradda yaşayır.

Ana səhifəMənim FikrimcəLənkəran əvəzinə İrana uçan sovet pilotu