Latviya XİN-ni milli platformanın 3 üzvünü siyahıdan çıxarıb

Sabit Bağırov: “Haqsız yanaşmadır, müvafiq yazışmalar həyata keçiririk”

Sahib Məmmədov: “Bir neçə platforma üzvü olan nümayəndə bizdən “donos” yazıb”

Source:


Sabit Bağırov: “Haqsız yanaşmadır, müvafiq yazışmalar həyata keçiririk”


Sahib Məmmədov: “Bir neçə platforma üzvü olan nümayəndə bizdən “donos” yazıb”

Mayın 19 və 21-də Riqada Şərq Tərəfdaşlığı Sammiti ilə paralalel vətəndaş cəmiyyətinin konfransı keçiriləcək. Konfransa nümayəndələri Avropa Birliyi Şərq Tərəfdaşlığı üzrə milli platformalar seçir.

Bu barədə Meydan TV-ni məlumatlandıran mənbə Azərbaycan milli platformasının 10 nəfər seçdiyini, ancaq nümayəndliyimizin gözlənilməz problemlə qarşılaşdığını söyləyib.

“Tədbirin təşkilatçıları, Latviya Xarici İşlər Nazirliyi 3 nəfəri siyahıdan çıxarıb. Əsaslandırma belə olub ki, onlar hakimiyyət tərəfindən idarə olunurlar. Həmin 3 nəfər sabiq millət vəkili Aynur Camalqızı, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası təşkilatının icraiyyə komitəsinin sədri Sahib Məmmədovdur”,-deyə mənbə bildirib.

Azərbaycan milli platformasının rəhbəri Sabit Bağırov informasiyanı təsdiqlədi: “Hələ 3 nəfər siyahıda yoxdur. Amma bu haqsız yanaşmadır. Biz bununla bağlı müvafiq yazışmalar həyata keçiririk, ümidvaram ki, situasiya qaydasına düşəcək”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası təşkilatının icraiyyə komitəsinin sədri Sahib Məmmədov bildirdi ki, bir neçə platforma üzvü olan nümayəndə onlardan “donos” yazıblar: “Həmin  adamlar QHT-lərə məhdudiyyət yaradan əsas qanunların təşəbbüskarı Prezident yanında QHT-lər dəstək Şurasıdır və Əliməmməd Nuriyevlə mən şura üzvləriyik. Hətta hüquqşünas kimi qanunları da biz hazırlamışıq, belə də yazıblar. Amma mən “donos” yaznların adını deməyəcəm. Məsələ ondadır ki, bugünlərdə keçirilən ictimai dinləmələrdə məhdudiyyət yaradan qanunların əleyhinə ən kəskin çıxışı Əliməmməd Nuriyev edib. Yəni Prezident yanında QHT-lər dəstək Şurası vətəndaş cəmiyyətinə məhdudiyyət yaradan qanunların müzakirəsində iştirak etməyib. Şura yalnız ictimai müzakirələri təşkil edib və tənqidi fikirləri müvafiq orqanlara göndərib. Lap tutaq ki, biz hökumətə yaxınıq. Mən proqramda həmkarlar ittifaqları və sahibkarlar təşkilatlarını ehtiva edən 5-ci qrupun üzvüyəm. Yaxud SPİD əleyhinə layihələr həyata keçirən Rafiq Təhməzovun hakimiyyətə, ya da müxalifətə yaxın olmasının əhəmiyyəti varmı? Ümumiyyətlə, Şərq Tərəfdaşlığının missiyası da o deyil ki, yalnız müxalifyönlü QHT-lərin toplumu olsun. Yəni bizim hökumətyönlü olduğumuzu yazsaydılar, bu, qərarın qəbuluna kifayət etməzdi. Məhz hədəfi Prezident yanında QHT-lər dəstək Şurası üzərində qurublar. Amma şurada ictimai əsaslarla işləyirik, dövlətdən maaş almırıq”.

Sahib Məmmədov onların konfransa buraxılmaması qərarının sırf dezinformasiya əsasında qəbul edildiyini dedi: “Ancaq Riqa Sammitinə getmək mənim üçün problem deyil. Narahatçılıq doğuran odur ki, bu, milli platfornaın parçalanmasına gətirib çıxaracaq. Onsuz da vəziyyət yaxşı deyildi”.

Avropa Birliyi Şərq Tərəfdaşlığı Forumu 2009-cu ildən keçirilir və AB-nin uyğun proqramına dəstək məqsədi daşıyır. Forumda AB ölkələri və Ukrayna, Gürcüstan, Maldova, Azərbaycan, Belorus və Ermənistan QHT-ləri iştirak edir.

Ana səhifəXəbərlərLatviya XİN-ni milli platformanın 3 üzvünü siyahıdan çıxarıb