Lalə Şövkət Saleh Rüstəmovla bağlı prezidentə müraciət etdi

Saleh Rüstəmov, Foto: Meydan TV

“Qarabağ qazisinin məhbəsdə ölməsi Azərbaycan tarixinin ən qara səhifəsi ola bilər”

Dekabrın 14-də professor Lalə Şövkət Prezident İlham Əliyevə Saleh Rüstəmovun azadlığa buraxılmasıyla bağlı müraciət edib.

Bu barədə məlumatı Liberal Partiyasının sədri Əvəz Temirxan “Facebook” səhifəsində yayıb.

Lalə Şövkət müraciətində qeyd edir:

“Cənab Prezident! Mən ilk dəfədir Sizə müraciət edirəm. 39 gün aclığı davam etdirən Saleh Rüstəmov artıq ölüm ayağındadır. Qarabağ qəhrəmanı, vətənpərvər insanın belə vəziyyətə salınması bağışlanmaz ədalətsizlikdir. Qarabağ qazisinin məhbəsdə ölməsi Azərbaycan tarixinin ən qara səhifəsi ola bilər”.

Lalə Şövkət, Foto: Liberal Partiyası

“İlham bəy! Bu zərbə həm də Sizin imicinizə böyük hələl gətirər. Saleh bəyi dərhal azad edin, onu ölməyə qoymayın!”,-deyə Lalə Şövkət müraciətini bu fikirlərlə tamamlayır.

Lalə Şövkət 1993-94-cü illərdə Azərbaycanın Dövlət Katibi olub. Sonradan Azərbaycan Liberal Partiyasını yaradıb. Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisidir.

39 gündür aclıq aksiyası keçirən Saleh Rüstəmov dekabrın 13-də tam aclığa keçərək su və dərmanlardan imtina edib.

Onun azad olunması ilə bağlı ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri, jurnalistlər, ictimai xadimlər hökumətə çağırış ediblər.

AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmov artıq 39 gündür ki, aclıq aksiyası keçirir. Onun səhhətinin pisləşdiyi, çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmov həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.

Ana səhifəSiyasətLalə Şövkət Saleh Rüstəmovla bağlı prezidentə müraciət etdi