Teymur usta uzun illərdir təsərrüfat və məişət alətləri düzəldir. Bu sənəti atasından öyrəndiyini deyir. Abdulla kişi uzun illər dəmirçi olub, daha sonra isə Lahıc kəndinin bacarıqlı ustası kimi tanınıb.
O, şam və armud ağacından qaşıq, çömçə, bıçaq kimi məişət əşyaları ilə yanaşı həm də əkin-biçin üçün lazım olan çalğı (kərənti), oraq və s. alətlər də düzəldir. Lakin atasının yaşlandığını deyən Teymur usta artıq sifarişləri özü götürür:
“Bu iş çox çətindir. Adi bir çömçəni düzəltmək üçün 3 saat vaxt tələb olunur. Qiyməti də 3-6 manat olur”.
Lakin təsərrüfat alətlərini düzəltmək üçün 3-5 gün tələb olunur. Hazırda 83 yaşı olan Abdulla kişinin bir vaxtlar bəy yəhəri belə düzəltdiyini deyən Teymur usta artıq bu cür əşyalara tələb azaldığından onunla yalnız sifariş olduğu zaman məşğul olur.