Laçın şəhərində “LAÇIN” yazısının tikintisinə dövlət büdcəsindən 489 min 667 manat xərclənməsi planlaşdırılır. Beş hərfdən ibarət sözün ümumi dəyəri sadə hesablama ilə hər hərfə təxminən 98 min manat deməkdir.
“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi eyniadlı şəhərdə “Laçın” yazısının tikintisi üçün tender elan edib.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumata görə, satınalmanın ehtimal olunan qiyməti 489 min 667 manat 98 qəpikdir.
Tenderin təsnifat kodunda işlər “konstruksiyaların polad quraşdırılması işləri” kimi göstərilib.
Satınalma sənədlərində torpağın qazılması, qruntun daşınması, ekskavator və digər texnikadan istifadə də daxil olmaqla müxtəlif tikinti işləri nəzərdə tutulur.
Amma layihənin diqqətçəkən tərəfi onun dəyəridir.
“LAÇIN” sözü cəmi beş hərfdən ibarətdir. Tender üçün nəzərdə tutulan 489 min 667 manat 98 qəpik beş hərf arasında şərti olaraq bölündükdə bir hərfin qiyməti 97 min 933 manat 60 qəpik edir.
Yəni, yuvarlaq hesabla, Laçında quraşdırılacaq yazının hər hərfinə 100 min manata yaxın vəsait düşür.
Əlbəttə, tenderin ümumi məbləği yalnız hərflərin hazırlanmasına deyil, tikinti, qazıntı, daşınma, quraşdırma və digər işlərə də aiddir. Bununla belə, yarım milyon manata yaxın büdcənin şəhər adını əks etdirən bir konstruksiyanın tikintisinə ayrılması dövlət vəsaitlərinin düzgün xərclənməsi baxımından müzakirələrə səbəb olub.
“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-yə 2025-ci ildən Rafiq Bakir oğlu Salmanov rəhbərlik edir.