Layihəyə 2 milyon manat vəsait xərclənəcəyi qeyd olunub
Lənkəran şəhərinin tarixi simvollarından biri sayılan, Nadir şah Əfşar dövründən yadigar qalmış “Dairəvi qala”nı (yerli adı ilə “Zindan”) Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadənin rəhbəri olduğu şirkət təmir edəcək.
Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlara görə, tarixi abidənin bərpa olunması üçün keçirilmiş tenderin qalibi “Diler İnşaat” Qapalı Səhmdar Cəmiyyəti olub.
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tenderin nəticəsinə əsasən, qalada aparılacaq bərpa işlərinə görə şirkətə 1 872 243 manat vəsait ödəniləcək. Ehtimal olunan qiymət isə 2 336 840 14 manat nəzərdə tutulur.
Rəsmi reyestr məlumatlarına əsasən, “Diler İnşaat” QSC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2010 manatdır. Qanuni təmsilçi kimi Elxan Füzuli oğlu Süleymanov göstərilir.
Şirkət tikinti sektorunda fəaliyyət göstərir və yaşayış, qeyri-yaşayış obyektlərinin tikintisi və təmiri ilə yanaşı tikinti materiallarının satışı ilə də məşğuldur. Şirkətin təqdim etdiyi məlumatlara görə, o, “Flame Towers”, “Socar Tower”, “Port Baku Towers”, “Crescent Hotel” və “Dəniz Mall” kimi iri layihələrdə iştirak edib.
Reyestrdə qeyd olunur ki, şirkət əvvəlcə “ORXAN 1989” MMC adı ilə təsis edilib, sonradan isə adını dəyişərək hazırkı hüquqi formasını alıb.
Şirkətin rəsmi saytında rəhbər kimi göstərilən Orxan Quluzadə 1989-cu il təvəllüdlüdür və Milli Məclisin deputatı Ülvi Quliyevin oğludur. Ülvi Quliyev artıq 20 ildən çoxdur parlamentdə təmsil olunur.
Bundan əlavə, Orxan Quluzadənin “Loğman Farm” MMC adlı başqa bir şirkətin də təsisçisi olduğu bildirilir. Açıq mənbələrdə həmin şirkətin də müxtəlif dövlət tenderlərinin qalibi olduğu qeyd edilir.
Şəhərsalma və mədəni irsin qorunması üzrə mütəxəssislər bildirirlər ki, tarixi abidələrin bərpası xüsusi ixtisaslaşma tələb edir.
Memarlıq üzrə ekspertlər vurğulayır ki, “belə layihələrdə əsas meyar yalnız tikinti təcrübəsi deyil, həm də restavrasiya sahəsində ixtisaslaşmış kadrların və beynəlxalq standartlara uyğun metodologiyanın mövcudluğudur.”
Antik və orta əsr abidələrinin qorunması ilə məşğul olan mütəxəssislər isə qeyd edir ki, “bərpa işləri zamanı orijinal materialların qorunması, tarixi autentikliyin saxlanılması və elmi nəzarət əsas prioritet olmalıdır.”
“Dairəvi qala”nın bərpası Lənkəranın turizm potensialı və tarixi irsinin qorunması baxımından mühüm layihədir. Lakin layihənin icrası ilə bağlı şəffaflıq, peşəkarlıq və ictimai nəzarət məsələləri diqqət mərkəzindədir.