Kusturitsa: “Mükafatı Praqa otellərinin birində unutmuşam”

Emir Kusturitsa. Foto: vilena krasnitska/shutterstock

“Mükafatı qaytarmaq istəyirlərsə, Praqa otelləri arasında müsabiqə elan etsinlər”

Serbiyalı kinorejissor Emir Kusturitsa Praqa Beynəlxalq Film Festivalının Rusiya ilə əməkdaşlığına görə onu mükafatdan məhrum etməsinə münasibət bildirib.

Kusturitsa mükafatı Praqa otellərinin birində unutduğunu deyib.

“Planetdə yüzlərlə festival var. Düzünü deyim ki, bu festivalı nədənsə xatırlamıram, yadımda qalmayıb. İndi hamı yeraltından çıxıb, hansısa yolla sənətdəki uğursuzluqlarını sığortalamağa çalışır. Mükafatı qaytarmaq istəyirlərsə, Praqa otelləri arasında müsabiqə elan etsinlər”, – sənətçi bildirib.

Praqa Beynəlxalq Film Festivalı “Febiofest” Emir Kusturitsaya 2017-ci ildə verilən “Kristian” mükafatını geri alacaq.

Qərarı festivalın təsisçisi və sədri Ferro Feniç verib, digər nümayəndələr də dəstəkləyib.

Mükafatın Kusturitsadan geri alınmağının səbəbi sənətçinin 2022-ci il fevralın 21-də Rusiya Ordusunun Mərkəzi Akademik Teatrının baş rejissoru vəzifəsində çalışmağa razılıq verməsidir.

Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Ana səhifəMədəniyyətKusturitsa: “Mükafatı Praqa otellərinin birində unutmuşam”