Kinorejissora verilən mükafat Rusiyaya görə geri alınır

Emir Kusturitsa. Foto: vilena krasnitska/shutterstock

Kusturitsa “Kristian” mükafatından məhrum ediləcək

Praqa Beynəlxalq Film Festivalı “Febiofest” serbiyalı kinorejissor Emir Kusturitsaya 2017-ci ildə verilən “Kristian” mükafatını geri alacaq.

Qərarı festivalın təsisçisi və sədri Ferro Feniç verib, digər nümayəndələr də dəstəkləyib.

Mükafatın Kusturitsadan geri alınmağının səbəbi sənətçinin 2022-ci il fevralın 21-də Rusiya Ordusunun Mərkəzi Akademik Teatrının baş rejissoru vəzifəsində çalışmağa razılıq verməsidir.

Fevralın 21-də Kusturitsa Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Rusiya Ordusunun Mərkəzi Akademik Teatrının baş rejissoru vəzifəsini tutmaq təklifini qəbul edib.

“Mənim üçün Sergey Şoyqunun təklifini qəbul etmək böyük şərəfdir. Rus ordusunun teatrının səhnəsinin böyük tarixi və ənənələri var”, – Kustritsa deyib.

Emir Kusturitsa karyerası boyunca müxtəlif sahələrdə populyarlıq qazanıb.

O, əvvəlcə kinorejissor və ssenari müəllifi kimi məşhurlaşıb, daha sonra isə özünü musiqiçi kimi təsdiqləyib.

1999-cu ildə “The No Smoking Orchestra” qrupunu yaradıb və onun daimi üzvüdür.

Kusturitsa qrupun tərkibində gitaraçı kimi çıxış edir.

Qrup rok-n-roll, Balkan pank-roku, qaraçı motivləri, türk marşları və Asiya melodiyalarını sintez edir.
Çoxşaxəli istedadı və fəaliyyəti Emir Kusturitsanı Balkan mədəniyyətinin simvoluna çevirib.

Kusturitsa “Arizona arzusu”, “Yeraltı”, “Qara pişik, ağ pişik” filmləri ilə məşhurdur.

Kusturitsa Rusiyanın Ukrayna ilə bağlı siyasətinə və Krımın ilhaqına dəfələrlə ictimai dəstək verib.

Buna görə 2015-ci ilin sonunda onun “The No Smoking Orchestra” qrupu ilə Kiyevdə verəcəyi “Sevgi dünyanı xilas edəcək” adlı konsert ləğv olunub.

Kusturitsa Ukrayna hakimiyyətinin bu addımını Stalin dövründən qalma hesab edib.

O əlavə edib ki, Ukraynada hakimiyyət dəyişikliyi “Maydan hərəkatı” zamanı həyata keçirilən sui-qəsdlər nəticəsində əldə olunub.

Emir Kusturitsa 2018-ci ildə İkinci Dünya müharibəsinin 75 illiyi münasibətilə inşa edilən Rusiya Federasiyası Silahlı Qüvvələrinin əsas məbədinin tikintisinə dəstək verib.

Fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Ana səhifəMədəniyyətKinorejissora verilən mükafat Rusiyaya görə geri alınır