“İstəyirlər ki, ayağa qalxaq, hirslənək”
“Bolt Food” yemək çatdırılma xidmətinin bir qrup kuryeri daşıma xidmətinin qiymətinə etiraz olaraq paytaxt küçələrində yürüş keçiriblər.
Etirazçılar aprelin 26-da günorta saatlarında “Dəniz Mall”ın yanından “Ağa biznes centre”-ə, “Bolt”un ofisi yerləşən əraziyə qədər yürüş ediblər.
“Qiymətlərin əvvəlki kimi 2 manat 50 qəpik, 3 manat olmağını istəyirik. Şirkət bizi işlə təmin edəndə deyilmişdi ki, 3 manatdan başlayan qiymətlər sonra artacaq. 4 kilometr yola 1.60-1.80 manat yazır. Məgər, biz qartalıq, bu məsafəni göylə uçub, müştərinin sifarişini çatdırmalıyıq?”, – etiraz edən kuryer deyib.
Əlavə edib ki, daşıyıcıların əksəriyyətinin mobil xidmət applikasiyasındakı hesabları bloklanıb. Onlardan sistemin aktivləşməsi üçün 50 manat ödəniş edilməsi istənilib:
“Bloklananlar balanslarını artırsalar da, hələ sistemdə aktiv edilməyiblər. Bununla bizdə təşfiş yaradırlar, qıcıqlandırırlar. İstəyirlər ki, ayağa qalxaq, hirslənək. Biz sadəcə, haqqımızı tələb edirik. Hansı təhlükələrlə üzləşdiyimizi görürsünüz. Bu gün “Jeep”i olan düşür, bizi döyür, özünüz bunun şahidi olursunuz.
Düzdür, dövlət tərəfindən tədbir görülüb, yoluna qoyulur. Amma nə olsun ki? Gec olur. Olan bizə olur. Söz də bizə gəlir. Deyirlər ki, motosiklet sürücüləri istifadə etdikləri nəqliyyatı düzgün idarə etmirlər”.
Etirazçılar məsələ ilə bağlı “Bolt” rəhbərliyi ilə görüşməyə cəhd etsələr də, nəticəsi olmayıb:
“Mən aşağı qiymətə işləmək məcburiyyətində deyiləm. Müqaviləyə əsasən işləməliyəm. Onu da deyim ki, bir daşımaya görə 1.50 manat yazılsa da, 1.10 qəpik ödəniş edilir. Hamı bilsin ki, “Bolt Food” işçilərin haqqını yeyir”.
Daha sonra hadisə yerinə yaxınlaşan polis əməkdaşı etiraz edən kuryerlərə və çəkilişi aparan jurnalistlərə mane olub.
“Biz bura mitinq etməyə, kimisə döyməyə, yaxud yandırmağa gəlməmişik. Haqqımızı tələb etməyə gəlmişik. Biz Azərbaycan vətəndaşıyıq, öz torpağımızdır. Bizi niyə qovurlar? Ofisimizin, iş yerimizin qarşısıdır, burada dayanmaq bizim haqqımızdır. Bütün gün yollardayıq, yağış-qar, su demədən işləyirik. Havalar isindikcə, qiymətləri daha da aşağı salırlar”, – etirazçı deyib.
Aprelin 21-də “Wolt” şirkətinin kuryerləri xidmət haqlarının aşağı olması ilə əlaqədar sosial şəbəkələrdə etiraz ediblər.
Bildirilib ki, şirkət ödənişi son 2,5 il ərzində 2 manatdan 1.60 manata salıb.
Bolt qlobal olaraq 40-dan çox ölkədə 50 milyondan çox istifadəçisi var. “Bolt Food” ilk dəfə 2019-cu ilin avqust ayında Estoniyada təqdim edilib, hazırda 18 ölkədə, Avropa və Afrikanın 35 şəhərində mövcuddur.