Aşağı qiymətə etiraz edən kuryerlərin işdən çıxarıldığı bildirilir
“Bolt Food” yemək çatdırılma xidmətinin kuryerləri də daşıma xidmətinin qiymətinə etiraz edirlər. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edən kuryerlər hətta aksiya keçirməyi də planlaşdırırlar.
“Telegram” kanalında yayımlanan çağırışda deyilir ki, aprelin 26-da saat 12:45-13-30 a qədər “Bolt Food” kuryerləri “Dəniz Mall”ın yanından “Ağa biznes centre”-ə yürüş etməyi planlaşdırırlar. Yürüşə çıxanlar çantalarına “Qiymətlər qalxmayana qədər işləməyəcəyik” şüarı yapışdırmalıdırlar.
Bir gün öncəki qərarda isə bildirilirdi ki, “Bolt Food” kuryerləri xidmətin mobil applikasiyasını bağlayaraq işə çıxmayacaqlar
Daşıma xidmətinin qiymətinin aşağı olmasına etiraz edən kuryerlərin işdən çıxarıldığı deyilir.
İşdən çıxarılan kuryer Əhməd Əhmədli Meydan TV-yə deyib ki, şirkət ona xəbərdarlıq etmədən mobil xidmət applikasiyasındakı hesabını bloklayıb:
“Məni aprelin 24-də işdən çıxarıblar. Səbəbini soruşanda, əməkdaşlara qarşı qeyri-etik leksikadan istifadə etdiyimi dedilər. Soruşuram ki, kimə qarşı düzgün leksikadan istifadə etməmişəm? Cavab verən yoxdur. Halbuki, bütün səsyazmalar özlərində olur, kimə kobudluq etdiyimi sübut edə bilərlər. Çox adamı bu bəhanə ilə işdən çıxarıblar”, – şikayətçi deyib.
Kuryer şirkətindən münasibət öyrənmək mümkün olmayıb.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Meydan TV-yə deyib ki, əmək müqaviləsi olanlar işdən çıxarılmaları ilə əlaqədar öncə Mediasiya Şurasına, daha sonra isə məhkəməyə müraciət etməlidirlər.
“Ən azı, mediasiya sessiyasını keçməklə sonra məhkəməyə işə bərpa və məcburi iş buraxmağa görə kompensasiyanın verilməsinə dair idda verməlidirlər. Əmək müqaviləsi olmayanlar isə öncə Dövlət Əmək Müfəttişliyi Xidmətinə, sonra isə faktiki əmək münasibətində olduqları şirkəti məhkəməyə versinlər”.
Aprelin 21-də “Wolt” şirkətinin kuryerləri xidmət haqlarının aşağı olması ilə əlaqədar sosial şəbəkələrdə etiraz ediblər.
Bildirilib ki, şirkət ödənişi son 2,5 il ərzində 2 manatdan 1.60 manata salıb.
“Wolt” şirkətinin marketinq meneceri Tofiq Süleymanov isə bildirib ki, 21 apreldə kuryerlərin bir qrupu ilə görüş keçirib rəylərini dinləyiblər. Bu məlumatlar əsasında xidmət haqqında artım edib-etməməklə bağlı düşünəcəklər.