Kuba: azadlıq, yoxsa əsarət adası?

Kuba inqilabı adlanan çevrilişin nəticələrindən pərişanlığı təkcə xalq yaşamırdı

Source:
Kuba inqilabı, 1959-cu il
Kuba inqilabı, 1959-cu il


Kuba inqilabı adlanan çevrilişin nəticələrindən pərişanlığı təkcə xalq yaşamırdı

Əslində başqa məqalə üzərində işləyirdim, lakin yanvarın 1-də Kubada Fidel Kastro və tərəfdarlarının hakimiyyətə gəlməsinin 60-cı ildönümü oldu. Bununla əlaqədar sosial şəbəkələrdə bəziləri Kastronun “Kuba xalqına azadlıq gətirməsi”, “ABŞ imperializminə qarşı dirənməsi” və s. əməlləri barədə təriflər yağdırdılar.

Təbii, heç də azsaylı olmayan əks fikirlər də vardı. Mən özüm də müvafiq müzakirələrdə bir-iki şərh yazdım. Lakin düşündüm ki, ayrıca məqalə yazmaqda fayda var.

***

Yeniyetməlik vaxtı mən də Kuba və Kastro haqqında yüksək fikirdə olmuşam, sovet təbliğatı öz təsirini göstərirdi. Amma təsadüf elə gətirdi ki, bir sinif yoldaşım əsgərliyini Kubada çəkdi; Kastro hərəkatı tarixindən tanınan məşhur Syerra Maestra ərazisində. Oradan qayıdandan sonra isə təsəvvürlərimizi yerlə-yeksan edən əhvalatlar danışdı.

Aydındır ki, 30 ilə yaxın vaxt keçdiyindən, danışdığı detallar unudulub, yadımda qalan dəhşətli defisit, aşağı həyat səviyyəsi barədə ümumi rəy idi. Bu məqaləni yazmamışdan öncə sinif yoldaşıma zəng etdim, yenidən bəzi şeyləri soruşdum. Təbii ki, o da artıq çox şeyi unudub.

Amma kubalıların hərbi hissə mağazasında satılan bir çox şeyi əsgərlərdən qat-qat baha qiymətə almalarını xatırlayır, çünki defisit sayılırdılar. Məsələn, sovet istehsalı “Şipr” odekolonları mağazada 56 sentavoya alıb, az qala iyirmi dəfə baha – 10 pesoya kubalılara satmaq olurmuş.

Bundan əlavə, 72%-lik təsərrüfat sabununa, əsgərlərə verilən maykalara böyük tələbat olduğunu xatırlayır. Defisit olan ərzaq məhsulları, xüsusən də ət, öz yerində. Amma bunların satışı ilə artıq əsgərlər deyil, yüksək rütbəli zabitlər məşğul olurlarmış.

Anlayıram ki, bunlar şifahi məlumatlardır və istənilən adamın inanmamaq hüququ var. Buna görə də əlahəzrət faktlara keçək.

***

1983-cü ildə çəkilən “Çapıq üz” (orijinalda: Scarface) filminə çoxu baxıb. Əslində 1932-ci ildə çəkilən, baş qəhrəmanın prototipinin məşhur qanqster Al Kapone olan filmin rimeykidir.

Lakin Brayan De Palmanın rejissoru olduğu, Al Paçinonun özünün ən möhtəşəm rollarından birini oynadığı ikinci film çəkildiyi dövrə uyğunlaşdırılıb, o cümlədən 3 il əvvəl baş verən “Mariel köçü” ilə əlaqələndirilib. Filmin əvvəlində gedən titrlərdə təxminən bunlar yazılır:

“1980-ci ilin mayıında Fidel Kactro Mariel limanını açdı, bununla da bir sıra vətəndaşlarına ABŞ-da yaşayan qohumlarının yanına mühacirət etmək imkanı verdi. 3 gün ərzində 3000 Amerika qayıqları adaya yollandı. Tezliklə aydın oldu ki, göyərtədə öz qohumlarına qovuşmağa çalışanlarla yanaşı Kastronun iradəsinə uyğun olaraq cəmiyyətin tör-töküntüləri də var. Floridaya gələn 125 min insandan təxminən 25 mini kriminal tərcümeyi-hala malik idilər”.

Dediyimiz kimi, Mariel köçü baş vermiş hadisədir. Özü də Kuba xalqının Kastro hakimiyyətinə münasibətini kifayət qədər aydın əks etdirən bir hadisədir.

1980-ci ildə artıq 20 ildən çox idi ki, Kastro Kuba xalqına “azadlıq” bəxş etmişdi. Lakin qədirbilməz əhali göylərin bu hədiyyəsini lazımınca qiymətləndirmir, o zaman bütün dünyada sol mətbuatın “Azadlıq adası” kimi təqdim etdiyi ölkədən aradan çıxmaq üçün müxtəlif yollar arayırdılar.

Ümumiyyətlə, kommunistlər xalqın adından iqtidara gəlib, xalqa azadlıq bəxş etdiyi, xalq (və ya fəhlə-kəndli) hakimiyyəti qurduğu deyilən ölkələrdən xalq nədənsə qaçmağa meylli olur. Bunun üçün müraciət olunan metodların rəngarəngliyi insanı heyrətə salır. Bir qismi barədə “Şərqi Almaniyadan qaçışlar” adlı məqaləmdə bəhs etmişdim. İndi qayıdaq Mariel köçünə.

1980-ci il aprelin 1-də altı nəfər nankor Kuba vətəndaşı böyük komandantenin onlara bəxş etdiyi azadlıqları və digər gözəllikləri layiqincə dəyərləndirməyərək sığınacaq almaq və çürüməkdə olan kapitalizmə mühacirət etmək istəyilə avtobusla Peru səfirliyinin qapısını taran etdilər. Bu zaman səfirliyi mühafizə edən Kuba polisi silahını çıxarmaq istərkən özünü yaraladı (bəzi mənbələrdə öldüyü yazılır).

Qaçmaq istəyənlərin Peru səfirliyinə sığınmaları təsadüfi deyildi. Deyilənə görə, o zaman Latın Amerikası ölkələri arasında belə bir ənənə var idi ki, bir-birlərinin səfirliklərinə sığınan insanlara sərbəst çıxış icazəsi verirdilər. Bu, heç bir sənəddə, protokolda əks olunmamışdı, sadəcə ənənə idi. Hətta hərbi xuntaların hakimiyyətdə olduqları ölkələrdə belə buna əməl olunurdu.

İndi isə Fidel Kastro polisin yaralanmasını əsas gətirərək cinayət işi açıldığını və buna görə həmin altı nəfərin təhvil verilməli olduğunu söylədi. Peru səfirliyi isə bu tələbi rədd etdi. Daha sonra insidentin səfirlik ərazisində və deməli, Peru ərazisində baş verdiyini əsas gətirərək onların Peruda mühakimə oluna biləcəklərini söylədi.

Aprelin 4-də Kastro inanılmaz xətaya yol verdi. O, “öz təhlükəsizlikləri ilə bağlı bizimlə əməkdaşlıq etmək istəməyən səfirlikləri mühafizə edə bilmərik”,- söyləyərək Peru səfirliyinin mühafizəsini ləğv etdi. Görünür o, öz xalqının əhval-ruhiyyəsindən tamamilə xəbərsiz idi.

Bu elandan dərhal sonra daha 50 nəfər Peru səfirliyinə sığındı. Ertəsi gün axşam onların sayı artıq 2 minə çatırdı. Lakin bu hələ başlanğıcdı. Proses qar topası kimi böyüyürdü. Aprelin 6-da səfirliyə sığınan antimilli ünsürlərin sayı 10 minə çatdı. Peru səfirliyi geniş ərazidə yerləşsə də, bu qədər insanın yemək, içmək, tualet, tibbi ehtiyaclarını ödəməyə qadir deyildi.

Nəticədə məsələ beynəlxalq problemə çevrildi. Digər Latın Amerikası ölkələri, eləcə də İspaniya müəyyən sayda insanlara sığınacaq verməyə hazır olduqlarını bildirdilər. Pərt vəziyyətə düşən Kuba hökuməti səfirliyə sığınanları “fırıldaqçılar, antisosial ünsürlər, zibil” adlandırmalı oldu. Axı, belə olmayan, normal insanlar kommunist cənnətindən niyə qaçsınlar ki?

Aprelin 8-də 3700 nəfər hökumətdən mühacirətə icazə verən buraxılış alaraq hələlik evlərinə döndü. Bundan sonra Peru səfirliyinə gediş-gəliş yenə nəzarət altına alındı. Əvəzində aprelin 20-də Kuba hökuməti ölkəni tərk etmək istəyən hər kəs üçün Mariel limanının açıq olduğunu bildirdi.

Əgər bu qədər nankorsunuzsa, çıxın gedin! Hakimiyyət hərisi olduğuna görə deyil, yalnız və yalnız sizin xoşbəxtliyiniz naminə 21 ildir istirahət etmədən gecə-gündüz çalışan (hələ 28 il də çalışacaq) Fidelin qədrini bilmirsinizsə, rədd olun! 21 ildir müdafiə naziri kimi sizin təhlükəsizliyini təmin edən (hələ 28 il də təmin edəcək və sonra ali vəzifədə qardaşını əvəzləyəcək) Raul Kastronu qiymətləndirmirsinizsə, cəhənnəm olun!

Bundan sonra baş verən Mariel köçünü təsvir etmək üçün klaviatura acizdir. Ölkənin bütün ərazisindən insanlar Havanaya, oradan da 40 km qərbdə yerləşən Mariel limanına üz tuturlar. Havana-Mariel avtobusları ağzınacan dolu halda gedir. Taksilər gecə-gündüz adam daşıyırlar.

Limanda isə onları ABŞ-da (əsasən Florida ştatında) yaşayan çoxsaylı Kuba diasporasının göndərdiyi qayıqlar, katerlər gözləyir. Axı, necə deyərlər, cəhənnəmdə yaşayan özünə yoldaş axtarar. Amerika humanitar təşkilatlarının göndərdiyi qayıqlar da limana yan alıb.

Əhalinin bu köçünü bir müddət izləyən Kastro hökumətinin sonda ürəyi dözmür, onların bu ağılsız niyyətdən daşındırmaq üçün müxtəlif üsullara əl atır. Məsələn, paytaxtdan Marielə gedən avtobuslar yığışdırılır. Lakin bədbəxtlikdən məsafə elə də uzaq deyil. İnsanlar mahnı oxuya-oxuya, rəqs edə-edə piyada gedirlər.

Başqa qayda tətbiq edilir. Ona görə, getmək istəyənlər bir sutka öncə ərizə ilə müraciət etməlidirlər. Belə ərizələr barədə isə hardansa kommunist “zəhmətkeşlər” xəbər tutur. Köçmək istəyən insanlar evdən çıxarkən onları daş və dəyənəklə silahlanmış “paytaxt sakinləri” gözləyir. Polisə şikayət demək olar ki, faydasızdır.

Təbii, gedənlərin hamısı süddən çıxmış ağ qaşıq deyillər. Əhalinin müxtəlif təbəqələrinə məxsus insanlar var, o cümlədən kriminal elementlər də. Belələrinin gedişində hökumət də maraqlıdır, bir çoxunu hətta özü həvəsləndirir. Eləcə də psixoloji dispanserlərdən xəstələrin belə ABŞ-a göndərilməsi söylənilir.

“Çapıq üz” filmində Fidel Kastronun Mariel köçü barədə çıxışından bir parça da verilir. Komendante “Onlar bizim inqilabın ruhunu dərk etmək istəməyənlərdir və bizə lazım deyillər!” söyləyir. Halbuki, gedənlərin böyük əksəriyyəti normal tərcümeyi-hala malik olan insanlar idilər.

Kubadan köçün həcmi hətta ABŞ hakimiyyətini şok etdi. Onminlərlə insana zəruri şərait yaratmaq asan deyildi. Buna görə də Karter administrasiyası qəbulu dayandırmaq barədə göstəriş verdi. Qəbul olunan qanuna görə, ABŞ torpağına artıq ayağı dəyən kubalılar ölkədə qala bilərdilər, dənizdə qarşılananlar geri qaytarılırdılar. Oktyabrın 31-də Kastro hökuməti də köçə verdiyi icazəni ləğv etdi.

Altı ay ərzində Kubanı nə qədər insanın tərk etdiyi dəqiq məlum deyil. Filmdə deyildiyi kimi, təkcə ABŞ-a gedənlərin sayı 125 min idi. Lakin minlərlə insan həm də müxtəlif Latın Amerikası ölkələrinə, eləcə də İspaniyaya köçdü.

***

Kuba inqilabı adlanan çevrilişin nəticələrindən pərişanlığı təkcə xalq yaşamırdı. Eyni proses Kastronun ən yaxın ətrafında daha öncə başlamışdı. Bu sıraya hətta Fidelin ailə üzvləri daxil idilər.

Batista diktaturasına qarşı partizan müharibəsi ümumi demokratik hərəkat sayılırdı. Burada kommunist olmayan xeyli insanlar iştirak edirdilər. Fidelin özü də qardaşı Rauldan və Çe Gevaradan fərqli olaraq heç zaman özünü kommunist kimi qələmə vermirdi. Lakin hakimiyyətə yiyələndikdən sonra vəziyyət dəyişdi.

Bu da bir sıra silahdaşlarının etirazına səbəb oldu. Təkpartiyalı sistem, rəqabətli seçkilərin olmaması, yadfikirliliyin boğulması, bir adamın yarım əsr davam edən hakimiyyəti və sonra qardaşını varis seçməsi – həmin insanların can atdıqları hədəflər heç də bu deyildi.

İlk etiraz edən Uber Matos oldu. O, partizan hərəkatı zamanı 9-cu kolona rəhbərlik edən komandante, əqidəcə sosialist və qatı antikommunist idi (bizim cəmiyyətdə, bu, bir qədər anlaşılmır, çünki özünə “solçu”deyən mütləq kommunist və Moskva heyranı olmalıdır).

O, hələ iyul ayında Kastro iqtidarının kommunist təmayülünə etiraz edərək istefa verdi. Lakin Fidel təkbətək görüşdə onu inandıra bildi ki, bu, sadəcə müvəqqəti manevrdir: “Əgər bir müddət sonra görsəniz ki, heç nə dəyişmir, istefa vermək sizin hüququnuzdur”.

Heç nəyin dəyişmədiyini görən Matos oktyabr ayında istefa verdi. Onunla birlikdə rəhbərlik etdiyi Kamaquey əyalətinin 15 vəzifəli şəxsi də eyni addımı atdı. “İstefa sizin hüququnuzdur”,- deyən Kastro bunu qiyam kimi qiymətləndirdi və Matos həbs olundu.

Dünən inqilabın qəhrəmanı olan Uber Matos indi əksinqilabçı, ABŞ və Batista tərəfdarı elan edildi və 20 il həbsə məhkum olundu. Bu cəza 1 gün də olsun qısaldılmadı, “son zəng”ə qədər yatan Matos 1979-cu ildə həbsxanadan çıxandan sonra mühacirət etdi.

Soldan sağa:  Fidel Kastro, Eloy Qutyerres Menoyo və Uilyam Aleksandr Morqan
Soldan sağa: Fidel Kastro, Eloy Qutyerres Menoyo və Uilyam Aleksandr Morqan

ABŞ vətəndaşı Uilyam Morqan 1956-cı ildə Kubaya gəldi və yerli əhalini demokratiya qovuşması naminə silahlı hərəkata qoşuldu: “Düşünürəm ki, azad adamlar üçün ən əsas şey – başqalarının azadlığını müdafiə etməkdir. Ona görə də buradayam”.

Partizan hərəkatı zamanı üç əcnəbi komandante tituluna layiq görülmüşdü: argentinalı Çe Gevara, ispan Eloy Qutyerres Menoyo və amerikalı Uilyam Morqan. O, inqilabın rəhbərlərindən biri və Kubanın milli qəhrəmanı sayılırdı. Lakin o da yeni quruluşun kommunist diktaturasına çevrilməsini tənqid edirdi, bu yöndə xüsusən Çe Gevara ilə ciddi toqquşmaları olurdu.

1960-cı ilin oktyabrında Morqan həbs edildi. İnqilab qəhrəmanı indi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin agenti elan olundu və 5 ay sonra güllələndi. Morqan edam olunan dəqiqələrdə keçmiş döyüş yoldaşı Fidel Kastro Çin nümayəndə heyətinin şərəfinə verilən ziyafətdə şənlənirdi.

Adını artıq çəkdiyimiz Eloy Qutyerres solçu və rəngindən asılı olmayaraq istənilən diktaturanın qəti əleyhdarı idi. O, Kastro qardaşlarının və Çe Gevaranın qurduğu rejimin mahiyyətini anlayan kimi ona qarşı silahlı mübarizəyə başladı. Lakin 1965-ci ildə əsir alındı. Yarım saat davam edən məhkəmədən sonra 30 il müddətinə azadlıqdan məhrum edildi və yalnız 22 ildən sonra beynəlxalq təzyiq sayəsində azadlığa çıxdı.

Əlavə edək ki, Kastro qardaşları bu və digər keçmiş mübarizə yoldaşlarına həbsxanada ağır işgəncələr verməkdən də çəkinmirdilər. Siyahını çox uzatmaq olar, lakin keçək ailə üzvlərinə.

Xuanito Kastro Fidel və Raulun təkcə bacısı deyil, həm də silahdaşı idi. Partizan müharibəsi apardıqları dövrdə qonşu ölkələri gəzərək silah və ərzaq əldə etmək üçün pul toplamağa kömək edirdi. Lakin o da qələbənin azadlıq və demokratiya deyil, diktatura gətirməsindən pərişan oldu.

Sonralar o, öz seçimi haqda yazırdı: “Mən ya Kubaya sadiq olmalı idim, ya da qardaşlarıma”. Xuanita Kubanı seçir. O, Çe Gevaraya da xüsusilə kəskin münasibət bəsləyir, onu “qəlbi olmayan adam” adlandırırdı.

Xuanita öz etirafına görə 1961-1964-cü illərdə hətta Mərkəzi Kəşfiyyat İdarəsi ilə də əməkdaşlıq edib. O, buna görə pul almadığını, sadəcə ölkəsini öz qardaşlarının tiraniyasından xilas etməyi borc saydığından etdiyini bildirir. 1964-cü ildə Kubadan ABŞ-a mühacirət edir və indi də Kastro rejiminin ən sərt tənqidçisi olmaqda davam edir.

Hətta Fidelin nikahdankənar qızı Alina Fernandes belə 1993-cü ildə saxta sənədlərin, parikin və qrimin köməyilə Kubadan qaçdı. Müsahibələrinin birində atasının qurduğu rejimi “tamamilə dözülməz” adlandırırdı.

***

1959-cu il yanvarın 1-də baş verən hadisə Kubaya azadlıq gətirmədi. Əksinə, siyasi rejim daha da sərtləşdi: Batista avtoritarizmini Kastro totalitarizmi əvəzlədi. Bu rejim indiyə qədər davam etməkdədir. Mövcud olduğu 60 il ərzində heç bir normal seçki keçirilməyib, söz, sərbəst toplaşmaq, mətbuat azadlığı imitasiya belə olunmayıb.

Minlərlə insan güllələnib, yüzminlərlə həbslərdən, əmək düşərgələrindən keçib. Amerika hüquq müdafiə təşkilatlarının hesablamalarına görə, Fidel Kastro əhalinin sayına nisbətdə Hitler və Stalindən üç dəfə çox insanı həbsə atıb. Dustaqlar mütəmədi olaraq qeyri-insani rəftara və işgəncələrə məruz qalıblar.

Tarixin faciəsi ondan ibarətdir ki, bu totalitar rejimin banilərindən biri Ernesto Çe Gevara hələ də milyonlarla insan tərəfindən azadlıq ikonası kimi qəbul edilir. Halbuki, yuxarıda adlarını çəkdiyimiz Uber Matos, Uilyam Morqan, Eloy Qutyerres bu şərəfə qat-qat daha çox layiqdirlər. Təəssüf ki, bu məqaləni oxuyan insanların çoxu onların adını ilk dəfə duyacaq.

Ana səhifəAnalitikaKuba: azadlıq, yoxsa əsarət adası?