Koronavirus müxalifətə qarşı

Azərbaycanda karantin rejiminin pozulmasına görə nəzərdə tutulan cəza tədbirləri necə siyasi təzyiq metoduna çevrildi?

Source: Мейдан ТВ


Azərbaycanda karantin rejiminin pozulmasına görə nəzərdə tutulan cəza tədbirləri necə siyasi təzyiq metoduna çevrildi?

Aprel ayının ortalarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli hökumətin onu ev həbsinə məhkum etdiyini açıqladı. Lakin buna qədər onun ətrafla virtual əlaqəsini kəsdilər.

Əli Kərimlinin Meydan TV-yə müsahibəsində bildirdiyi kimi aprelin 13-də onun interneti kəsilib və mobil telefonu işləməyib. Bundan başqa, müxalifət liderinin “Whatsapp” və “Teleqram” hesabı da “sındırılıb”.

Koronavirus müxalifətə qarşı

“Aprel ayının 13-də axşam saat 22:30-da canlı yayım nəzərdə tutulmuşdu. Yayıma 15 dəqiqə qalmış həm kompüterdə, telefonumda, həm də həyat yoldaşımın telefonunda internet kəsildi. Bir azdan sonra mobil telefonlar da söndü və mən heç bir əlaqə saxlaya bilmədim. Nə mobil, nə də internet rabitəsi oldu və bu vəziyyət səhər saat 10-a qədər davam etdi. Gecəni əlaqəsiz keçirdik. Səhər saat 10-da internet açıldı. Bir neçə saatdan sonra internet kəsildi, telefonlar işlək qaldı. 14-ü günün ikinci yarısından indiyədək evdə internet bərpa olunmayıb”, -Kərimli deyib.

O əlavə edib ki, internetin kəsilməsi üçün heç bir texniki səbəb olmayıb.

Artıq aprelin 28-də müxalifət lideri istifadə etdiyi internet və telefon xidməti təminatçılarını məhkəməyə verib.

Lakin bundan bir neçə gün öncə provayder "Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin mobil telefonu və internetinin bloklanmasında iştirak etmədiyini"

açıqlayıb

.

Şirkət daha sonra internetin kəsilməsinin "koronavirusla əlaqədar tətbiq olunan karantin rejimi günlərində" çox yüklənmə ilə əlaqəli ola biləcəyini bildirmişdi.

0L8A6415.JPG
Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli

Küçəyə çıxmaq hüququ olmamaq

Əli Kərimlinin özünü bildirdiyi kimi məsələ internetin kəsilməsi ilə bitməyib.

Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunduğu üçün evdən çıxma SMS icazəsi ilə tənzimlənməyə başlandığı gündən onun ailə üzvləri bu icazəni ala bilməyiblər.


Aprelin 5-dən

Azərbaycanda əhali evdən çıxmaq üçün müvafiq nömrəyə SMS göndərərək icazə almalı olub.

Əli Kərimlinin bildirdiyinə görə, bu icazə nəinki onun telefonuna, heç ailə üzvlərinin telefonuna da gəlməyib.

“Bu, birmənalı şəkildə blokadadır. Özü də təsadüfi blokada deyil”, – deyən Əli Kərimlinin sözlərinə görə, bu, hakimiyyətin göstərişi əsasında baş verir.

Martın 19-da Azərbaycan Prezidenti İlham Əliyev xalqa bayram müraciətində “karantin rejimi elan oluna biləcəyini və “beşinci kolon” hesab etdiyi müxalifətçilərin təcrid olunacağını” demişdi. “Onlar düşməndirlər. Biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni bir münasibətlər qaydaları mövcud olacaq. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu “beşinci kolon”un nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq”, – Prezident bildirmişdi.

Müxalifətçilərin həbsi “tarixi zərurətdir”

İndiyədək Azərbaycanda karantin rejimini pozması səbəbilə 25 müxalif partiya və təşkilat üzvü həbs olunub. Ancaq həbs olunanlar və onların yaxınları “heç bir karantin rejimini pozmadıqlarını” bildirirlər.

Məhbus Ailələrinin Koordinasiya Şurasının üzvü Zəfər Əhmədov deyir ki, müxaliflərin izləmələri davam edir.

“AXCP, Milli Şura rəhbərliyi hamısı izlənilir və onların evinə gələnlər də evdən çıxan kimi həbs olunurlar. Ona görə hamı çalışır ki, evdə qalsın, xüsusi ehtiyac olmadan çölə çıxmasın. Amma bunun da xeyri yoxdur. Məndə olan məlumata görə saxlanılan şəxslərin bir çoxu evdən aparılıb, bir nəfəri çıxmaq şərtilə küçədə saxlanılan şəxslərin hamısı icazə ilə çölə çıxanlar olub”.

“Qərarı olmayan cəzalar və Konstitusiyaya zidd tədbirlər”

Hüquqşünas Samira Ağayeva deyir ki, ölkədə “Konstitusiyaya zidd tədbirlər tətbiq olunur”.

“Konstitusiyanın 28-ci maddəsində hər kəsin sərbəst hərəkət etmək azadlığı var. Konstitusiyanın 112-ci maddəsində qeyd olunur ki, öncə Prezident pandemiya, epidemiya və ya müharibə şəraiti olanda ilk öncə fövqəladə hal elan edir. Milli Məclis də onu təsdiq edir. Yalnız Milli Məclisin təsdiqindən sonra fövqəladə vəziyyət tətbiq oluna bilər. Ancaq biz görürük ki, karantin tədbirlərini Nazirlər Kabineti tərtib edir, operativ qərargah yerinə yetirir. Nazirlər Kabinetinin vətəndaşın sərbəst hərəkət azadlığını məhdudlaşdırmaq səlahiyyəti yoxdur”, – Samirə Ağayeva bildirir.

Hüquqşünas hesab edir ki, tətbiq olunan cərimələr “qərarsızdır”.

“Mən hələ cərimə tətbiq olunan zaman vətəndaşa o protokolun surətinin verilməsi ilə rastlaşmamışam”, – o deyir.

Samirə Ağayeva hesab edir ki, “başqa ölkələrlə müqayisədə təqdim olunan rəqəmlərə baxdıqda Azərbaycanda pandemiya ilə bağlı vəziyyət acınacaqlı deyil, ona görə də Azərbaycanın karantin rejimini uzatması suallar doğurur”.

“Bütün Avropa ölkələri yavaş-yavaş karantin rejimindən çıxır. Ancaq Azərbaycanda karantin müddəti mayın 31-dək uzadılıb. Heç bir əsas gətirilmədən uzadılıb. Görünən odur ki, Azərbaycanda bu karantin tədbirləri kiməsə sərf edir, həmçinin görünən odur ki, bu müddət ərzində nə qədər gənclər, müxalifətçilər, aktivistlər inzibati qaydada həbs olunub”.

Həbs olunan müxalifətçilərin əksəriyyətinin 30 gün müddətinə həbs olunmasının əsaslandırılmadığını bildirən Samirə Ağayeva “məhkəmələrin də əksəriyyətinin formal keçirildiyini” deyir.

faiq.jpg
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Faiq Əmirli

Samirə Ağayeva həmçinin sual edir ki, məhkəmələr nə üçün cərimə kimi digər inzibati cəzalar tətbiq edə biləcəyi halda inzibati həbs tətbiq etməyi üstün tuturlar.

“Saxlanılanların çoxu evdən çıxarkən polis tərəfindən aparılıb. Üstəlik burada digər prosessual pozuntular da var. Məsələn, Faiq Əmirlini evdən çıxarkən aparıb, ailəsinə heç bir xəbər verməmişdilər. Hətta həyat yoldaşı 102 xidmətinə də zəng vurmuşdu. Bu barədə bir neçə orqana müraciət etmişdi, amma heç bir xəbər yox idi. Yalnız onun məhkəməsi olduqdan sonra xəbər tutmuşdu ki, Faiq Əmirli İnzibati Xətalar Məcəlləsinin 211 maddəsinin pozulması nəticəsində həbs olunub”.

Hüquqşünas iddia edir ki, həbs olunan müxalifətçilərin işində prosessual qaydalar da pozulub. “Müdafiəçilər məhkəməyə dəvət edilməyiblər, müdafiə taktikasını qurmaq üçün onlara yetərli vaxt verilməyib. Məhkəmələr tez-tələsik keçirilib”, – Samirə Ağayeva pozulan qaydaları sayır.

Kərimlini ziyarətə görə “cəza”

Əli Kərimlinin evinə getmiş jurnalistlər də karantin rejimi dövründə hədəfə alınıblar.

Jurnalist Teymur Kərimov Əli Kərimlinin evindən çıxarkən naməlum şəxslər tərəfindən döyülüb. Onun iddiasına görə kamerasını sındırıb, Kərimli ilə reportajın olduğu video kartı ələ keçiriblər.

Digər bir jurnalist Təzəxan Mirələmli isə Əli Kərimlinin evindən çıxdıqdan sonra polis tərəfindən saxlanılaraq, Xətai Rayon Polis İdarəsinə aparılıb.

Təxminən 5 saat polis bölməsində saxlanıldıqdan sonra jurnalist azad edilib.

“Çıxanda gördüm ki, məni izləyirlər. Məni gözləyən maşına işarə etdim ki, sən sür get, mən özüm piyada gedəcəm. Yavaş-yavaş gedirdim. Orda məktəb var. Məktəbin yanında bir maşında üç nəfər mülki geyimli şəxs məni saxladılar və mənə dedi ki, otur maşına. Oturan kimi də telefonumu əlimdən aldılar”, – Təzəxan Mirələmli baş verənləri danışır.

Jurnalist axşam saat 6 radələrində polis bölməsinə aparılıb, gecə 11-də isə buraxılıb.

Hakimiyyət müxalifətdən qisas almaq üçün karantin tədbirlərindən istifadə edir

“Human Rights Watch” təşkilatının Cənubi Qafqaz üzrə direktoru Georgi Gogia "Azərbaycan hökumətinin müxalifət nümayəndələrinə təzyiq vasitəsi olaraq koronavirusla mübarizə üçün tədbirlərindən istifadə etməsi ilə bağlı bir sıra məqamlara toxunmağın vacibliyini” qeyd edir.

“Birincisi, burada görürük ki, hökumət koronavirus tədbirlərinin müxalifətdən qisas almaq üçün istifadə edilməsinə imkan yaradıb. İkincisi, bu adamların əksəriyyətinin inzibati ittihamlarla həbs olunması və inzibati məhkəmə araşdırmalarının səthi aparılması “Human Rights Watch” tərəfindən dəfələrlə qeyd olunub. Bu şəxslər həbs edildikdən dərhal sonra keçirilən məhkəmə prosesində Azərbaycan hökumətinin təmin etməli olduğu öhdəliklərin yerinə yetirilmədiyini görünür. Yəni, həbs olunarkən yaxud istintaq və ya məhkəmə prosesləri zamanı bu şəxslərin vəkili olmur və ya onların vəkilləri dövlət tərəfindən təyin edilmiş şəxslər olur. Bu şəxslər bir çox hallarda vəkil seçmək hüququndan məhrum edilirlər. Bütün bunlar HRW-ni narahat edən məsələlərdəndir”, – cənab Gogia deyib.

O bildirib ki, Cənubi Qafqazda “yalnız Azərbaycanda koronavirusla mübarizə üsulları çərçivəsində müxalifətə təzyiq göstərilir”.

““Human Rights Watch” təşkilatı dünyanın müxtəlif hökumətlərinin koronavirusla mübarizədən sui-istifadə etdiyini qeydə alıb. Mən Cənubi Qafqazın 3 ölkəsi üzrə işləyirəm və koronavirusla mübarizə tədbirlərindən müxalif fəalları susdurmaq üçün digər ölkələrin istifadəsinə rast gəlməmişəm”, – insan hüquqları üzrə ekspert deyib.

Georgi Gogia pandemiya dövründə həbslərin ən son variant kimi nəzərə alınmalı olduğunu vurğulayıb:

“Pandemiya dövründə həbslər virusun yayılmasına səbəb ola bilər. BMT-nin bəzi alt qurumları da, Avropa Şurası da ölkələrə tövsiyə edib ki, həbslər ən son variant olaraq düşünülməlidir”.

Artıq mayın 18-də Azərbaycanda yumşaldılma elan edilib və küçəyə çıxmaq üçün SMS icazə ləğv olunub.

Lakin Azərbaycan müxalifətçilərinin karantin rejiminin yumşaldılmasının onlara olan təzyiqi “yüngülləşdirəcəyinə” ümidləri yoxdur.

“Karantin davam etdikcə Azərbaycan hökumətinin təzyiqləri və repressiyaları da davam edəcək. Həbslər də olacaq. Ancaq açığı mən hesab etmirəm ki, karantin bitən kimi bunlar da qurtaracaq”, – Əli Kərimli deyir.

Mayın 18-də – karantin rejiminin yumşaldıldığı gün müxalifətin daha bir fəalının həbs edildiyi məlum olub. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Niyaməddin Əhmədov “karantin rejimini pozduğuna görə” 30 günlük inzibati həbsdən sonra mayın 16-da sərbəst buraxılmalı idi. Lakin həmin gün müxalifətçi yenidən "terrorizmin maliyyələşdirilməsi" ittihamı ilə cəzalandırılıb. Hazırda Niyaməddin Əhmədovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri

seçilib

.


Mediasetin dəstəyi ilə

Ana səhifəSiyasətKoronavirus müxalifətə qarşı