Konteksti tutmağın xeyri

Foto: Meydan TV

Yazar: Zərdüşt Əlizadə

Mən özümdə cürət tapıb iddia edirəm ki, Sevda Sultanova həmin dövrün tarixinin kontekstini tuta bilməyib

Azərbaycanda səviyyəli fikir minbərləri cox azdır. Söz aləminin 99 faizi laqqırtı, boşboğazlıq, çərənçilik, yaltaqlıq, qərəzlilik və lovğalıq kontekstini ehtiva edir. 1 faizində faydalı məna axtarmağa dəyər. Bu 1 faizə “Azlogos” saytında dərc edilən yazılar da daxildir.

Bir il bundan əvvəl saytda Sevda Sultanovanın AXC banilərindən olan mərhum Hikmət bəy Hacızadə haqqında yazısını maraqla oxumuşdum. Maraqla ona görə ki, bu yazı mənim də mənsub olduğum getməkdə olan nəslin indiki nəsil tərəfindən necə qavranması barədə təsəvvür yaradır.

Gördüyü hər şeyi – Hikmət bəyin məcazını da, mahiyyətini də, cəmiyyətdə və tarixdə yerini də – dürüst anlayıb və düzgün təsvir edib. Tək sonluqda müəllifin verdiyi kiçik haşiyə göstərib ki, heç də hər zaman mühitin kontekstini adekvat qavramaq üçün zəruri olan bilgisi var. Və bu, onun deyil, bizim nəslin günahıdır.

Məhz bizim nəsil tariximizi, olub keçənlərin məzmun və mahiyyətini xalqa düzgün və dolğun çatdıra bilməmişdir.

Demək, Sevda Sultanova yazısının axırında təsvir edir ki, 1990-ların sonunda Müsavat iqamətgahında mərhum Əbülfəz Əliyev pilləkanla ikinci mərtəbəyə qalxanda Hikmət bəy əlində bulka “atıla-atıla” aşağı düşürmüş və eks vitse-premyer eks prezidentin yanından keçəndə ona gözucu baxıb və “mızıldanıb” salam verərək ötmək istəyib. Lakin Elçibəy öz hökumətinin Baş nazirinin müavinini və Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfirini saxlayıb, onunla kəmali-səliqə ilə, “dərin sayğı ilə hal-əhval” tutub: “Daha nəsə demək istəyirdi ki, Hacızadə ona dilucu, etinasız cavab verib pilləkanlarla yenə atıla-atıla düşməyə başladı”.

Sevda xanım bu həyatın ani-ötəri hadisəsinə özünün qiymətini və münasibətini aşağıdakı sözlərlə dolayısı ilə bildirib: “Yeri gəlmişkən, Elçibəyi reallıqda iki dəfə görmüşəm. Hər ikisində də , o, mənim yadımda mütəvazi, eleqant, alicənab adam kimi qalıb”. Nəzərə alsaq ki, mətninin bundan əvvəlki hissəsində o, Hikmət Hacızadəni söhbətində söyüş əsirgəməyən yüngülməcaz “veselçak”kimi təsvir edib, müəllifin rəğbətinin kimin tərəfində olması şübhə oyatmamalıdır.

Məhz buna görə mən özümdə cürət tapıb iddia edirəm ki, Sevda Sultanova həmin dövrün tarixinin kontekstini tuta bilməyib.

İmkanım daxilində bu konteksti açmağa cəhd edəcəyəm.

Zəmanə kontekstinin danılmaz, fəqət əksəriyyətin anlamadığı və ya qəbul etmək istəmədiyi dəyişməz məfhumları, konstantaları var. Bu konstantaları mənim kimi aşkar deyən insanlar cəmiyyətdə rəğbət deyil, qəzəb doğurur. Birincisini deyim, özünüzə və əhvalınıza fikir verin, təhlil edin, görün düz deyirəm, ya yox.

1.Azərbaycan xalqının 90 faizi Qarabağ münaqişəsi başlamazdan əvvəl müstəqillik istəmirdi, onun nə olduğunu bilmirdi, onun uğrunda fəal mübarizə aparmaq fikrində deyildi. Xalqımızı müstəqilliyə münaqişə qamçısı ilə, ədalətsiz cəzalar zopası ilə vura-vura, SSRİ rəhbərliyinin ölkəni dağıtmaq əzmi ilə qovdular.
Necədir sizin üçün söylədiyim bu fikir? Qəzəbləndinizmi? Həqir bəndənizin bu sözlərini sevimli və azadixah xalqınıza təhqir və şəxsən sizin hisslərinizə zədə kimi qəbul etdinizmi? Əgər belədirsə, onda mənim digər zındıq fikrimə də münasibət bildirin: Azərbaycan xalqının 90 faizi insan və vətəndaş hüquq və azadlıqları barəsində heç bir anlayışı yoxdur. Məhz buna görə hər gün və hər an qanuni hüquqlarının pozulmasını nə dərk edir, nə də bu bədnam vəziyyətə qarşı mübarizə aparır.

Yoxsa dərk edir və aparır?

“Xalq bir olsa zərbi kərən sındırar” məsəlinə münasibətiniz necədir? Haqqını bilən və azadlığı sevən 7-10 milyonluq şüurlu xalq bir ovuc müstəbidin və zalımın əlində 50 il əsir-yesir qala bilərmi?

2. Azərbaycanın müstəqilliyində siyasi və iqtisadi maraqları olan 10 faiz kəsim əsla partiya-təsərrüfat nomenklaturasına aid deyildi, onlar, içərisində Hikmət Hacızadə olmaqla, sıravi aydınlar idi. SSRİ-yə qarşı çətin mübarizəyə atılanda onlar özlərini gələcək müstəqil dövlətdə iş başında, mühüm qərarlar qəbul edən, imtiyazlı və imkanlı insan kimi təsəvvür edirdilər. Belə də oldu. Elmlər Akademiyasının Botanika İnstitutunun baş elmi işçisi, elmlər namizədi biofizik Hikmət Hacızadə hopp eləyib Azərbaycanın Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli səfiri oldu, Moskvaya köçdü, oradakı çoxmərtəbəli səfarətxana binasının, maşınların, illik büdcənin sahibinə, xeyli sayda təcrübəli diplomatik işçinin rəhbərinə çevrildi. Oturub-durduğu adamlar miskin Akademiya işçiləri deyil, beynəlxalq miqyasda tanınan siyasilər və diplomatlar, rus dövlətinin rəhbər işçiləri oldu.

Belə güzəran Hikmət Hacızadənin müstəqillik naminə çəkdiyi zəhməti, onun mənsub olduğu ictimai-siyasi təşkilatın dördillik qızğın fəaliyyətini tamamilə doğruldurdu. Bu əla vəziyyəti saxlamaq üçün yalnız bircə işi görmək – Bakıda hakimiyyəti AXC-nin əlində saxlamaq lazım idi.

Hikmət bəy bu məqsədə çatmağın yolunu dalbadal Bakıya, dostu Tofiq Qasımovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyinə, bilavasitə prezident Elçibəyə yazıb təsvir, tələb və təkid edirdi.

Yazırdı ki, Rusiya ilə dil tapın, Rusiyaya kəllə və şıllaq atmayın, yoxsa rus tankları gələr, hakimiyyətimizi yıxar, vəzifələrimizi itirərik.

Çox yazdı, cox dedi, Elçibəy və ətrafına topladığı komandası eşitmədi.

Bir il keçmədi ki, ağa qayıtdı, nökərləri qovalayıb xan sarayını tutdu. Hikmət bəyi iki şirin vəzifəsindən azad edib Bakıya qaytardılar, burada Elçibəyin Milli Qəhrəman adı verdiyi Şahin Tağıyev namlı biri vətənpərvər ziyalı Hikmət bəyi Dənizkənarı parkda vəhşicəsinə döydü.

Elçibəy isə doğma Kələki kəndinə əkildi və orada təbiətin qoynunda üç il asudə yaşadı. Sonra Heydər Əliyevin çağırışı ilə Bakıya qayıtdı ki, 1998-ci il prezident seçkisində “müxalifətin vahid namizədi” olsun və Ulu Öndərə parlaq və şəksiz qələbə qazandırsın. AXC hakimiyyətində parlament sədri olmuş İsa Qəmbər Elçibəyin bu arzusunu icra etmək üçün Müsavat Partiyasında məsələ qaldıranda məhz Hikmət bəy qeyzlə “bir adam bir xalqı neçə dəfə aldadıb bada verməlidir” sualı ilə Elçibəyin vahid namizədlik istəyinə xitam vermişdi.

Təbii ki, Hikmət bəyin bu mövqeyi Elçibəyə bəlli idi, fəqət buna baxmayaraq əlində bulka atıla-atıla pilləkanla aşağı enən Hikmət Hacızadəni saxlayır və sayğı ilə onun hal-əhvalını soruşur.

A bəy, Hikmət bəyin halı və əhvalı necə olasıdır? Sənin sayeyi-mərhəmətindən həyatının bütün ülvu amalları daşa dəyib çilik-çilik olmuş, sıravi vətəndaş kimi bir tikə çörək naminə mübarizə aparan və məşəqqətli həyat sürən bir insanın halı və əhvalı necə olmalıdır?

Sevda Sultanova konteksti asan tutsun deyə müqayisə üçün bir köhnə sovet lətifəsi yerinə düşərdi.

“Sovet partizan dəstəsi silah-sursat dolu alman qatarını partladandan sonra çəkilir Bryansk meşələrinin ortasındakı böyük bataqlığa. Bataqlıqdakı partizan düşərgəsinə yalnız heç kəsin bilmədiyi cığırla getmək mümkünmüş. Faşistlər elan verirlər ki, kim düşərgəyə çığırı göstərsə, ona böyük məbləğdə mükafat veriləcək. Partizan dəstəsindən bir nəfər bu mükafata şirniklənir və cığırı düşmənə göstərir. Faşistlər gəlib partizanları tuturlar və əli-qolu bağlı bir-bir güllələməyə aparırlar. Partizanları onları satmış, indi isə kötüyün üstünə qoyulmuş yekə bir qabdan borş və salo yeyən xainin yanından keçirirlər. Partizanlardan biri xainə və onun yediyi borşa tüpürür. Xain başını qaldırıb təəccüblə soruşur:

-Mıkola, olmaya incimisən?”

Azərbaycanın demokratik cəbhəsinin daxilindəki münasibətlərin konteksti bax budur. Sevda Sultanova konteksti bilmədiyindən anlamır ki, nə üçün Baş nazirin sabiq müavini, Azərbaycanın Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Hikmət bəy Hacızadə Azərbaycan Respublikasının sabiq prezidenti Əliyev Əbülfəz Qədirqulu oğlunun yanından əlində bulka atıla-atıla keçir və onun sayğılı hal-əhval tutma cəhdinə etinasız yanaşır.

Əliyev Əbülfəz Hikmət bəyin belə davranışına hələ şükür etməliydi. Çünki onun etdiyi əməllərə fərqli münasibət nümunəsi də xalqımıza yaxşı məlumdur. Yadınıza Üzeyirbəy Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasında Rüstəm bəyin evindəki ziyafətin sonunda hamının gözü önündə Məşədi İbadı təhqir etmiş kefkomun onunla məhrəmanə sağollaşmaq cəhdinə qarşı etdiyi hərəkət də düşə bilər. Hörmətli Məşədi İbad bu abırsıza hücum edib “Mürtəd oğlu, mürtəd, mənə “meymun” dediyi bəs deyil, hələ mənə əl də uzadır” demişdi və ayaqqabısını çıxarıb kefkom intelligenti vurmağa cəhd göstərmişdi.

Nə isə, ruslarda deyim var, “uçite matçast”.

Yəqin ki, türklərdə də buna bənzər deyim var, sadəcə mən köhnə əyyamın övladıyam və təzə sözləri hələ bilmirəm. Çox güman ki, heç bilməyəcəyəm də.

Ana səhifəMənim FikrimcəKonteksti tutmağın xeyri