Konstitusiya Məhkəməsi xarici valyutada olan kreditlərə dair Mülki Məcəllənin 422-ci maddəsinin şərhini verdi. Möcüzə olmadı. Məhkəmə dedi ki, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi borc alan üçün gözlənilməz deyil, çünki o, krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürmüş hesab edilir və buna görə də devalvasiya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Başqa sözlə, borc alan devalvasiya faktına istinad edərək kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya müqavilənin ləğv edilməsini tələb edə bilməz. Buna görə də borc alanlar xarici valyutada olan borclarını cari məzənnə ilə ödəməlidir.
Məlum olduğu kimi, 2015-ci ilin may ayında da Konstitusiya Məhkəməsi dollar kreditləri məsələsini bir qədər fərqli prizmadan şərh etmişdi. Mahiyyət etibarı ilə yenə eyni qərarı verdi. Fərq yalnız ondan ibarətdir ki, 2015-ci ildə məsələnin Konstitusiya Məhkəməsinə çıxmasında banklar özləri maraqlı idi ki, problemini birdəfəlik həll etsinlər. İndi isə məsələ Konstitusiya Məhkəməsinə sırf məhkəmə sisteminin təşəbbüsü ilə çıxdı (səbəbi müəmmalı olaraq qalır!). Məhkəmə də dərhal Banklar Assosiasiyasına rəy üçün müraciət etdi və faktiki olaraq qərarında bankların mövqeyini təsbit etdi.
Digər fərq ondan ibarətdir ki, əgər 2015-ci ildə qərar yalnız dövlət məmurlarının deyil, həmçinin digər hüquqşünasların da rəyi nəzərə alınmaqla qəbul edilmişdi. Yeni qərarın preambula hissəsindən isə görünür ki, bu dəfə ekspertlərin dairəsi sırf məmurlarla məhdudlaşdı.
2015-ci ildə Konstitusiya Məhkəməsi məsələnin ictimaiyyət üçün geniş anonsunu verdi. Bu dəfə isə “örtülü bazar” idi. İctimaiyyətə açıqlama verilmədi. Hətta Məhkəmənin iclasından sonra belə. Yalnız mənim açıqlamamdan sonra məhkəmə belə bir işə baxdığını etiraf etdi.
Nəhayət, 2015-ci ildə məhkəmə qərarını daha çox əsaslandırmağa cəhd etmişdi. Düzdür, bu əsaslandırmanın elmi-hüquqi səviyyəsi çox aşağı idi. Hətta belə bir qərarı da daha inandırıcı əsaslandırmaq olardı. Yeni qərar isə çox səthi əsaslandırılıb. Və bu dəfə də çox gülünc şəkildə. Məhkəmə heç olmasa hüquq elmi və xarici təcrübə sahəsində azmaz araşdırma aparsaydı, daha əsaslandırılmış qərar verə bilərdi. Söhbət qərarın qanuniliyindən getmir. Əlbəttə, hər kəsə aydındır ki, kəskin (məhz kəskin!) devalvasiya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir (bu da əhəmiyyətli dəyişmə deyilsə, bəs onda nədir?). Lakin bəzi hüquq nəzəriyyələrinə söykənərək bunun əksini də əsaslandırmağa daha ciddi şəkildə cəhd etmək olardı. Halbuki, kəskin devalvasiyanın şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi haqda xarici təcrübə var, o cümlədən Azərbaycanın aid olduğu roman-alman hüquq sistemi ölkələrində. Axı söhbət adi deyil, məhz kəskin devalvasiyadan gedir. Bunu heç kəs qabaqcadan görə bilməz!
Bizim Konstitusiya Məhkəməmiz isə çox bəsit şəkildə dedi ki, devalvasiyanı “tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək olmaz. Ona görə ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5.0.3-cü maddəsinə əsasən, Mərkəzi Bank manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir. Göründüyü kimi, manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin mümkünlüyü qanunvericilikdə təsbit edilmişdir”.
Bu məntiqlə heç bir halı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etmək olmaz. Məsələn, qiymətlərin kəskin dəyişməsini və s. Demək olar ki, qiymətin dəyişməsi qanunun müqavilə azadlığı və bazar iqtisadiyyatı prinsiplərindən irəli gəlir. Halbuki, xarici təcrübədə qiymətlərin kəskin dəyişməsi şəraitin əhəmiyyətli dəyişməsinin klassik və geniş yayılmış misalıdır. Onda belə çıxır ki, biz aparıcı ölkələrdən daha ağıllı və savadlıyıq?!
Ən maraqlısı isə odur ki, bu yanaşması ilə Konstitusiya Məhkəməsi dolayısı ilə borc alanlara imkan yaratdı ki, Mərkəzi Banka qarşı iddia qaldırsınlar. Əgər devalvasiya sırf Mərkəzi Bankın “əməyinin” nəticəsidirsə, onda niyə də borc alanlar onlara dəyən zərəri Elman Rüstəmovdan tələb etməsinlər? Məsələn, desinlər ki, yaxşı, tutaq ki, biz devalvasiyanı qabaqcadan görməli idik, amma Elman müəllim ondan bir neçə gün əvvəl televiziyada çıxış edib bizi aldatdı ki, devalvasiya olmayacaq, buna görə də yalanına görə cavab versin! Belə olsa, yəqin ki, Konstitusiya Məhkəməsi məsələyə üçünü dəfə də baxmalı olacaq. Bu dəfə Mərkəzi Banka qarşı olan iddialar çərçivəsində…
P.S. Bəs bundan sonra borc alanlar nə edəcək? Bu barədə növbəti yazılarımda yazacağam. Ümumən isə məhkəmə çəkişmələri və s. yenə də davam edəcək. Amma onu da qeyd edim ki, son zamanlar banklar bu məsələdə sərtləşib. Kollektorlar açıq-aşkar borclulara birbaşa müraciət edir (halbuki bu, qanunsuzdur). Bəzi banklar isə məhkəmə çəkişmələrindən yayınmaq üçün hüquq-mühafizə orqanlarına üz tutur ki, borc alanlara təzyiq olunsun. Bu məsələlər barədə növbəti dəfə yazacağam…