Peyvəndlənmə

Mənbə: Meydan.TV

Başlıq: Peyvəndlənmə

Komissiya üzvü: “Əks göstəriş sertifikatı” üçün əsassız müraciətlər edilir, sənədlər düzgün doldurulmur

“Hamiləliklə bağlı sənədlər tam olmadığında bizim cavabımız neqativ olur”

“Bu gün peyvənd vurdurmağa qarşı əks göstərişlərə görə poliklinikalara ən çox müraciətlər immun, allergik və onkoloji xəstəliklər, hamiləlik, südvermə və epilepsiya xəstəliyinə görədir”.

Bunu əks-göstərişlər üzrə yaradılan xüsusi komissiyanın üzvü Sevinc Məmmədova deyib.

Həkim əks-göstərişlərə hansı hallarda neqativ cavab verilməsi məsələsinə aydınlıq gətirib. Bildirib ki, neqativ cavablar üç cür olur:

“Birincisi, komissiya təqdim olunan diaqnoza görə sənədləri yoxlayır. Əgər idarəolunmayan epilepsiyadırsa və xəstənin dərman içməsinə baxmayaraq qıcolma tutmaları olursa, bu halda diaqnozu elektroensefaloqramma əsasında yalnız nevropatoloq qoya bilər. Amma əgər kimdəsə qıcolma tutmaları olmur, yəni xəstəliyin remissiya dövründədir, onda əlbəttə ki o insanlara, bütün dünyada olduğu kimi, bizdə də “Sinovac” vaksinini vurmaq olar”.

Həkim bildirib ki, ikinci neqativ cavab mütəxəssis rəyi olmadığı zaman verilir:

“Məsələn, xəstələr müayinə və müalicə ilə bağlı terapevt tərəfindən yazılan arayış təqdim edirlər. Amma bizə onkoloji və allergik xəstəliklər zamanı allerqoloqun, onkoloqun və sair mütəxəssislərin rəyi lazımdır. Müraciət zamanı onkoloji xəstədir və hazırda vəziyyəti stabildir, yəni onun heç bir limfa düyünlərinə və digər orqanlara metastazı yoxdur. Bu insanlar üçün o arayış əks göstəriş deyil. Amma elə xəstələr var ki, onlar kimyaterapiya alırlar. Peyvənd istehsalatçının instruksiyasında yazılıb ki, onkoloji xəstəliyə görə immunsupresiv (zəiflədici) kimyaterapiya alan insanlar zəiflədici kimyaterapiyanı 2-4 həftəlik müddətə saxlasınlar. Onlar bu müddət ərzində peyvəndləməlidir və sonra immunsupresiv kimyaterapiyasını davam etməlidir. Bu zaman onlara müvəqqəti əks göstəriş verilir, yəni sənəddə qeyd olunur ki, immunsupresiv kimyaterapiyası bitəndən sonra artıq o, peyvəndi vura bilər.

Üçüncü neqativ cavabımız o hallarda olur ki, qadın hamilədir, amma bunu təsdiq edən heç bir sənəd yoxdur. Yəni, qadın sadəcə olaraq özəl klinikalarda ultrasəs müayinəsindən (USM) keçib. Hamiləliklə bağlı sənədlər tam olmadığından bu halda bizim cavabımız neqativ olur və xanımlardan təsdiqedici digər sənədlər tələb olunur”.

Komissiya üzvü vətəndaşların cavablarının gecikməsi ilə bağlı iddialara da münasibət bildirib. Bunu əks göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrindən müraciətlərin say çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması ilə əlaqələndirib:

“Bakıda iki komissiya fəaliyyət göstərir və hər komissiya həftədə 3 gün sənədləri qəbul edir. Bu komissiyaların hərəsinə təxminən 20-30 müəssisə təqdim edir. Sənədlər hər dəfə təqdim olunanda protokolda 70-90 insanın müraciəti olur. Məsələn, dünən sənədlərin qəbul günü idi və saat 12:00-dan 15:00-dək biz 6 müəssisədən 18 protokol qəbul etdik. Bu protokollarda 473 insanın sənədi var idi. Bu gün 15:00-dan 19:00-dək komissiya bu 473 insanın sənədini baxaraq, araşdırıb və uyğun olub-olmaması barədə qərar verəcək. Vətəndaşların narazılığını anlayırıq, lakin göndərilən müraciətlərin komisiya tərəfindən araşdırılması müəyyən qədər vaxt aparır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/iul63j

Ən çox baxılan