Kinorejissor deyir ki, Ukrayna Rusiyaya uduzsa, bu, ABŞ-nin sonu ola bilər

Şon Penn. Frippitaun/shutterstock

Şon Penn: “Bu müharibədə məğlubiyyətə yol verməməliyik”

Amerikalı aktyor, kinorejissor və ssenarist Şon Penn Rusiya-Ukrayna müharibəsi haqqında ekranlaşdırdığı “Supergüc” (“Superpower”) sənədli filminin Almaniyada təqdimatını keçirib.

Nümayişdən sonra rejissor Almaniyanın “BILD” nəşrinə müsahibəsində Ukraynadakı hərbi vəziyyətdən danışıb.

O, baş verənlərdən narahatlığını ifadə edib:

Görürəm ki, indiki ABŞ hökumətində Prezident Ruzveltin (Franklin-red) İkinci Dünya müharibəsindəki iradəsi, liderliyi və fədakarlığı yoxdur. Krım da daxil olmaqla, Ukrayna ərazilərinin hər qarışı uğrunda döyüşən ukraynalıların dözümlülüyünə inanıram. Bu müharibədə məğlubiyyətə yol verməməliyik”.

Hakimiyyətdə demokratların (Demokrat Partiyası, ABŞ) və ya respublikaçıların (Respublikaçılar Partiyası, ABŞ) olmasından asılı olmayaraq, bu, baş verməməlidir. Müharibəni uduzsaq, bu, ABŞ-nin sonu ola bilər”, – deyə o qeyd edib.

“Supergüc” (“Superpower”) filminin çəkilişlərinə 2021-ci ilin noyabrından başlanılıb.

Sənədli film Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyat haqqındadır.

“Supergüc” (“Superpower”) filminin premyerası 2023-cü ilin fevralında Berlin Beynəlxalq Film Festivalında olub.

Rusiya Ukraynaya qarşı müharibəyə 2022-ci il fevralın 24-də başlayıb.

Hərbi əməliyyatlar başlayandan bir gün sonra, fevralın 25-də Şon Penn Ukraynaya gedərək, ölkə Prezidenti Volodimir Zelenski, Baş nazirin müavini İrina Vereşuk, həmçinin bəzi yerli jurnalist və hərbçilərlə görüşmüşdü.

Şon Penn kinorejissor və aktyor olmaqla yanaşı, siyasi maraqları ilə də diqqət çəkir.

Onun 2002-ci ildə “The Washington Post” qəzetinə külli miqdarda pul ödəməklə Amerikanın o vaxtkı Prezidenti Corc Buşa açıq məktub yazdığı məlumdur.

Məktubda Amerika ordusunun İraqa girməsini və hökumətin siyasətini kəskin şəkildə tənqid edib.

Rejissor 2001-ci ilin 11 sentyabrında əkiz binalarda baş verən terrorla bağlı çəkilən filmin müəllifidir.

“1’9”01 September 11” filminə dünyanın müxtəlif ölkələrindən olan 11 rejissorun çəkdiyi on bir novella daxildir.

Hər rejissor 11 dəqiqədən ibarət qısametrajlı film lentə alıb.

Qısametrajlı filmlər birləşərək ümumilikdə bir tammetrajlı film kimi təqdim olunub.

Filmin ən qalmaqallı hissəsini məhz Şon Penn çəkib.

Onun qəhrəmanı əkiz göydələnlərin yaxınlığında yaşayan qoca dul kişidir.

Göydələnlərin uçmasından sonra qocanın evinə pəncərələrdən işıq düşür və birdən-birə dibçəkdəki bitkilər çiçəkləyir.

Əvvəllər göydələnlər günəş şüalarının qarşısını kəsirdi, indi isə otağa gözqamaşdıran günəş şüaları dolur, qoca sevincindən ağlayır.

Amerikalılar rejisssorun layihəsini anti-Amerika ovqatında çəkilmiş film hesab edərək onu tənqid etmişdilər.

Ana səhifəMədəniyyətKinorejissor deyir ki, Ukrayna Rusiyaya uduzsa, bu, ABŞ-nin sonu ola bilər