“Kavkazski uzel” Xankəndindən reportaj edib: “Adi alış-veriş ova çevrilib”

Foto: infoteka24.ru

Sakinlər ərzaq qıtlığından əziyyət çəkdiklərini deyirlər

“Stepanakert (ermənilər Xankəndini belə adlandırırlar – red.) mağazalarında əsas qida ərzaqlarını tapmaq müşkülə çevrilib, rəflərdə nadir halda süd və yumurta görmək mümkündür, əti isə hər ailə ala bilmir”, – yerli sakinlər “Kavkazski uzel”ə danışıb.

“Kavkazski uzel” yazır ki, azərbaycanlılar dekabrın 12-si Laçın dəhlizini blokadaya alıblar. Bu dəhliz “Dağlıq Qarabağ”ı xarici aləmlə əlaqələndirən yeganə yoldur. Blokada ərzaq qıtlığına səbəb olub. Yanvarın 8-i ərzaq qıtlığı ucbatından qondarma respublikanın hakimiyyəti uşaq bağçalarının işini dayandırmağı qərara alıb. Yanvarın 11-də 7 minə yaxın uşaq uşaq bağçasına və ibitidai məktəbə gedə bilməyib.

Sayt yazır ki, ərzaq qıtlığı həm də “Dağlıq Qarabağ”da talon sisteminin tətbiqinə gətirib çıxarıb. Birinci mərhələdə talonla günəbaxan yağı, makaron, düyü, qənd və qarabaşaq veriləcək. Sakinlər talonları yanvarın 17-dən ala, yanvarın 20-dən istifadə edə biləcəklər.

Məqalədə deyilir ki, “Dağlıq Qarabağ”dakı mağazalar dövlət ehtiyat fondundan ərzaq alıb – satışa qənd, yağ və makaron məhsulları verilib.

“Ərzaqlar hər kəsə əlçatan olsa da, məhdud sayda gətirilir, adambaşına bir kiloqram”, – yanvarın 11-də axşam regional informasiya qərargahından “Kavkazski uzel”ə xəbər veriblər.

Qərargahın əməkdaşı qeyd edib ki, qıtlıq fonunda mağazalarda növbələr yaranır. Yerli hakimiyyət ümid edir ki, talon sistemi sakinlər arasında ərzaqların proporsional şəkldə bölüşdürülməsini təmin etməkdə yardımçı olacaq. Məhsulların qiyməti üzərində nəzarət üçün nizamlama komissiyası yaradılıb. Bu komissiya həm paytaxtda, həm də rayonlarda hər gün bütün mağazaları və ticarət məntəqələrini yoxlayacaq. Alış-veriş nizamını “Dağlıq Qarabağın və Yaşayış Məsələləri üzrə Komitə”nin yaratdığı operativ qərargah işləyib hazırlayır.

“Yanvarın 20-dən talonla satışa beş növ ərzaq buraxılacaq: makaron, qarabaşaq, düyü, qənd və yağ”, – Yaşayış Məsələləri üzrə Komitənin rəhbəri Armen Manqasaryan qeyd edib. Onun dediyinə görə, hakimiyyət iki növ kağız talon buraxır: yaşından asılı olmayaraq, adambaşına ayda bir litr veriləcək yağa və yerdə qalan dörd növ ərzağa – onları ayda adambaşına bir kiloqram limitlə 500 qram porsiyalarla verəcəklər.

Yerli hakimiyyət talon sisteminin tətbiqi üçün icmalarda yaşayan insanların say hesabını aparır, əldə olunan məlumat xüsusi elektron bazaya yerləşdirilir. Ehtiyatda olan ərzaqın talonla verilməsi üçün xüsusi məntəqələr açılacaq.

“20 bu cür məntəqəni Stepanakertdə (Xankəndi) açmaq planlaşdırlır, hər rayon mərkəzində isə iki bu cür məntəqə istifadəyə veriləcək. Kənd sakinləri talonla ərzaqları öz mağazalarında ala biləcəklər. Talonla ərzaqlar pasport təqdim olunmaqla veriləcək; sistem blokada üzündən Dağlıq Qarabağda ilişib qalmış xariciləri də nəzərdə tutur”, – məmur qeyd edib.

“Mağazalarda qıtlıq səbəbindən növbələr yaranır, hərçənd əsas ərzaqları hələ ki piştaxtalarda tapmaq olmur”, – “Dağlıq Qarabağ” sakinləri deyirlər.

“Mağazalardakı satıcı qadınların üzündə uşaqlığımdan və gəncliyimdən xatırladığım ifadə yaranıb: onlar çarəsiz qalmış kişilərə mərhəmət dolu baxışlarla baxıb, sovet dövründəki kimi deyirlər: “Siqaret yoxdur. Nə vaxt olacağını da bilmirəm”, – Stepanakert (Xankəndi) sakini Lusine Petrosyan “Kavkazski uzel”in müxbirinə danışıb.

Onun dediyinə görə, mağazalarda əsas ərzaqlar yoxdur, lakin söz veriblər ki, tezliklə piştaxtalarda düyü, makaron, şəkər tozu, qarabaşaq və bitki yağı peyda olacaq – adambaşına bir kiloqram satmaq üçün. Satışda yerli istehsal olan pelmen tapmaq olar, onları da adambaşına bir kiloqram satırlar. “Evdə olan ehtiyatla yəqin ki, kifayət edər. Biz ehtiyat üçün ərzaq alanda adamların gülüş obyektinə çevrilmişdik, – indi onlar müşkülə düşüblər, gəlmələrə də çətindir”, – qadın deyib.

“Yanvarın 11-də Stepanakertdə (Xankəndi) əsas ərzaqlar olmayıb”, – yerli sakin Anna Akopyan söyləyir. Onun dediyinə görə, bir çox mağazada xama var, bəzilərində masun satılır, əvəzində süd və kəsmik üstündə adamlar az qala əlbəyaxa olurlar – həmin ərzaqları gündə bir dəfə müxtəlif zaman kəsiyində gətirirlər və onlar anındaca alınır. “Pendirlə yağı tapmaq mümkün deyil”, – o əlavə edib.

“Adamlar deyirlər ki, məsələn, makaron tapa biliblər, amma mən şəxsən ala bilməmişəm, halbuki mağazalara tez-tez gedirəm. Piştaxtalarda heç əvvəllər də o qədər çox satılmayan ərzaqlar qalıb: məsələn, bahalı zeytun yağı, funçoza, ekzotik souslar və ədviyyatlar. Satışda marinad və turşular var, amma bunu evdə özümüz də payızın ilk aylarında tədarük görürük. Üstəlik mürəbbə də bişiririk, odur ki, zavod istehsalı olanlara tələbat yoxdur, hərçənd həmin ərzaqları da artıq almağa başlayıblar”, – qadın “Kavkazski uzel”in müxbirinə danışıb.
Akopyanın dediyinə görə, yumurta yaman defisit olub, ondan ötrü uzun növbələr əmələ gəlib. Özü yaxın günlərdə düz iki saat növbədə dayanıb ki, on ədəd yumurta alsın. Şəhərdə süd maşını peyda olub, amma o da eyni saatda gəlmir, odur ki, adamlar südün hara və nə vaxt aparıldığını bilmir.

“Birdən bəxtimiz gətirib onunla qarşılaşsaq, özümüzlə qabımız olmalıdır. Adi alış-veriş ova çevrilib. Müxtəlif rayonlarda yaşayan tanışlarımızla daima əlaqədə olmalıyıq ki, harada hansı ərzağın satıldığını bilək. Məsələn, ərzaq almaq üçün durub şəhərin o başına gedə bilərik, amma bu heç də istədiyimiz ərzağı ala biləcəyimiz anlamına gəlmir, çünki hər şey anındaca yoxa çıxır”, – Anna sözünü bitirdi.

Şəhərin mərkəzi bazarında, qadınların kökə və jenqyalov xas – göyərtili kökə satdığı yerdə assortiment dəyişib. Stepanakert (Xankəndi) sakini Liana Movesyanın dediyinə görə, kartof qıtlığı səbəbindən qadınlar indi kökəni nutla hazırlayırlar. Yerli istehsal olan nutu hələ ki mağazalarda və bazarda almaq olur. Kurkutu (buğda yarması) həmçinin. “Hələ ki jenqyalov xas var, hərçənd indi tərkibində 17 növ göyərti əvəzinə yeddisi var”, – o deyib.

Satışda toyuq var, belə ki, Qarabağda yerli quş fabriki fəaliyyət göstərir.

“Əsas odur ki, toyuq üçün kombinə edilmiş yem olsun – o zaman fabrik işləyə biləcək. Mal və donuz ətini həmçinin bazarda və mağazada almaq mümkündür, lakin heç də hər kəs hər dəfə onu almaq iqtidarında deyil. Üstəlik nəzərə almaq lazımdır ki, tərəvəz qıtlığı fonunda onun istifadəsi artıb. Tərəvəz – kartof, soğan – indi təkcə qohumları kənddə yaşayanların rasionuna daxildir”, – Liana “Kavkazski uzel”in müxbirinə deyib.
Qadın əlavə edib ki, mağazalarda tədricən konfetlər və digər şirniyyatlar yoxa çıxır – rəflərdə təkcə hədiyyə qutularına rast gəlmək olar.

Sayt yazır ki, Stepanakert (Xankəndi) sakini Narine Karapetyan öz şəxsi çörəkxanasında çörək bişirir və işçiləri həmin çörəkləri müxtəlif mağazalara paylayır. Onun müəssisəsi hələ fəaiyyət göstərə bilir – unu çörəkxanalara sakinlərin çörəklə təmin olunması üçün hökumət verir.

“Bu gün (yanvarın 11-i) 20 kisə un, duz, maya aldıq, bu ərzaq iki günə çatacaq. Çörəkxanamız böyük deyil. Bizə dedilər ki, unla bağlı problem olmayacaq”, – Narine “Kavkazski uzel”in müxbirinə deyib.
Karapetyan ailəsinin balaca bostanı olan şəxsi evi var. Onlar hər gün yığdıqları məhsuladan ev şəraitində konserv hazırlayırlar.

“Bu səbəbdən bizim hələ yeməyə nəyimizsə var, amma mən şəxsən bir çox ailə tanıyıram ki, əməlli-başlı müşkülə düşüb. Məsələn, işçilərim çox pis vəziyyətdədirlər: birinin əri işsiz qalıb, o sürücüdür, blokada üzündən Stepanakert-Yerevan reyslərini gerçəkləşdirə bilmir. Digərinin əri maşın təmiri ilə məşğuldur, amma Ermənistandan ehtiyat hissələri gətirmək olmur, o da işsiz oturub. İşçilərim ailələrini saxlaya biləcək qədər qazanmır: bircə ət almaq mümkündür, o da gündəlik tələbatda həddən artıq baha başa gəlir”, – qadın əlavə edib.

Ana səhifəReportaj“Kavkazski uzel” Xankəndindən reportaj edib: “Adi alış-veriş ova çevrilib”