Kartof sahələri susuzluqdan cadar-cadar olub

Cəlilabadlı kəndli 400 kilo kartof əkib, ancaq suvara bimir

Source:


Cəlilabadlı kəndli 400 kilo kartof əkib, ancaq suvara bimir

“400 kilo kartof əkdim, hamısı çürüyür. Məhsul götürə bilmirəm. Çünki bircə dəfə də olsun sahəni suvara bilmirəm”.

Cəlilabadın Ocaqlı kənd sakini Mirzə Qulamov göz dikdiyi kartof sahəsindən məhsul götürə bilməyəcək. Səbəb əkin sahəsini vaxtlı-vaxtında suvara bilməməsidir. Onun sözlərinə görə, əkin sahələrinin əsas su mənbəyi olan kanalda su quruyub. Dərd odur ki, belə hallarda sahələrin suvarılması üçün alternativ vasitələr yoxdur.

Kartof kolları məhv olub

Kəndli danışır:

“Bu tərəflərin əkin sahələrinin su mənbəyi Araz çayıdır. O çaydan Cənub Muğan Maşın Qolu Kanalı vastəsi ilə buraxılır. Yazlıq kartof sahələri indiyədək bir neçə dəfə suvarılmalı idi. Kanalda su quruyub. Çoxunun kartof kolları məhv olub. Söhbət hektarlarla əkin sahələrindən gedir. Görün insanlar nə qədər zərərə düşüb…”

Kəndlilər bu il kartof sahələrini genişləndirmək fikrində olublar. Hətta bunun üçün torpaq sahəsini münbit vəziyyətə gətiriblər. Ancaq xeyli xammalın məhv olması, necə deyərlər, gözlərini qorxudub.



Alternativ su mənbəyi lazımdır

Kənd sakini Elvin Sülemanov da məhsuldan əlini üzüb:

“Ordan-burdan borc-xərclə torpağı əmələ gətiririk, kartof alırıq, əkirik, ancaq həftələrlə suvara bilmirik. Hökumət bunu nəzərə almalıdır¸ kəndin əkin sahələrinə alternativ su mənbəyi qoşmalıdılar. Bu kanalda su quruyanda başqa mənbədən su götürək. Bundan sonra havalar isinəcək, yenə susuz qalacağıq. Hökumət nümayəndələrinin də bir bəhanəsi var – isti vurdu, suyu buxarlandırdı. Kəndlilər belə nağıllardan cana doyub. Biz əkinin-biçinin hayındayıq, nağıl dinləmək həvəsində deyilik. Suyu həll eləsinlər, sahələrimizi suvaraq, məhsulumuzu bazara çəkək, çörəyimizi qazanaq, hərənin bir çətən külfəti var”.

Aprelin sonu sahələrdən məhsul yığımı vaxtıdır. Kəndlilər və fermerlər sahələrin suvarılması üçün dəfələrlə yerli icra hakimiyyətinə və Suvarma Sistemləri İdarəsinə müraciət etdiklərini bildirirlər. Ancaq hər hansı tədbir görülməyib. Onların deməsinə görə, normal suvarma olmadığından məhsuldarlıq da əvvəlkindən bir neçə dəfə aşağı olacaq.

Eyni durum rayonun daha bir neçə kəndində var. Məsələn, Sabirabad kənd sakini Nizami Orucov problemi qismən həll etmək üçün özü sahənin bir neçə yerində əl quyuları qazıb ki, həmin quyuların suyu ilə sahəni suvarsın. Ancaq bu da fayda verməyib. Onun əkdiyi 250 kilo kartofun kövrək kolları susuzluqdan yanaraq məhv olub.

Kənddə tonlarla kartof sahəsi əkilən sahələr var. Ən böyük zərər həmin sahələrin sahiblərinə dəyir.



Rəsmi qurum: “Tədbir görülür”

Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, kəndlilərin narahatlığından xəbərdardırlar və məsələni müvafiq qurumlar qarşısında dəfələrlə qaldırıblar:

“Suvarma Sistemləri İdarəsindən deyirlər, kanalda suyun qurumasına səbəb Araz çayındakı kəskin azalma ilə əlaqədardır. Ancaq bununla belə, idarə akternativ yollar düşünür. Məsələn, qərara alınıb ki, qonşu rayonlarda suvarma işində növbəlilik yaradılsın, suyun bir hissəsi Cəlilabaddakı kanallara buraxılsın”.

Qurumdan bildirilib ki, artıq bu prosesə başlanılıb. Kənd sakinləri isə qurumun dediklərini yalanlayıblar.

Ana səhifəReportajKartof sahələri susuzluqdan cadar-cadar olub