Karapetyan seçki kampaniyası zamanı onu “təhqir etdiyinə” görə Paşinyanı məhkəməyə verib

Samvel Karapetyan. Foto: Şəxsi arxivi

Rus-erməni maqnatı və müxalifət lideri Samvel Karapetyan Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı məhkəmə iddiası qaldırıb. O, seçkiqabağı kampaniya zamanı onu “təhqir etdiyinə” görə Paşinyanın açıq şəkildə üzr istəməsini və 3 milyon dram (8 300 dollar) təzminat ödəməsini tələb edir.

OC Media yazır ki, “Güclü Ermənistan” partiyasına rəhbərlik edən və iyunda keçirilən parlament seçkilərində Paşinyanın rəqibləri arasında sorğularda ən yüksək göstəriciyə malik olan Karapetyan iddianı çərşənbə günü qaldırıb.

Məhkəmə iddiası Paşinyanın parlament seçkiləri kampaniyası zamanı, mayın 29-da Karapetyan haqqında səsləndirdiyi iddia olunan bəyanatla bağlıdır. Karapetyan məhkəmədən Paşinyanın həmin gün ictimai çıxışı zamanı onun barəsində “təhqiredici ifadələr səsləndirdiyinə görə” rəsmi “Facebook” səhifəsində canlı yayım vasitəsilə üzr istəməsini tələb edib.

Lakin Ermənistanın məhkəmə informasiya sistemi vasitəsilə əlçatan olan iddia ərizəsində söhbətin konkret olaraq hansı ifadədən getdiyi göstərilmir. Seçkiqabağı kampaniya boyunca Paşinyan, Karapetyan və digər əsas müxalifət nümayəndələri mütəmadi olaraq bir-birinin ünvanına sərt ifadələr və təhqirlər səsləndiriblər. Məsələn, Paşinyan müxalifəti “müharibənin üçbaşlı casus partiyası” adlandırıb, müxalifət isə dəfələrlə Paşinyanın “300 min azərbaycanlının” Ermənistanda məskunlaşmasına icazə verəcəyini iddia edib.

Ermənistanın Mülki Məcəlləsinə əsasən, “şərəfi, ləyaqəti və ya işgüzar nüfuzu təhqir və ya böhtan yolu ilə ləkələnmiş” şəxs hüquqlarının bərpası üçün məhkəməyə müraciət edə bilər. Qanunda “təhqir” “nitq, təsvir, səs, işarə və ya digər vasitələrlə şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələmək məqsədilə verilmiş açıq bəyanat” kimi təsvir olunur.

Karapetyan həmçinin məhkəmədən tələb edib ki, Paşinyan üzrxahlığı yalnız məhkəmənin təsdiq etdiyi mətn əsasında səsləndirsin və nə Paşinyan, nə də hər hansı üçüncü şəxs həmin mətnə heç bir əlavə və ya şərh verməsin.

Karapetyan üzrxahlıqla yanaşı, 3 milyon dram (8 300 dollar) məbləğində təzminat, eləcə də dövlət rüsumu və “ağlabatan” vəkil haqları daxil olmaqla məhkəmə xərclərinin ödənilməsini tələb edir.

Bu iddia Karapetyanın seçki kampaniyasından əvvəl və kampaniya dövründə hakim “Mülki Müqavilə” partiyasının nümayəndələrinə qarşı iddia edilən təhqir və ya böhtanla bağlı qaldırdığı bir neçə məhkəmə işindən biridir. Onun iddia qaldırdığı şəxslər arasında parlamentin keçmiş sədri və hazırda Təhlükəsizlik Şurasının katibi olan Alen Simonyan da var.

Paşinyan isə may ayından bəri Karapetyana qarşı iki məhkəmə iddiası qaldırıb. İlk iş Karapetyanın Paşinyanın ictimai çıxışlardan əvvəl Çindən gətirilmiş hallüsinogen göbələklər qəbul etdiyinə dair ittihamları ilə bağlı olub.

“Təbii ki, mən [Karapetyanı] məhkəməyə verəcəyəm və sözün hüquqi mənasında [Karapetyana] bir ton hallüsinogen göbələk yedirdəcəyəm. Sərt ifadəmə görə üzr istəyirəm, amma hər şeyin bir həddi var”, – Paşinyan may ayında deyib.

Ermənistanın Baş naziri 6 milyon dram (16 300 dollar) məbləğində təzminat, həmçinin Karapetyandan rəsmi təkzib və üzrxahlıq tələb edib.

Paşinyan ikinci məhkəmə iddiasını iyunun 10-da Karapetyanın Baş nazirin Kanadada evi olduğu barədə iddiasına görə qaldırıb. O, bu dəfə də üzrxahlıq və 6 milyon dram (16 300 dollar) təzminat tələb edib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərKarapetyan seçki kampaniyası zamanı onu “təhqir etdiyinə” görə Paşinyanı məhkəməyə verib