Kamal Abdullaya yarınmaq

Siz bu qədərmi balaca, məzlum, yazıq imişsiniz?

Source:

Professor Rəhman Bədəlov yazıçı, Slavyan Universitetin keçmiş rektoru, hazırda Azərbaycan Respublmkasının  Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü  Kamal Abdulla barədə uzun bir tərifnamə yazıb. Bu tərifnaməni gənclərin tribunası kimi tanınan Kultura.az saytında dərc etdirmək istəyib. Sayt rəhbərliyi tərifnamə, yarınma, tamada tərifi tipli yazıları dərc etməyi doğru hesab etmədiyindən, Rəhman müəllimin yazısını sayta yerləşdirməyiblər. Cavab olaraq, Rəhman müəllim adının Kultura.az-ın yazarları siyahısından çıxarılmasını tələb edib.

Rəhman müəllimə hər zaman böyük hörmətim olub. Tək özüm deyil, dostlarım, çevrəm, yaxın tanışlarım – hamısı professor Rəhman Bədəlov barədə sayğı, ehtiramla danışıblar. Səbəbi, Rəhman müəllimi ciddi, sanballı elm adamı kimi tanımaqla yanaşı, həm də onun gənclərin dostu olmağıdır. Mənsub olduğu ziyalı nəslin başqa üzvləri kimi gənclərlə düşmən kəsilməməyi, yeni, fərqli fikrə düşmən mövqe tutmamağı, vətəndaş mövqeyi, prinsipiallığı – çox şeylər bizi ona hörmət və ehtiram bəsləməyə məcbur edib.

Şəxsən mən Rəhman müəllimi həm də bir yazıçı kimi tanıyır və rəğbət bəsləyirəm. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin həyat və fəaliyyəti barədə yazdığı «Zərdablı adam» əsəri həm tarixi yansıtma, həm də bədiilik baxımından olduqca qiymətli əsərdir. Amma çox təəssüf ki, əksər azərbaycanlıların bir bəlası var ki, pərəstiş etdikləri, heyran olduqları tarixi şəxsiyyətlərin həyatlarına oxşar bir həyat yaşamaq barədə qətiyyən və qətiyyən düşünmürlər, bu fikri özlərinə yaxın buraxmırlar, buraxmaq da istəmirlər.

Bu mənada ölkə əsl dəlixanadır. Solçular var ki, tarixi idealları dağlarda, meşələrdə köhnə, cırıq pal-paltarda partizanlıq edən Çe Gevaradır, amma özləri şəhərin ən bahalı kafelirndə oturub, ən qlamur yeməklərini yeyir, brend geyinir, komfort həyat tərzi keçirirlər. Gəlir-çıxarını çox yaxşı bilən, dəqiq hesablamalar aparan, bircə qəpiyindən keçməyən deputat deyir ki, mən dərvişlərin həyat tərzini sevirəm. Baş nazirin müavini, yüz doxsan səkkiz yaşında hələ də kürsüsünü əldən vermək istəməyən  Elçin Əfəndiyev 37 yaşında dünyasını dəyişmiş Tomas Vulf barədə «mənim dostum Tomas Vulf» ifadəsini işlədir. Qorxaqlığından illərlə Anarın arxasında gizlənib, illərdir ev, təqaüd, vəzifə arzusuna qalib gələ bilməyən, bu qorxusuna görə dəfələrlə həqiqəti hulqumundan o tərəfə ötürən şair deyir ki, mənim idealım İosif Brodskidir. Bu ölkədə adamlar nəinki öz dostlarına, ailələrinə, yaxınlarına,  müasirlərinə, hətta tarixi şəxsiyyətlərə, tarixə qarşı da saxta, yalançıdırlar.

Dəyərli professorun yazıçı kimi tanınan Kamal Abdulla barədə mədhiyyə yazdığını, daha doğrusu, yazılan mədhiyyəyə şərik çıxdığını eşidəndə, sadəcə şoka düşdüm. Gəlin, bir anlıq hər şeyi qoyaq kənara. Yuxarıda yazdıqlarımı da unudun. Hətta təsəvvür edək ki, Kamal Abdulla doğrudan da çox yaxşı yazıçı, gözəl insan, nümunəvi ata, mehriban rəhbər, dahi dramaturq, məşhur dissident, fəal bloqqer, ümidverici aktivist və daha nə bilim, kimdir. Gəlin, bir anlıq bunları qəbul edək, razılaşaq və gerisini düşünək. Axı yetmiş yaşında adam, təvazökar ziyalı, gəncliyin dostu professor (qoy, o lap Rəhman Bədəlov olsun) qılıncının dalı da, qabağı da kəsən yüksək çinli məmur barədə niyə tərif yazmalıdır? Tutaq ki, lap yazdıqları həqiqətdir. Lap elə hər şey yazdığı kimidir. Professor bunu niyə yazmalıdır ki? Ziyalı niyə «çinovnik» barədə tərif yazmalıdır axı? Yüksək çinli məmur barədə tərif yazan bir professorla, baş redaktorunun statusunu bəyənən yaltaq müxbir, rəisinə qapı açan polis nəfəri, müdiri gülümsəyəndə gülümsəyən, müdirin qanı qara olanda qanı qaralan jek işçisi arasında fərq nədir?

İkincisi, Kamal Abdullanın istər insan, istər yazıçı kimi hansı keyfiyyətləri var ki, o keyfiyyətlər məsələn, gənc yazıçı Mirmehdi Ağaoğluda yoxdur? Əgər ortada başqa maraq yoxdusa, əgər illah da ki, kiminsə yaradıcılığını, şəxsiyyətini tərifləməyə ehtiyac varsa, professor niyə götürüb, gənc yazarlardan birinin yaradıcılığına, şəxsiyyətinə yazı həsr eləmir?

Bu nədir, nə deməkdir axı, hörmətli Sovet ziyalıları? Siz hamınız özünüzü biabır eləmədən ölməmək üçün andmı içmisiniz? And içmisiniz ki, heç biriniz sınmadan, əyilmədən, yarınmadan, kiminsə qılıncının altından keçmədən ölməyəcəksiz? And içmisiniz ki, illərlə qazandığınız hörməti, ehtiramı, rəğbəti bircə anın içində hansısa varlı, vəzifəli «çinovnik»in bağ evindəki qonaqlığa dəyişəcəksiz? Bir çinovniklə oturub-durmaq, onun dostu olmaq, məclislərində oturmaq bu qədərmi eqonuzu sığallayır?! Siz bu qədərmi balaca, məzlum, yazıq imişsiniz?

Yazdıqlarım sərt oldusa, üzr istəyirəm, amma bunun başqa adı yoxdur, Rəhman müəllim. Əgər  yazıçı, filosof, ziyalı şöhrət, nüfuz, yaş, sosial status baxımından özündən aşağı adam barədə tərif yazırsa, bunun adı jestdir, dəstəkdir. Əgər yazıçı, filosof, ziyalı nüfuz, vəzifə, sosial status baxımından özündən yuxarıda dayanan adam barədə tərif yazırsa, bunun adı mədhiyyədir.

Ana səhifəMənim FikrimcəKamal Abdullaya yarınmaq