“Kalmar oyunu” ilin ən yaxşı serialı seçilib

Foto: https://variety.com/

Film sentyabrdan “Netflix”də yayımlanmağa başlayıb

Qısa müddətdə dünyada məşhurlaşan “Kalmar oyunu” (“Squid Game”) ilin ən yaxşı serialı seçilib.
Amerikanın “Gotham Awards” müstəqil kino mükafatının siyahısında bu mini film də var.

Cənubi koreyalı rejissor Hvan Don-hekin ekranlaşdırdığı serial 40 dəqiqədən uzun çəkən epizodlar kateqoriyasında mükafatlandırılıb.

“Kalmar oyunu” “Netflix”də bu il sentyabrın 17-də yayımlanmağa başlayıb.

Serialın qəhramanları uşaq oyunlarının ölümcül təhlükəli versiyasında böyük mükafat məbləği uğrunda mübarizə aparırlar.

Hadisələr Cənubi Koreyanın hər yerindən yüzlərlə marginalların gətirildiyi, adı açıqlanmayan adadakı nəhəng gizli kompleksdə baş verir.

Serialın qəhrəmanları öz istəkləri ilə uşaq oyunlarının ölümcül versiyalarında 45,6 milyard von, yəni 38 milyon dollar məbləğində mükafat uğrunda mübarizə aparırlar.

Sonda bir nəfər sağ qalır və 38 milyon dolların sahibi olur.

Yeri gəlmişkən, bir neçə gün öncə Şimali Koreya sakininə Cənubi Koreya istehsalı olan “Kalmar oyunu” (“Squid game”) serialını qaçalmalçılıq yolu ilə ölkə ərazisinə keçirdiyinə görə güllələnmə hökmü verilib.

Tələbə Çindən ölkəsinə qayıdarkən gizli USB fləş-kartda “Kalmar oyunu”nun rəqəmsal nüsxəsini gətirib. Sonra da nüsxəni dost-tanışına, sinif yoldaşlarına verib. Buna görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Gəncdən serialın nüsxəsini alan digər tələbələrə ömürlük həbs cəzası verilib. Serialı izləyən digər altı tələbəyə beş il müddətinə katorqa işləri cəzası verilib.

2021-ci ilin əvvəlindən Şimali Koreyada Cənubi Koreya və Qərbdən film, şou və serialların gətirilməsi qadağan edilib.

Qanuna görə qadağanı pozanlara ölüm hökmü verilir.

“Gotham Awards” müstəqil kino mükafatı 1991-ci ildə təsis edilib.

Ana səhifəMədəniyyət“Kalmar oyunu” ilin ən yaxşı serialı seçilib