“Jurnalistə qarşı təhqiramiz ifadələrin işlədilməsi yolverilməzdir”

Çingiz Abdullayev, foto: şəxsi facebook

Çingiz Abdullayevin jurnalistə cavabı media təmsilçiləri tərəfindən tənqid olundu

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayı ətrafında qalmaqal səngimir.

Oktyabrın 26-da keçirilən qurultayda “BakuTV”-nin əməkdaşı Birliyin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayevə “Qurultayın keçirilməsinə 203 min manatın ayrıldığı söylənilir. Burda 203 minlik nəsə var idi?“, – sualını ünvanlayıb.

Sualdan qəzəblənən yazıçı jurnalistə sərt cavab verib: “Bu qədər adama bilet almışıq. Buranın icarə haqqını ödəmişik. Qonaqları mehmanxanaya yerləşdirmişik, kitab çap eləmişik. Bəs siz bilmirsiniz ki, bunlar xərc tələb edir? Biz daha çox xərcləmişik. Ölüb-utanmırsan, xalq yazıçısıdan soruşursan pullar hanı?”

Rəşad Məcid

Mətbuat Şurasının sədri Rəşad Məcid “Bakupost”a məsələni şərh edərkən, “Jurnalist sualı ittiham kimi verəndə elə də cavab almalı idi”, – deyib.

“Sakit vaxt olan kimi orda xırda mikrofonu yazıçının, alimin ağzına soxan “jurnalistlər”ə münasibətimi bildirəcəyəm. Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”, – deyə Mətbuat Şurasının sədri əlavə edib.
Baş verənlər cəmiyyətdə də birmənalı qarşılanmayıb.

Jurnalistlər, yazıçılar, ictimai şəxslər bununla bağlı fikirlərini bildiriblər.

“Jurnalistin davranışı qeyri-peşəkar idi. Bu sualı daha aydın, daha konkret şəkildə qoymaq lazım idi. Bununla belə, məsələyə birtərəfli yanaşmamalıyıq. Fikrimcə, burada Yazıçılar İttifaqının təmsilçisinin davranışı ilə jurnalistin davranışı arasında heç bir fərq yox idi”,- “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Meydan TV-yə açıqlamasında deyib:

“Hər ikisi də eyni dərəcədə qeyri-peşəkar və məncə, kobud formada bu səhnədə iştirak edirlər. Əgər jurnalistlər prezidentdən büdcə vəsaitini nə cür, hara xərclədiyini soruşurlarsa, AYB rəsmisinə də bu sualı verməkləri normaldır. Niyə jurnalistin büdcədən xərclənən bir vəsaitin, nə cür xərcləndiyini soruşmaq ixtiyarı olmasın? “Utanıb-ölmürsən”, – kimi ifadələr media ilə ünsiyyət dili deyil. İstənilən halda, jurnalist nə cür davranır-davransın, o, media təmsilçisidir. Sən onu o cür qəbul etməlisən”.

Alya Yaqublu

Jurnalist Alya Yaqublu Mətbuat Şurasının sədri Rəşad Məcidin söylədiyi fikirlərin doğru olmadığı qənaətindədir.

O, Meydan TV-yə jurnalistə bu şəkildə yanaşmanı son dərəcə yanlış hesab etdiyini deyib:

“Sualı bəyənə və ya bəyənməyə bilərsiz. Amma bunu şərəf və ləyaqət məsələsinə toxunacaq şəkildə şərh etmək son dərəcə yanlışdır. Üstəlik, bunu Mətbuat Şurasına sədr seçilmiş, daha doğrusu, sədr təyin edilmiş bir adamın dilindən eşitmək, çox kədərlidir. Rəşad Məcidin ritorikası kolxoz sədridir, yanaşma tərzi isə əsl polis rəisi kimidir. Mətbuat Şurası məhkəmə deyil ki, jurnalisti peşə fəaliyyətinə görə cəzalndırsın. Məsələyə etika çərçivəsində rəy bildirmək lazımdır”.

Alya Yaqublu jurnalistin büdcə ilə bağlı sualını müsbət hal hesab edir:

“Azərbaycan korrupsiyaçı sistemlə idarə olunan bir ölkədir. Azərbaycan jurnalistlərinin də əsas sualı budur: pullar hara xərclənir? Azərbaycana gələn milyardlarla neft və ya qeyri-neft pulları hara xərclənir? İlham Əliyev toxunulmazdır, hakimiyyət toxunulmazdır, ailə toxunulmazdır. Artıq AYB də, Çingiz Abdullayev də toxunulmazdır. Niyə? Bunu şiddətlə qınayıram”.

Elçin Şıxlı

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” nəşrinin baş redaktoru Elçin Şıxlının fikrincə, Çingiz Abdullayev jurnalistə cavabında kobudluğa yol verməməli idi:

“Jurnalistin sualını eşitməmişəm. Çingiz Abdullayevin cavabına əsasən, belə başa düşürəm ki, qurultayın keçirilməsi üçün ayrılan vəsaitin nəyə və necə xərcləndiyi barədə sual verilib. Jurnalistin sualı nə formada verdiyini bilmirəm. Ola bilsin, jurnalistin üz ifadəsi Çingiz Abdullayevə xoş gəlməyib. Deyə bilmərəm. Amma jurnalistin işi sual verməkdir. Jurnalistin sualı düzgün formada verməsini müzakirə etmək olar. Hər halda Çingiz Abdullayev elə cavab verməməli idi”.

“Jurnalistin sual verərkən, peşəkar baxımdan müəyyən davranış problemləri olub. Əslində, onun verdiyi sual yazılı soğru predmeti idi”, – Media huquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə deyir:

“Jurnalist daha peşəkar, öncədən hazırlıqlı ola bilərdi. “Qurultayın keçirilməsi üçün 203 min manat vəsaitin ayrıldığı söylənilir”, – yox, konkret sual qoyulmalı idi – Mədəniyyət Nazirliyi 12 oktyabrda açıqlayıb ki, AYB-yə 203, 6 min manat pul ayrılıb. Jurnalist sorğunu verərkən, konkret nəyə istinad etdiyini bilməlidir. “Deyirlər ki”, – ilə sual verilməməlidir”.

Ekspert əlavə edir ki, jurnalist sual verərkən qərəzli mövqedə olmamalıdır:

“”Burada 203 minlik nə var?” – deyə yox, “203 min manat bu tip qurultayın idarə olunması üçün yetərli idimi?“, – kimi daha tərəfsiz sual verə bilərdi. Bunu jurnalistin təcrübəsizliyi kimi qəbul edə bilərik. Lakin Çingiz Abdullayevin şəxsiyyətə yönəlmiş davranışı yolverilməzdir. Jurnalistin sorğuladığı ictimai informasiyadır, bu tip suallar verilə bilər. Çingiz Abdullayev daha uyğun dillə cavab verməli, bunu qarşısındakının şəxsiyyətinə toxunmadan etməliydi”.

Hüquqşünas deyir ki, jurnalistin sualına qanunvericiliyə uyğun şəkildə, nəzakətlə cavab verməyən tərəf məsuliyyət daşıya bilir.

“Jurnalistin informasiya sorğusuna qarşı belə adekvat olmayan reaksiyalara görə həmin şəxslərə xəbərdarlıq edilməlidir. Hətta onlara bu tip hadisələrin dayandırılmasını tələb etməlidirlər. Jurnalistə qarşı təhqiramiz ifadələrin işlədilməsi yolverilməzdir”.

AYB-nin qurultayının 2022-ci il sentyabrın 30-da keçirilməsi planlaşdırılsa da, daha sonra təxirə salınmışdı.
AYB sədri, Xalq yazıçısı Anar Rzayev qurultayın gecikməsini maliyyə çatışmazlığı ilə izah etmiş, hətta tədbirin təşkili üçün kredit götürüldüyünü bildirmişdi.

Sədr qurultayın keçirilməsi üçün daha sonra ölkə rəhbərliyinə də müraciət etmişdi.

Nəticədə dövlət tərəfindən Mədəniyyət Nazirliyi vasitəsilə AYB-nin hesabına 203,6 min manat köçürülmüşdü.
Qurultay 2022-ci il oktyabrın 26-da keçirildi və Xalq yazıçısı Anar növbəti dəfə Birliyinin sədri seçildi.

Seçki üçün şairlər Emil Rasimoğlu və Fuad Cəfərlinin namizədliyi səsə qoyulmadı. Buna səbəb qurultay iştirakçılarının Anarı dəstəkləməsi oldu. Emil Rasimoğlu və Fuad Cəfərli namizədliklərinin səsə qoyulmamasına etiraz edib, nəticədə mübahisə düşüb.

Ana səhifəXəbərlər“Jurnalistə qarşı təhqiramiz ifadələrin işlədilməsi yolverilməzdir”