Nurlan Qəhrəmanlı qadağan olunmuş informasiyanı yaymaqda ittiham edilib
Sentyabrın 21-də günorta saatlarında Sumqayıtda yaşadığı evdən aparılan jurnalist Nurlan Qəhrəmanlıya (Libre) 30 sutka inzibati həbs cəzası verilib.
Bu barədə saat 18.00 radələrində Yasamal Rayon Məhkəməsində qərar çıxarılıb.
Hakim Hüseyn Səfərovun çıxardığı qərara əsasən, Nurlan Qəhrəmanlı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə cəzalandırılıb.
Jurnalistin həyat yoldaşı Əsli Qəhrəmanlı bildirib ki, Nurlan Qəhrəmanlını evlərinə gələn mülki geyimli şəxslər zorla götürüb aparıblar.
Onlar jurnalisti hara apardıqları haqda da heç bir məlumat verməyiblər.
Sonradan məlum olub ki, jurnalist öncə Sumqayıt Şəhər Polis İdarəsinə aparılıb.
Oradan isə Bakıya – Baş Proкurorluğa gətirilib.
Sosial media hesabındakı paylaşımlarına görə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İşlər İdarəsində Nurlan Qəhrəmanlı haqqında protokol tərtib olunub.
Ardınca isə o, Yasamal Rayon Məhkəməsinə gətirilib.
Məhkəmədə hakim qarşısına çıxarılarkən jurnalistin üzərində çoxsaylı xəsarətlər olub.
Nurlan Qəhrəmanlı saxlanılarkən və ondan sonra işgəncəyə məruz qaldığını bildirib.
Onun sözlərinə görə, prokurorun gözü qarşısında döyülüb və buna heç bir reaksiya verilməyib.
Yaxınları onun hara aparıldığını bilmir
Jurnalist Nurlan Qəhrəmanlının (Libre) saxlanıldığı bildirilir. Yaxınlarının verdiyi məlumata görə, sentyabrın 21-də saat 12.00 radələrində onun yaşadığı evə bir neçə nəfər mülki geyimli şəxs gəlib. Onların Nurlan Qəhrəmanlını hara apardığı barədə heç bir məlumat verilməyib.
Sosial media hesabında müharibə əleyhinə paylaşımlar yayan Nurlan Qəhrəmanlı sentyabrın 13-də Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırıldığını, orada hədələndiyini bildirmişdi.
Onun sözlərinə görə, müharibə əleyhinə paylaşımları dayandırmaq tələb olunmuşdu:
“Tələb edirdilər ki, müharibə əleyhinə heç nə yazmayım”.
Jurnalist təhdidlərlə əlaqədar məhkəməyə müraciət edəcəyini də bildirmişdi.
Sentyabrın 20-də Azərbaycanda müharibə əleyhdarı olan bir neçə ictimai fəal həbs olunub. Onların arasında Əmrah Təhməzov, Emin İbrahimov, Afiəddin Məmmədov, Nemət Abbasov da var.