Jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstanda saxlanılıb. Mayın 30-u o, Azərbaycana gətirilib.
Vəkili Elçin Sadıqovun deməsinə görə, jurnalist döyüldüyünü bildirir. Onun üz nahiyəsində xəsarət izləri var. Üstəlik, o nəfəs almaqda çətinlik çəkir. Qabırğalarının sındırıldığını düşünür. Vəkil deyib ki, Ə.Muxtarlı saxlandıqdan sonra cibinə 10 min avro pul da atılıb.
“Cinayət Məcəlləsinin 315.2, 318.1 və 206.1 maddələri ilə ittiham edilir. Yəni, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə, sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham edilir. Onu şübhəli şəxs qismində saxladılar”, – deyə mayın 30-u axşam saatlarında jurnalistlə görüşən vəkil bildirmişdi.
Mayın 31-i Səbail Rayon Məhkəməsi jurnalist Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Jurnalisti 7 ilə qədər həbs cəzası gözləyir.
Ancaq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyib ki, Ə.Muxtarlı Azərbaycan sərhədini qanunsuz keçərkən saxlanıb. O saxlanarkən üzərindən küllü miqdarda pul tapılıb. E.Sultanovun həmçinin deməsinə görə, Ə.Muxtarlı saxlanarkən hüquq -mühafizə əməkdaşlarına müqavimət göstərib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.