”Nicat Əmiraslanov işgəncəyə məruz qalıb, bütün dişləri tökülüb”

Vəkil: ”Hakimin köməkçisi ona zorla şikayətdən imtina ərizəsi yazdırırdı”

Source:
Nicat Əmiraslanov
Nicat Əmiraslanov


Vəkil: ”Hakimin köməkçisi ona zorla şikayətdən imtina ərizəsi yazdırırdı”

 Qazax Rayon Polis Şöbəsində saxlanan jurnalist Nicat Əmiraslanov işgəncələrə məruz qalıb. Onun bütün dişləri tökülüb. Bu barədə məlumatı onun vəkili Eçin Sadıqov və araşdırmaçı jurnalist Xədicə İsmayılova yayıb.

İyunun 3-də Gəncə Apelyasiya Məhkəməsində Nicat Əmiraslanovun 30 sutkalıq həbs cəzasından verilən apelyasiya şikayətinə baxılıb. Vəkilin sözlərinə görə, proses başlamazdan öncə hakimin katibi jurnalistə zorla ərizə yazdırıb:

“Məhkəmə başlamazdan əvvəl biz zala daxil olduq. Gördük ki, hakimin katibi apelyasiya şikayətini geri götürməsi ilə bağlı Nicata diqtə edir. Məhkəmə saat 11-də başlamalı olduğu halda hakim gözləyirdi ki, Nicat imtina ərizə yazsın, ondan sonra zala daxil olsun. Nicatı həbsdən əvvəl hamı görüb. Bizim onunla şəxsi görüşlərimiz olmuşdu və onda da görmüşdük ki, Nicatın dişləri var. Ancaq indi onun ağzında heç bir dişi yerində deyil”.

Xədicə İsmayılova bu haqda N.Əmiraslanovdan soruşduğunu deyir:

“Mənə dedi ki, hamısı qopub düşüb. Suallara sadəcə gözləri ilə cavab verməyə çalışırdı. Əlləri qıc olmuşdu. Hakimin köməkçisinin dediklərini məcburən yazdığı hiss olunurdu. Diqtə olunurdu ki, vəkilin ondan icazəsiz apelyasiya şikayəti verdiyini yazsın və özünü təqsirli bilməsini ərizədə qeyd eləsin. Bizim israrlı suallarımızdan sonra hakimin köməkçisi ondan “məgər biz səni məcbur edirik” deyə soruşdu. O da “yox” cavabını verdi və başını aşağı saldı. İndi Nicatın ağzında dişləri yoxdu və sağ əli qıc olub”.

Vəkil deyir ki, onunla konfedensial görüşə də icazə verilməyib:

“Vəkili olduğuma baxmayaraq, hakim məni də zaldan çıxardı. Nicat bildirdi ki, hələ 18 gün polisin nəzarətində olacaq, onu başa düşüm. Bədəni də əsirdi, hiss olunurdu ki, onu bərk qorxudublar. Bu, onu deməyə əsas verir ki, Nicat Əmiraslanov işgəncələrə məruz qalır”.


Mayın 23-də

Qazax Rayon Məhkəməsində hakim Qurban Abbasovun sədrliyilə jurnalist Nicat Əmiraslanova hökm oxunub.

Jurnalist İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi, polisin qanuni əmrinə tabe olmamaq ittihamıyla təqsirləndirilərək 30 sutka azadlıqdan məhrum edilib.

Nicat Əmiraslanov mayın 22-də axşam saatlarında saxlanılıb.

N. Əmiraslanovun yaxınları onun saxlanma səbəbi kimi “Facebook” sosial şəbəkədəki paylaşımlarını göstərirlər.

N.Əmiraslanov müstəqil jurnalist kimi fəaliyyət göstərir.

Ana səhifəXəbərlər”Nicat Əmiraslanov işgəncəyə məruz qalıb, bütün dişləri tökülüb”