İsrailin Qəzzanın cənubunda, Xan Yunis şəhəri yaxınlığındakı Nasser xəstəxanasına etdiyi hava zərbəsi nəticəsində 5 jurnalist həlak olub.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, Hussam al-Masri, (Reuters-in operatoru), Mariam Abu Dagga, (Associated Press-in müstəqil müxbiri), Mohammed Salama (Al Jazeera-nın fotojurnalisti), Moaz Abu Taha (NBC-nin fotojurnalisti) və Ahmad Abu Aziz (Quds Feed-in fotojurnalisti) həlak olub.
Reuters yazır ki, hadisə zamanı daha bir əməkdaşı Hatem Xaled yaralanıb.
İsrail Müdafiə Qüvvələri Nasser xəstəxanasına zərbəni təsdiqləyib. Baş Qərargah rəisi Eyal Zamirin bəyanatında deyilir ki, İsrail Müdafiə Qüvvələri mülki şəxslərin zərər görməsindən təəssüflənir və heç bir şəkildə jurnalistləri hədəf almır.
Son məlumatlara görə, bugünkü hücum nəticəsində ümumilikdə 20 nəfər həlak olub.
İsrail daha öncə dəfələrlə Qəzza zolağında fəaliyyət göstərən müstəqil (freelance) jurnalistləri HƏMAS-la əməkdaşlıqda ittiham edib.
2023-cü ilin noyabrında – HƏMAS-ın İsrailə hücumundan bir ay sonra — HonestReporting təşkilatı bəyan edib ki, The New York Times, CNN, AP və Reuters agentlikləri üçün fotomaterial hazırlayan fotoqraflar HƏMAS-ın planlarından xəbərdar olub.
Reuters və AP bu ittihamları rədd edib. CNN isə bir fotoqrafı HƏMAS-a əlaqəsi olduğu səbəbilə əməkdaşlıqdan uzaqlaşdırdığını açıqlayıb.
Xarici jurnalistlər üçün Qəzzaya giriş 2023-cü il oktyabrın 7-dən – müharibə başlayan gündən qadağan olunub.
İsrail ordusu vaxtaşırı jurnalistlərin Qəzza zolağına səfərlərini yalnız hərbçilərin müşayiəti ilə təşkil edir. Onlar bunu təhlükəsizlik səbəbləri ilə izah edirlər. Belə səfərlərdən hazırlanan bütün materiallar İsrail hərbçiləri tərəfindən senzura olunur.
Jurnalistlərin Müdafiə Komitəsinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri Qəzza zolağında 190-dan çox jurnalist həlak olub.
Bunlar əsasən, Qəzza zolağının sakini olan, ərəb və ya qərb KİV-ləri ilə “freelancer” kimi əməkdaşlıq edən fələstinlilərdir.