İsrail “Əl-Cəzirə”ni bloklayıb

“Əl-Cəzirə”. Foto: Reuters

Netanyahu “Əl-Cəzirə”ni “terror kanalı” adlandırıb

İsrail parlamenti (Knesset) “Əl-Cəzirə” telekanalının ölkədə yayımının qarşısını alan qanun layihəsi qəbul edib.

Qanunun lehinə 71 deputat səs verib, 10 deputat isə əleyhinə çıxıb.

Baş nazir Benyamin Netanyahu “X” sosial media platformasındakı paylaşımında “Əl-Cəzirə”ni “terror kanalı” adlandırıb və İsrail təhlükəsizliyinə zərər verdiyini bildirib.

Həmçinin telekanalın 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumlarında fəal iştirak etdiyini və İsrail əsgərlərinə qarşı təxribatçı ifadələr işlətdiyini iddia edib.

Baş nazir əlavə edib ki, agentliyin ölkədəki ofisini bağlamaq üçün dərhal hərəkətə keçəcək.

Qanuna görə, qadağa hər dəfə 45 gün müddətinə qüvvədə olacaq və bu müddət yenilənə bilər.

Qanun iyul ayına qədər və ya Qəzzada əhəmiyyətli döyüşlər bitənə qədər qüvvədə qalacaq.

İsrail parlamenti. Foto: Roman Yanushevsky/shutterstock

İllərdir ki, İsrail rəsmilərinin “Əl-Cəzirə”ni ölkələrinə qarşı qərəzli münasibətdə ittiham etdiyi bildirilir.

Qeyd olunur ki, onların yayımçıya qarşı tənqidləri HƏMAS-ın oktyabrın 7-dəki hücumlarından sonra güclənib.

Səlahiyyətlilər televiziyanın HƏMAS ilə sıx əlaqələri olduğunu iddia edir.

“Əl-Cəzirə” isə bunu qəti şəkildə rədd edir.

Televiziyanın baş qərargahının yerləşdiyi Qətər İsrail və HƏMAS arasında təxminən altı aydır davam edən münaqişə ilə bağlı danışıqlara vasitəçilik edir.

Qətərin vasitəçiliyi ilə aparılan əvvəlki danışıqlar müvəqqəti atəşkəsə və 105 israilli girovun azad edilməsinə səbəb olub.

İsrailin bu addımının atəşkəs danışıqlarına təsir edib-etməyəcəyi bəlli deyil.

İsrail daha əvvəl Livanın daha kiçik “Al Mayadeen” kanalının ölkədə fəaliyyətinə qadağa qoyub.

“Əl-Cəzirə” ilk dəfə 1996-cı ildə fəaliyyətə başlayıb.

Səudiyyə Ərəbistanı, İordaniya və Misir kimi ölkələrdə bağlanıb və ya bloklanıb.

Müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS döyüşçülərinin İsrailin cənubuna basqın edərək 1200-ə yaxın adamı öldürdüyü və 253 nəfəri girov götürdüyü zamandan başlayıb.

Girovlardan 130-a yaxını əsirlikdə qalır, onlardan ən azı 34-nün öldüyü güman edilir.

HƏMAS-ın idarə etdiyi səhiyyə nazirliyinin məlumatına görə, İsrail hərbi kampaniyaya başladıqdan sonra Qəzzada 32.800-dən çox fələstinli ölüb, 75.000 nəfər yaralanıb.

Ölənlərin 70%-nin qadın və uşaqlar olduğu bildirilir.

Ana səhifəDünyaİsrail “Əl-Cəzirə”ni bloklayıb