İsmayıllı sakini: “İndi təqaüd dərdi çəkmək yox, istirahət etmək vaxtımdır”

Əmrullah Orucəliyev. Foto: Meydan TV

67 yaşlı Əmrullah Orucəliyev bu yaşdan sonra həyatda qalmağın yollarını axtarır

“Nə xəbərdarlıq edirlər, nə bir şey… Kartı salırsan bankomata, bir gün, iki gün, üç gün… Əsəblərin tarıma çəkilir, gərginlik… Biri 1 ay əvvəl bir məktub yazmır ki, ay əlil, 1 aydan sonra sənin təqaüdün kəsiləcək. Get, gələn ayın dərmanının pulunu tap, qoy yastığının altına, hökumətin təqaüdünə arxayın olma. Mənim də təqaüdümü belə kəsdilər, xəbərdarlıqsız, izahatsız…”.

İsmayıllı sakini, 67 yaşlı Əmrullah Orucəliyevin II qrup əlilliyi ləğv edilib, sosial təqaüd, əmək pensiyası üçün etdiyi müraciətlərə isə imtina cavabı alıb.

İndi onu bir sual düşündürür: Necə dolanmalı?..

Əmrullah Orucəliyevin bir böyrəyi 46 il əvvəl cərrahiyyə əməliyyatı ilə götürülüb. Buna görə ona II qrup əlillik təyin olunub. Uzun illərdir ki, Əmrullah Orucəliyev əlillik təqaüdü alırmış. Ancaq ötən ilin mayında əlilliyi xəbərdarlıqsız ləğv olunub. Əmrullah Orucəliyev təqaüdün karta köçürülməməsindən narahat olduqda rayondakı Sosial Müdafiə Fonduna müraciət edib.

“Dedilər ki, böyrəkdir də, sabah təzəsini qoydurarsan, sağlamlığın bərpa olunar”

Səbəbini öyrənəndə təəccüblənib:

“Əslində 2016-cı ildə mənim müddətli təqaüdüm ləğv edilməli, əvəzinə ömürlük təqaüd təyin olunmalıydı, ancaq etmədilər, yenə də təqaüd müddətini 5 illik uzatdılar. Ötən il isə təqaüdümü yerli-dibli kəsdilər. Dedilər ki, sənə təqaüd düşmür də, ağsaqqal, düşmür. Böyrəkdir də, sabah təzəsini qoydurarsan, sağlamlığın bərpa olunar. Bu, bunların mənə ciddi cavabları idi. Bu cavabdan sonra onlara hər hansı söz deməyin yeri yox idi”.

İş orasındadır ki, Əmrullah Orucəliyevin digər böyrəyi də funksiyasını yerinə yetirə bilmir. Deyir ki, böyrək 50 faizdən də az fəaliyyət göstərir. İllərdir ki, xaricdən dərmanlar gətizdirir:

“Azərbaycanda o dərmanlar yoxdur. İldə dörd dəfə Rusiyadan, başqa ölkələrdən gətizdirirəm. Təqaüdümü yığırdım, həyətdəki meyvələrdən də satıb ildə dörd dəfə dərmanpulu düzəldirdim. Təqaüdüm 259 manat idi. O pul heç olmasa dərmanlarımın bir qismini ödəyirdi”.

“Dərdim təkcə böyrək deyil, həm də ağır dərəcəli diabetəm”

Əmrullah Orucəliyev əmək pensiyasına görə də müraciət edib. Aidiyyəti qurum iş stajının yetərli olmadığını səbəb gətirərək ona imtina cavabı verib.

Nəhayət, o, sosial təqaüd üçün müraciət edib, ancaq, bu dəfə də adında olan 25 sot torpaq sahəsini və aktiv olan VÖEN-i səbəb gətiriblər:

“Yaşlı insanların yolu hərtərəfli bağlıdır. 67 yaşım var, dərdim təkcə böyrək deyil, həm də ağır dərəcəli diabetəm. 1 ildən çoxdur ki, təqaüdün kəsilməsə üzündən əziyyət çəkirəm. Sanki 67 yaşına çatan vətəndaş əl-ayağını uzadıb ölməlidir. Mənim indi təqaüd fikirləşib ürəkağrısına düşən yaşım deyil, mənim indi istirahət edən dövrümdür. Ancaq mən təqaüd dərdi çəkirəm, sabah nə yeyəcəyəm, onu düşünürəm, dərmanlarımı gətizdirmək üçün pul dərdi çəkirəm”.

Əmrullah Orucəliyev əmək pensiyasına görə də müraciət edib. İş stajının az olmasını səbəb gətirərək yenə imtina cavabı veriblər.

Meydan TV məsələyə Dövlət Sosial Müdafiə Fondundan münasibət öyrənməyə çalışıb.

Fonddan jurnalisti İsmayıllı Rayon Şöbəsinə yönləndiriblər. Əvvəlcə şöbədən vətəndaşın şikayətini araşdırıb cavab verəcəklərini desələr də, sonrakı üç gün ərzində telefon zənglərinə cavab verilməyib.

Hüquqşünas: “Məhkəməyə müraciət edə, pensiya hüquqlarını tanıtdıra bilər”

Hüquqşünas Namizəd Səfərov deyir ki, əvvəlki dövrlərdə sərt staj və pensiya kapitalı tələbinin olması minlərlə vətəndaşı əmək pensiyasından məhrum edirdisə, 2019-cu ilin 1 yanvar tarixindən “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliklər pensiya yaş həddinə çatmış vətəndaşlara “yaşıl işıq” yandırıb:

“Həmin dəyişikliklərə görə, pensiya yaş həddinə çatmış vətəndaşların 2006-ci il tarixədək 25 il sığorta stajının tanınması ilə onların pensiyaya çıxma imkanları yüngülləşir. Bu yenilik əsnasında tələb olunan tək şərt, 1 yanvar 2006-cı ildən 1 iyul 2018-cı il tarixədək ən azı 1 ay olsa belə, işləyib sosial sığorta haqqı ödənişinin vətəndaşın fərdi hesabında pensiya kapitalı şəklində formalaşmasıdır”.

Hüquqşünas deyir ki, Əmrullah Orucəliyev qeyd olunan illər ərzində işləyib sosial sığortahaqqı ödəyibsə, məhkəməyə müraciət edə, pensiya hüquqlarını tanıtdıra bilər.

Namizəd Səfərov. Mənbə: “Amerikaninsesi”

Əmrullah Orucəliyev 1975-ci ildən 1994-cü ilədək İsmayıllı Şəhər Sovetində (sonradan adı dəyişdirilərək İsmayıllı Şəhər İcra Nümayəndəliyi adlanır) işləyib.

20 il 10 ay iş stajı var. Deyir ki, Prezidentin sözügedən Fərmanından da xəbərdardır.

O, 2006-cı ildən məcburi sosial sığorta ödənişləri edib. Əmək pensiyası hüquqlarını bərpa etmək üçün Dövlət Sosial Müdafiə Fonduna qarşı Şəki İnzibati Məhkəməsində iddia qaldırıb.

Ana səhifəBölgəİsmayıllı sakini: “İndi təqaüd dərdi çəkmək yox, istirahət etmək vaxtımdır”