İranla sərhəddə atışma: Ölən və saxlanılan var

Azərbaycan-İran. Foto: OnePixelStudio/shutterstock

Saxlanılan şəxs İran vətəndaşıdır

Aprelin 7-də axşam saat 21.25-də Cəlilabad rayonunun Sərxanlı kəndi yaxınlığındakı sərhəd zastavasının ərazisində silahlı atışma olub.

Bu barədə Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, sərhədçilər 3 nəfərin İran ərazisindən Azərbaycana doğru hərəkətini müşahidə edib. Onlar nəzarətə götürülüb və ardınca sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb. Xidməti ərazi tam qapadılıb və sözügedən üç nəfər təqib olunub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, sərhəd naryadı “Dayan” əmri verib, havaya xəbərdarlıq atəşi açıb. Lakin qarşı tərəf buna məhəl qoymayıb. Əksinə, sərhəd naryadına atəş açıblar. Bundan sonra sərhəd naryadının da silah tətbiq etdiyi bildirilir.

Nəticədə üç nəfərdən biri öldürülüb, digəri saxlanılıb, o biri isə qaçıb gizlənib.
Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi bildirilir. Məlumatda deyilir ki, zərərsizləşdirilmiş sərhəd pozucusunun yanında AKM tipli Kalaşnikov avtomatı, 2 ədəd bağlamadan 24 kiloqram 730 qram narkotik vasitə (9 kiloqram 915 qram “marixuana”, 10 kiloqram 650 qram “heroin”, 85 qram “tiryək”, 4 kiloqram 80 qram “metamfetamin”) və 300 ədəd “metadon 40” psixotrop tərkibli həblər aşkar olunaraq götürülüb.

“Saxlanılmış sərhəd pozucusu özünü İran vətəndaşı Piran Behzat Məhəmməd kimi təqdim edib”, – hüquq-mühafizə orqanlarının məlumatında bildirilir.

Baş vermiş hadisə barədə sərhəd nümayəndəliyinin xəttilə İran tərəfi məlumatlandırılıb.

Faktla bağlı cinayət işi başlanıb: “Sərhədçilərin qəsdən öldürülməsinə cəhd faktı ilə bağlı Baş Prokurorluq birgə istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirir”.

Ana səhifəSiyasətİranla sərhəddə atışma: Ölən və saxlanılan var