İranın terrorla bağlı Moskvanı xəbərdar etdiyi bildirilir

“Crocus City Hall”. Foto: Reuters

Peskov bu barədə məlumatsız olduğunu deyir

İran hakimiyyətinin Moskvanı terror hücumundan öncə xəbərdar etdiyi iddia olunur.

Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

“İranda törədilən ölümcül partlayışlarla bağlı həbs edilən şəxslərin dindirilməsi zamanı rəsmi Tehran Rusiyada böyük terror hücumunun olması ilə bağlı məlumat əldə edib və bunu Moskva ilə paylaşıb”, – mənbələrdən biri bildirib.

Agentliyin digər mənbəsinin sözlərinə görə, Tehranın məlumatında terrorçuların vaxtı və dəqiq hədəfi ilə bağlı konkret təfərrüatlar olmayıb.

“İranda həbs olunan terrorçulardan biri bildirib ki, qruplaşmanın bəzi üzvləri artıq Rusiyaya gediblər”, – agentliyin mənbəsi deyib.

Kremlin sözçüsü Dmitri Peskov “Reuters”in xəbəri ilə bağlı sualı cavablandırarkən: “Mən bu barədə heç nə bilmirəm”, – deyib.

Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov “TASS”a bildirib ki, İranın terrorla bağlı məlumat ötürməsi barədə məlumatı yoxdur.

2024-cü il yanvarın 3-də Kirman şəhərində iki terror hücumu olub və nəticədə 100-ə yaxın adam həyatını itirib.

Elə həmin ay İranda 35 nəfər partlayışlarda şübhəli bilinərək saxlanılıb.

“Crocus City Hall”a hücum martın 22-də axşam saatlarında baş verib.

“Piknik” qrupunun konserti başlamazdan əvvəl bir neçə silahlı şəxs binaya soxularaq tamaşaçılara atəş açıb.

“İslam Dövləti” terror təşkilatı martın 22-də Rusiyada, yanvarın 3-də isə İranda törədilən hücumlara görə məsuliyyəti öz üzərinə götürüb.

Amerika kəşfiyyatı da hücumların arxasında İŞİD terrorçularının olduğuna inanır.

“Crocus City Hall”dakı hadisədən sonra terror təşkilatı hücumu törədənlərin lentə aldığı videonu yayıb.

Rusiya hakimiyyəti Ukraynanı terrorda ittiham etsə də, sübut təqdim etmir.

Ukrayna ittihamları rədd edir.

ABŞ Rusiyanı gözlənilən terror hücumu ilə bağlı əvvəlcədən xəbərdar edib, lakin Rusiyanın “TASS” agentliyinin mənbəsinin sözlərinə görə, Amerika hakimiyyəti konkret təfərrüatlar verməyib.

“The New York Times”ın müəyyən etdiyi kimi, Birləşmiş Ştatlar mənbələrini açıqlamaqdan qorxaraq, planlaşdırılan terrorla bağlı bütün mövcud məlumatları Rusiyaya verməyib.

Son rəsmi məlumata görə, 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.

Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumatına görə, hadisəyə görə şübhəli bilinənlərdən 9 nəfəri həbs edilib.

Rusiyanın Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” azərbaycanlı biznesmen Araz Ağalarova məxsusdur.

Tikintisinə 70 milyon dollar sərmayə yatırılan konsert zalı 2009-cu il oktyabrın 25-də istifadəyə verilib və Azərbaycanın estrada müğənnisi Müslüm Maqomayevin adını daşıyır.

Zalın standart tutumu 6200, maksimumu isə 9500 nəfərdir.

Ana səhifəDünyaİranın terrorla bağlı Moskvanı xəbərdar etdiyi bildirilir