İranda saxlanılan gəncin tələbə yoldaşları İlham Əliyevə müraciət ediblər

Foto: Fərid Səfərlinin ailə albomundan

“Xahiş edirik, Fəridin azad olunması üçün səylərinizi əsirgəməyəsiniz”

İranda casusluq ittihamı ilə saxlanılan azərbaycanlı tələbə Fərid Səfərlinin dostları, tələbə yoldaşları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər.

Onların Prezidentə ünvanladığı açıq məktubda deyilir ki, Fəridlə bəziləri ADA Universiteti dövründən, bəziləri isə Almaniyada magistratura təhsili aldıqları illərdə tanış olublar.

“Biz Fəridin günahsız olduğuna inanırıq, bilirik ki, həbsinin siyasi səbəbləri var və xahiş edirik, İranda onu tək qoymayasınız”, – tələbələr qeyd ediblər.

Fərid Səfərli orta məktəbi bitirdikdən sonra Bakıda ADA Universitetinə qəbul olunub.

ADA-da bakalavr təhsilini başa vurduqdan sonra Almaniyanın Yena şəhərində Fridrix-Şiller Universitetində magistraturaya qəbul olunub.

Anası Dilarə Əsgərova bildirir ki, oğlu magistraturada təhsil aldığı müddətdə Almaniyada ixtisasına uyğun müxtəlif işlərdə çalışıb.

Bu ilin yanvarında Fərid Leypsiq şəhərində yerləşən bir şirkətlə müqavilə bağlayıb və apreldən etibarən həmin şirkətdə Data Analizi sahəsində mütəxəssis kimi çalışacaqdı.

Dostları bildirir ki, Fərid ingilis, alman, rus dillərində sərbəst danışa bilən, yüksək intellektual səviyyəli, dünyada baş verən hadisələri gündəlik izləyən, hadisələrə analitik yanaşma qabiliyyəti olan və seçdiyi ixtisası sevən, geniş perspektivlərə malik bir gəncdir:

Fərid çox vətənpərvər, ölkəsinə, milli köklərinə bağlı bir insandır. Onun məqsədi Almaniyada yüksək səviyyədə təhsil alaraq, iş təcrübəsi toplayaraq öz ixtisasına daha dərindən yiyələnmək, kamil bir mütəxəssis kimi Azərbaycana dönmək, gələcəyin ixtisası sayılan Data Analitikası sahəsində çalışaraq ölkəsinə faydalı bir vətəndaş olmaqdır.  Belə bir gəncə “casus” damğası vurmaq çox gülünc və ağlasığmazdır”.

Məktubda qeyd edilir ki, onlar daimi Fəridlə ünsiyyətdə olublar, görüşüblər, lakin onun İran əleyhinə heç bir fəaliyyətinin şahidi olmayıblar.

Ümumiyyətlə, Fəridin heç bir siyasi fəaliyyəti olmayıb:

“Səfər haqqında danışarkən bəzilərimiz ona İrana getməyin təhlükəli olduğunu demişik. Fərid bizə İranla bağlı heç vaxt neqativ fikir söyləmədiyini, bu ölkəyə qarşı heç bir fəaliyyət göstərmədiyini əsas tutaraq bu səfərdə təhlükəli bir şey görmədiyini bildirib. Fəridin İran səfərinin məqsədi yalnız dostunu görmək olub. Biz Fəridə verilmiş qondarma ittihamla razı deyilik”.

Məktubun sonunda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edilir.

Bildirilir ki, İranda casusluq ittihamı ilə həbs edilən Fəridə ağır cəza verilə bilər:

“Biz sizdən xahiş edirik, Fəridin azad olunması üçün səylərinizi əsirgəməyəsiniz. Sizin ədalətiniz, savadlı gənclərə olan diqqət və qayğınıza inanırıq. İmkan verməyin ki, bir intellektual gəncin həyatı siyasi oyunların qurbanı olsun.

Hörmətlə:

1. Tarverdi Tarverdiyev, Fridrix Şiller Universiteti
2. Tural Xəlilzadə  Yena Universitet Klinikasında həkim
3. Toğrul Mustafayev, Fridrix Şiller Universiteti
4. Oqtay Kərimli, Fridrix Şiller Universiteti
5. Səbuhi Zərbalıyev, Fridrix Şiller Universiteti
6. Şahin Əliyev, Fridrix Şiller Universiteti

7. Jalə Əhmədova, Johannes Gutenberg Universiteti
8. Rəşad Nuriyev, Ernst-Abbe Ali məktəbi
9. Fuad Qafarlı, Fridrix Şiller Universiteti
10. Məcid Xəlilov, Drezden Texniki Universiteti
11. Könül Cəfərova, Fridrix Şiller Universiteti

12. Rövşən Quliyev, Yena Universitet Klinikasında həkim
13. Aysu Kərimli, Fridrix Şiller Universiteti
14. Ləman Saadova, Fridrix Şiller Universiteti
15. Şəbnəm Səfərəliyeva, Fridrix Şiller Universiteti

16. Səbinə Kərimli, Fridrix Şiller Universiteti
17. Lalə Kərimli, Fridrix Şiller Universiteti
18. Murad Muradlı, ADA məzunu
19. Zaur Həsənov, ADA məzunu
20. Kənan Əlizadə, ADA məzunu

21. Fərid Rüstəmzadə, ADA məzunu
22. Edmon Alcanzadə, ADA məzunu
23. Saleh Salehov, ADA məzunu
24. Nihat Atakişiyev, ADA məzunu”.

Ana səhifəSiyasətİranda saxlanılan gəncin tələbə yoldaşları İlham Əliyevə müraciət ediblər