İranda həbs edilən gəncin dostları casusluq ittihamını “gülünc” sayır

Foto: Fərid Səfərlinin ailə albomundan

“Fərid dostlarına deməyib, düşünüb ki, onu fikrindən yayındırarlar”

İranda casusluq ittihamı ilə həbs edilən Fərid Səfərlinin dostları onun azad olunmasını istəyir və barəsində qaldırılan cinayət işini absurd sayırlar.

Fəridin ən yaxın dostlarından olan, hazırda Almaniyanın Yena şəhərində yaşayan və işləyən Şahin Əliyev deyir ki, dostunun casusluqda ittiham olunması çox gülünc səslənir:

“Fərid hara, casusluq hara? Fəridlə üç ildən çoxdur ki, dostluq edirik. Sıradan, xaricdə təhsil alan azərbaycanlı gəncdir. Səyahət etməyə, yeni dillər öyrənməyə marağı var. Aramızda ən yaxşı almanca danışan da elə Fərid idi. Həmçinin fars dilini öyrənirdi, beləcə iranlı qızla tanış olmuşdu, danışıdılar. Onunla görüşmək üçün də İrana getmişdi”.

Şahin Əliyev düşünür ki, Fərid Səfərlinin bu gün casusluqda ittiham olunması, həbsi son zamanlar Azərbaycanla İran arasındakı diplomatik münasibətlərin gərginləşməsi ilə bağlıdır:

“Özləri də yaxşı bilirlər ki, ittihamları əsassızdır, biz də bilirik. Sadəcə, münasibətlərin gərginliyi fonunda belə bir ittihamla Fəridi həbs ediblər. Çox ümid edirəm ki, axırı yaxşı olar və onlar da səhvlərini anlayıb, Fəridi tezliklə sərbəst buraxarlar”.

Hazırda Almaniyanın Fridrix Şiller Universitetinin magistr pilləsi üzrə tələbəsi Vasif Məhərrəmli də Fərid Səfərlinin yaxın dostlarındandır.

Fəridlə dostluqları elə hər ikisinin təhsil aldığı Yena şəhərində başlayıb.

Şahin Əliyev və Fərid Səfərli. Foto: sosial şəbəkə

Vasif Məhərrəmli deyir ki, həm də onlar yaxın qonşu olduqları üçün çox tez-tez görüşüblər:

“Bəzən axşam gəzintisinə çıxırdıq, bəzən çay süfrəsi ətrafında otururduq. Beləcə Fəridlə çoxlu disskusiya fürsətimiz olurdu. Bu görüşlərdə onunla çox məsələlərə toxunmuşuq. Ona görə də Fəridi kifayət qədər yaxından tanıdığımı deyə bilərəm. Fəridlə yoldaşlıq münasibətimin olmasının əsas səbəbi odur ki, o, kifayət qədər intellektual, dünyagörüşlü, məsələlərə analitik yanaşma qabiliyyətinə sahib bir gəncdir”.

Fərid Səfərlinin İrana getməsinə gəlincə, Vasif deyir ki, bu barədə məlumatsız olub.

Onun sözlərinə görə, Fərid bu barədə dostlarına heç nə deməyib. Düşünüb ki, onu fikrindən daşındıra bilərlər:

Fərid burada ixtisası ilə bağlı bir şirkətlə əmək müqaviləsi imzalamışdı. Mən onun İrana səfərinin həm də ağır təhsil həyatından dərhal sonra və onu irəlidə gözləyən ağır iş həyatına başlamazdan öncə bir istirahət fürsəti kimi dəyərləndirirəm. Sual oluna bilər ki, niyə məhz İran? Bunu mən Fəridi yaxından tanıyan biri kimi belə izah edərdim ki, Fəridin İran incəsənətinə, ədəbiyyatına, filmlərinə – bir sözlə, İran mədəniyyətinə xüsusi rəğbəti vardı. Digər əsas məqam onun tanış olduğu iranlı bir qızla bağlıdır. Düşünürəm ki, Fəridi İrana çəkib aparan qüvvə məhz bu idi. Buradan irəli gələrək əminliklə ifadə edərdim ki, Fərid İrana dost və doğmalarının qapısına gediləcək bir ərklə getmişdi…”.

Vasif Məhərrəmli Fəridin İrana getməsi ilə bağlı xəbəri o, itkin düşdükdən dərhal sonra alıb.

Vasif Məhərrəmli. Foto: sosial şəbəkə

“Sonradan bildik ki, o dostlarından birinə belə bir söz deyib. Ona görə də qınağa tuş gəlib. Məhz bundan sonra hər kəsdən gizli saxlamağı qərarlaşdırıb. Çünki o yaxşı bilirdi ki, çoxdandır arzusunda olduğu bu səfər hansı zamana təsadüf edir. Ona görə də ətrafının onun bu səfərdən yayınmasına nail olacağını anlayıb. Hər halda, özünün də tərəddüdləri olub və dostlarının onun fikrinə təsiretmə ehtimalını nəzərə alaraq, heç kəsə deməyib. Necə ki, bir dostu onu bu səyahətdən yayındırmaq istəyib. Şübhəsiz, bütün bunlar mənim ehtimallarımdır”, – Vasif Məhərrəmli belə deyir.

Fərid Səfərlinin İranda həbs edilməsi, barəsində casusluq ittihamı ilə cinayət işi açılmasına gəlincə, Vasif Məhərrəmli deyir ki, hamı bunun absurd iddia olduğunu yaxşı bilir. Çünki İranda necə bir rejimin olduğundan hər kəs xəbərdardır:

“Fəridin agent olması fikrini isə mən və onu tanıyan hər kəs əminliklə rədd edirik. Ona görə də onun başqa bir xarici ölkədə azadlıq hüququndan məhrum edilməsi hər kəs kimi azərbaycanlı tələbələri də dərindən sarsıdır. Hesab edirik ki, dövlət öz vətəndaşına sahib çıxmalı, casusluq kimi ağır və qondarma bir ittihamın bir gənc və savadlı azərbaycanlının həyatını məhv ediməsinə imkan verməməlidir. Ümid edirəm ki, dövlətimiz bu sahədə ciddi addımlar atacaq, İran rəhbərliyi öz siyasi maraqları naminə bir gəncin həyatı ilə oynamaz”.

Almaniyanın Yena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün olmayıb.

Anası deyib ki o, İrana bir zamanlar Jena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.

Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.

Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.

O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) martın 9-da Fərid Səfərli ilə bağlı İrana nota verib.

Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.

XİN-dən tələbənin anasına deyiblər ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə saxlanılıb.

İran hüquq-mühafzə orqanları onun saxlanılmasını 3 ay gizlədiblər.

Ana səhifəSiyasətİranda həbs edilən gəncin dostları casusluq ittihamını “gülünc” sayır