İran: inqilab öncəsi

İranda narazılığın artmasının əsas səbəblərindən biri də şah və ailəsinin, eləcə də yüksək rütbəli məmurların korrupsiyası idi

Source:


İranda narazılığın artmasının əsas səbəblərindən biri də şah və ailəsinin, eləcə də yüksək rütbəli məmurların korrupsiyası idi

İran İslam inqilabından 40 il ötdü. Dünyada gedən proseslərə olduqca əhəmiyyətli təsir edən bir hadisə olduğunu nəzərə alaraq, onu doğuran səbəblər haqqında yazmağı qərara aldım.

***

İran milli qüvvələri tərəfindən dəstəklənən Məhəmməd Müsəddiq hökuməti 1953-cü ilin avqustunda ABŞ və və Böyük Britaniya xüsusi xidmət orqanlarının ssenarisi əsasında şah tərəfdarları və bəzi din xadimlərinin iştirakı ilə devrildi. Bundan sonra tədricən Məhəmməd Rza şah Pəhləvinin şəxsi diktaturası formalaşmağa başladı.

Bu illərdə müxtəlif yönümlü sekulyar müxalifətə qarşı repressiyalar baş verir. 1957-ci ildə yaradılan SAVAK (Sazman-e Ettela’at va Amniyat-e Keşvar (Dövlət informasiya və təhlükəsizlik xidməti) adlı gizli polis təşkilatı bu məsələdə xüsusilə fərqlənir.

1960-cı ilin əvvəllərində şah “Ağ inqilab” (yəni, qansız inqilab) adını verdiyi islahatlar proqramını həyata keçirməyə başlayır. 1963-cü il yanvarın 26-da keçirilən referendumda seçicilərə 6 maddədən ibarət islahatlar proqramının lehinə və ya əleyhinə səs vermək təklif olunurdu.

1. Torpaq islahatı.

2. Meşələrin və otlaqların milliləşdirilməsi.

3. Dövlət müəssisələrinin özəlləşdirilməsi.

4. İşçilərin müəssisələrin aksiyalarına yiyələnmək hüququ.

5. Qadınlara seçib-seçilmək hüququnun verilməsi.

6. Savadsızlıqla mübarizə üçün “Maarif korpusu”nun yaradılması.

Dini və siyasi müxalifətin boykot etdiyi referendumda rəsmi rəqəmlərə görə 6,1 milyon seçicinin 5,6 milyonu iştirak etdi və onların demək olar ki, hamısı (4115 səs istisna olmaqla) lehinə səs verdi. Sonralar islahatlar paketi 19 maddədən ibarət oldu və bir çox sahəni əhatə etdi.

“Ağ inqilab” kifayət qədər maraqlı və əhatəli, ayrıca bir və ya bir neçə məqalə yazılacaq mövzudur. Burada onun bəzi nəticələri yalnız səthi şəkildə təsvir olunacaq. Çünki bunsuz İslam inqilabının səbəblərini tam anlamaq olmur.

İslahatların ilk effektlərindən biri ayətulla Ruhulla Xomeyninin siyasi karyerasının parlamasıdır. O, xüsusən torpaq islahatını və qadınlara səs hüququnun verilməsini kəskin tənqid edir. 1963-cü il iyunun 3-də Aşura günü Qum şəhərində etdiyi və şahı Yezidlə müqayisələndirdiyi çıxış xüsusilə kəskin idi.

İran inqilabı
İran inqilabı

Nəticədə iyunun 5-ə keçən gecə Xomeyni həbs edildi. Səhərisi tərəfdarları buna “15 xordad üsyanı” (xordad İranda tətbiq olunan hicri-şəmsi təqvimində aydır, 22 may – 21 iyun günlərini əhatə edir) alacaq küçə etirazları ilə cavab verdilər. Hökumət Tehran və Şirazda hərbi vəziyyət elan etdi, açılan atəş nəticəsində hökumət mənbələrinə görə 86, əleyhdarlarına görə isə 400-ə qədər insan həlak oldu.

Avqustun 5-də üç böyük ayətulla – Şəriətmədari, Gülpeyqani və Milani fitva verərək Xomeynini mərceyi-təqlid kimi tanıdıqlarını bildirdilər. İran Konstitusiyasına görə isə mərceyi-təqlid hüquqi immunitetə malik idi, onu həbs və mühakimə etmək olmazdı.

Belə olduqda, hakimiyyət bir neçə gündən sonra Xomeyninin həbsini ev dustaqlığı ilə əvəz etdi. 1964-cü ilin aprelində isə tam azad edərək Qum şəhərinə qayıtmasına icazə verildi. Lakin tənqidi çıxışlarına ara vermədiyini gördükdə oktyabr ayında ölkədən sürgün etdilər. Bir müddət Türkiyənin Bursa şəhərində yaşayan Xomeyni daha sonra İraqın Nəcəf şəhərində məskunlaşdı.

***

Ağ inqilabın bir sıra mütərəqqi nəticələri oldu. Savadsızlığın sayı nəzərəçarpacaq dərəcədə azaldı, uşaq bağçalarından universitetlərə qədər müəssisələrə gedənlərin, o cümlədən xaricdə ali təhsil alanların sayı dəfələrlə artır. Uşaq bağçasından 14 yaşlı şagirdlərə qədər dövlət hesabına pulsuz yeməklə təmin olunurdular.

Pulsuz məcburi səkkizillik təhsil tətbiq edildi. Təhsil daha dünyəvi xarakter alır. Təhsilli gənclər hərbi xidmət əvəzinə “Maarif korpusu”una cəlb olunurdular. Onlar 4 aylıq hazırlıq keçir, daha sonra isə 14 ay müddətində ölkənin müxtəlif yerlərində tədrislə məşğul olurdular.

Qadınlar seçib-seçilmək hüququ qazandılar, tezliklə İran parlamentində təmsil olundular. Onlar əvvəlcə vəkil, bir qədər sonra isə hətta hakim vəzifələri tutdular. Nikah yaşları 15-ə qaldırıldı. 1968-ci ildə İranda ilk qadın nazir oldu – Fərruhru Parsa təhsil naziri vəzifəsini tutdu.

Yeni avtomobil və dəmir yolları çəkildi, hava və dəniz limanları salındı. İslahatların başlamasından sonrakı 10 ildə ÜDM 3,6 dəfə artdı. Qara və rəngli metallurgiya, maşınqayırma, kimya sənayesi və digər yeni sənaye sahələri meydana gəldi. 1956-cı ildə 20 milyon olan əhalinin sayı 1976-cı ildə 34 milyona çatırdı.

1973-cü il ərəb-İsrail müharibəsindən sonra neft qiymətlərinin və İranın dövlət gəlirlərinin kəskin artması (iki il ərzində neft gəlirləri 10 dəfə artdı) Məhəmməd Rza şahın hədəflərini daha da böyüdür. O, ölkəsini “Yaxın Şərqin Yaponiyası”na çevirməkdən danışır. Qısa müddət ərzində İranın geridə qalmış feodal dövlətindən qabaqçıl sənaye ölkəsinə çevrilməsini hədəfləyir.

İqtisadiyyat isə belə tələskənliyi sevmir. Hər şey maliyyə ilə həll olunmur. İqtisadi yüksəliş müəyyən ardıcıllıq və zaman tələb edir. Səthi bir nümunə gətirsək, zavod tikməzdən öncə onu elektriklə təmin edəcək stansiya lazımdır, ixtisaslı fəhlələr və mütəxəssislər yetişdirmək, istehsal olunacaq məhsul üşün bazar tapmaq lazımdır.

Ağ inqilabın onurğa sütunu torpaq islahatı idi. Bununla şah ölkə əhalisinin əksəriyyətini təşkil edən kəndlilərin torpaqla təmin olunmasını və onları öz hakimiyyətinin dayağına çevirməyi düşünürdü. Lakin reallıda bunun əksi baş verdi.

İri torpaq sahiblərindən satın alınan ərazilər bazar qiymətindən 30% ucuz və 25 il müddətinə ən aşağı faizlərlə kredit vasitəsilə kəndlilərə verilirdi. Özlüyündə mütərəqqi olan bu addım bəzi səbəblərdən uğursuzluğa düçar oldu.

Kəndlilərin əhəmiyyətli hissəsi təssərrüfatlarını müstəqil idarə edə bilmədilər və tezliklə müflis oldular. Onlar paylarına düşən torpağı sataraq böyük şəhərlərə, əsasən də paytaxt Tehrana üz tutdular. Burada daimi işi olmayan lümpen-proletariata çevrildilər və gələcək inqilabın əsas qüvvəsini təşkil etdilər. Beləcə, şahın dayağı olacaq təbəqə əleyhdarına çevrildi.

***

1970-ci illərdə şah bir sıra qeyri-populyar, öz ziyanına işləyəcək addımlar atır. Bunlardan biri 1971-ci ilin 12-16 oktyabr tarixlərində İran monarxiyasının 2500 illiyinə həsr olunan mərasim idi. Əsasən Əhəmənilər dövlətinin paytaxtı olmuş Persepol şəhərində keçirilən bu mərasim görünməmiş təntənələrlə yadda qaldı.

Sadəcə bəzi rəqəmləri açıqlamaq yetərlidir: 0,65 kv km ərazidə 50 çadırdan ibarət çadır şəhərciyi salındı. Heç kəsin yaşamadığı şəhərdə xeyli ağaclar əkildi. Avropadan 50 min oxuyan quş gətirildi.

Gələn qonaqları Şiraz hava limanından Persepola aparmaq üçün 250 qırmızı “Mercedes” limuzini ayrılmışdı. Hava limanı təmir edildi, Persepola gedən yol yenidən çəkildi.

Parisin məşhur və bahalı “Maxim’s” restoranı bu ziyafətlə əlaqədar olaraq iki həftə bağlanıldı. Bütün heyəti İrana gələrək qonaqlar üçün yemək-içmək təşkili ilə məşğul oldular.

Mərasimin əsas ziyafəti oktyabrın 14-nə, şahbanu Fərəhin doğum gününə salınmışdı. Ölçüləri 69×24 metr olan böyük çadırdakı ziyafətdə 60 hökmdar, dövlət və hökumət başçıları olmaqla ümumilikdə 600 nəfər iştirak edirdi. ABŞ-ı vitse-prezident Spiro Aqnyu, SSRİ-ni isə Ali Sovetin sədri Nikolay Podqornıy təmsil edirdilər.

İlk tost 1959-cu il Dom Perignon Rose şərabı ilə qaldırılan ziyafətdə müxtəlif cür yeməklər verildi. Xəzərin xeyli qara kürüsü istifadə edildi, hərçəndi, şah özü yemirdi, çünki kürüyə allergiyası vardı. Qonaqlıq beş saat yarım davam etdi. Nəticədə ən üzün çəkən və ən bahalı ziyafət kimi Ginnesin rekordlar kitabına düşdü.

Rəsmi məlumatlara görə təntənələrə 22 milyon dollar pul xərclənmişdi. Qeyd edək ki, qızılın qiymətinə nisbətini götürsək, dollar indikindən az qala 40 dəfə baha idi (1971-ci ildə qızılın unsiyası 35 dollar idi, bu sətirləri yazarkən isə 1317 dollardır).

Müxalifət isə Xomeyninin “İblis bayramı” adlandırdığı tədbirə rəsmi rəqəmlərdən 10 dəfə çox pul xərcləndiyini iddia edirdi. Xeyli sosial problemləri olan bir ölkədə bu qədər pulun ziyafətə xərclənməsi, aydın məsələdir ki, şahın lehinə işləyə bilməzdi.

İran inqilabı
İran inqilabı

***

1970-ci illərdə İranın əsas özəlliklərindən biri hərbi xərclərin kəskin artımı idi, baxmayaraq ki, həmin dövrdə ölkənin xüsusi bir düşməni yox idi. Şah İranı regionun hərbi fövqəldövlətinə çevirmək arzusunda idi.

1960-ci illərin sonu ilə müqayisədə 1977-ci ildə hərbi xərclər 20 dəfə artmışdı. Bəzi illərdə bu xərclər büdcənin 30%-ni təşkil edirdi. Hərbçilərin sayı inqilab öncəsi 415 minə çatırdı. Şah Qərb ölkələrindən, xüsusən də ABŞ-dan ən son hərbi texnikanı alırdı. Hətta deyilənlərə görə, bəzi hərbi təyyarələr ABŞ-ın öz ordusundan daha əvvəl İran ordusunda olurdu.

1976-cı ildə İran və ABŞ arasında 13 milyard dollar həcmində “silah-neft” müqaviləsi imzalandı. Bu müqaviləyə görə, ABŞ İrana göstərilən məbləğdə hərbi sursat verəcək, əvəzini isə neftlə alacaqdı.

Lakin bu hərbi texnika ilə davranmaq üçün ölkənin yetərincə ixtisaslı hərbçisi yox idi. Buna görə yenə də əsasən ABŞ-dan hərbi müşavirlər gətirmək lazım olurdu. Şah hakimiyyətinin sonlarında onların sayı 40 minə çatırdı.

Böyük Britaniyanın istehsal etdiyi “Çiften” tanklarının ən kütləvi alıcısı da İran idi. Şah ordusunda həmin tankların sayı (896) hətta Britaniya ordusundakından çox idi. Bu illərdə İran öz hərbi qüdrətinə görə dünyanın beşinci ölkəsi hesab olunurdu.

Şərq ölkələrində xüsusilə sevilən “Gelandevagen” avtomobili məhz Məhəmməd Rza şah tərəfindən hərbi nəqliyyat vasitəsi kimi sifariş verilmişdi. Lakin avtomobillər hazır olana qədər monarxiya devrildi. Sifarişin “Mercedes” firmasına verilməsi də təsadüfi deyildi: şah burada səhmlərə malik idi.

Yeri gəlmişkən, İranda narazılığın artmasının əsas səbəblərindən biri də şah və ailəsinin, eləcə də yüksək rütbəli məmurların korrupsiyası idi. Qərb mənbələrində İrandakı korrupsiyanı “misilsiz” kimi təqdim edirlər. Amma mən bir Azərbaycan vətəndaşı olaraq bu ifadəni işlətməyəcəyəm.

Şahın yaxınlarının razılığını almadan əhəmiyyətli bir bizneslə məşğul olmaq mümkün deyildi. Razılığı almaq üçün isə ya rüşvət verilməli, ya da ki, həmin biznesdə ortaqlıq təklif olunmalı idi.

Belə işlərdə şahın əkiz bacısı Əşrəfin adı xüsusilə hallanırdı. O dövrün Qərb mənbələri şah və ailəsinin şəxsi varidatını 5 milyard dollardan 20 milyard ollara qədər qiymətləndirirdilər. Ailə 17 bankda, 25 metallurgiya zavodunda, 10 inşaat və 8 dağ-mədən şirkətində, 26 ticarət müəssisəsində paya malik idi.

İran xüsusi xidmət orqanlarının generalı, şahla yaxın münasibətlərə malik olan Hüseyn Fardust sonralar xatirələrində yazırdı ki, korrupsiya cəhətdən xüsusilə fərqlənən məmurlar barədə informasiyaya şahın reaksiya verməməsinə əvvəlcə təəccüblənirdi. Lakin sonralar anlayır ki, bu informasiyadan şah həmin məmurları itaətdə saxlamaq və loyallıqlarını təmin etmək üçün istifadə edir.

***

1975-ci ilə qədər İranda faktiki olaraq ikipartiyalı sistem mövcud idi. Hakimiyyətdə əsasən Yeni İran Partiyası idi, ona opponentliyi isə Xalq Partiyası edirdi. Belə vəziyyət şaha vəziyyətə nəzarət etmək, ehtiyac yaranarsa, hakim partiyanı dəyişmək və uğursuzluqların günahını hökumətin üzərinə ataraq narazılıqları səngitməyə imkan verirdi.

Lakin 1975-ci ildə təkpartiyalı sistemə keçid edildi. Bütün siyasi partiyalar qadağan olundu, əvəzində Rəstaxiz (Dirçəliş) Partiyası yaradıldı. İnsanlar ucdantutma bu partiyaya üzv olmağa məcbur edilirdilər.

Artıq 1976-cı ildə Rəstaxiz üzvlərinin sayı 5 milyona çatırdı. Yəni əhalinin hər 7 nəfərindən biri partiya üzvü idi. Bu göstərici SSRİ-də artıq 60 il hakim olan Kommunist Partiyasını belə üstələyirdi.

Şahı özünün həyata keçirdiyi islahatlar sayəsində ölkədə təhsilli insanların sayı xeyli artmışdı. İndi onlar ölkənin belə mütləqiyyət rejimi vasitəsilə idarə olunmasını bəyənmir, şahın müxalifətinə çevrilirdilər.

Külli miqdarda dövlət xərcləri inflyasiyanın artmasına səbəb oldu. 1977-ci ildə inflyasiya 24,9%-ə çatdı. Bunun qarşısını almaq üçün müraciət edilən qənaət rejimi sayəsində isə işsizlərin sayı artdı və narazılıq bir az da çoxaldı.

1976-cı ildə şah daha bir zərərli islahata əl atdı. İran kimi dindar bir ölkədə mövcud olan hicri-şəmsi təqvimi əvəzinə “Şahənşahi” deyilən təqvim tətbiq edildi. Bu təqvim Əhəməni hökmdarı Kirin e.ə. 559-cu ildə taxta çıxmasından başlayırdı. Martın 21-də İran hicri-şəmsi 1355-ci ildən şahənşahi 2535-ci ilə adladı.

Demək artıqdır ki, bu yenilik dindarların kəskin narazılığına səbəb oldu. Əslində cəmiyyət onu tamamilə inkar etdi. Məsələn, 1978-ci ilin iyununda müxalifətçi Milli Cəbhənin üç lideri – Şapur Bəxtiyar, Kərim Səncabi və Dariuş Forouhar şaha islahatlarla bağlı təkliflərini yazarkən onun altında tarixi nümayişkaranə şəkildə hicri-şəmsi təqvimi ilə göstərmişdilər.

***

Bütün bu illərdə İranda narazılıqlar eksponensial şəkildə artsa da, əsasən gizli gedir və ilk baxışda hiss olunmurdu. Təsadüfi deyil ki, 1977-ci ilin sonlarında İrana gələn və yeni ili burada qarşılayan ABŞ prezidenti Cimmi Karter İranı olduqca gərgin regionda “sabitlik adası” adlandırmışdı.

Cəmi 8 gün sonra isə İran inqilabının başlanğıcı sayılan ilk etiraz aksiyası keçirildi.

Ana səhifəAnalitikaİran: inqilab öncəsi