İran etirazları 2022: Hüquq müdafiəçilərindən beynəlxalq ictimaiyyətə çağırış

İran hakimiyyətinə qarşı aksiya. Foto: Zara.Masrour/shutterstock

“İranda öldürülən 13 Azərbaycan əsilli etirazçının kimliyini dəqiqləşdirə bilmişik”

“Beynəlxalq ictimaiyyət və təşkilatların təzyiqləri artmazsa və lazımi tədbirlər görülməzsə, İranda etirazçıların, qadınların və etnik hüquq müdafiəçilərinin həyati riskinin kəskin şəkildə artacağından narahatıq”.

Xaricdə və mühacirətdə yaşayan azərbaycanlı hüquq müdafiəçilərinin İrandakı etirazlarla bağlı hazırladıqları hesabatda belə deyilir.

Hesabat müəllifləri İranda yaşayan azərbaycanlıların böyük insan hüquqları pozuntuları ilə rastlaşdıqlarını bildirirlər. Onlar qeyd edirlər ki, həmin hüquq pozuntuları ilə rastlaşanlar əsasən də Zəncan, Qəzvin, Həmədan, Əlborz və Tehran, Ərdəbildə yaşayanlardır:

“Ümumiyyətlə, insan haqları təşkilatları İranın ucqar yerlərindən, xüsusən də milli-mədəni hüquqların davamlı şəkildə pozulduğu bölgələrdən çox az danışır”.

“İran qeyri-farslara daha çox basqı edir”

Sənəddə deyilir ki, bu hesabatı ABŞ və Kanadada yaşayan azərbaycanlı hüquq müdafiəçiləri İran daxilindəki azərbaycanlı hüquq müdafiəçiləri ilə əlaqələrindən istifadə edərək hazırlayıblar.

Hesabat daha çox Ərdəbil, Zəncan, Qəzvin vilayətlərində insan haqlarının vəziyyətindən bəhs edir:

“Təəssüf ki, beynəlxalq insan haqları məruzəçilərinin əsasən bu regionların məlumatlarına adekvat çıxışı yoxdur. Halbuki son xəbərlərin təhlili göstərdi ki, hökumət ucqar bölgələrdə farslara nisbətdə qeyri-farslara daha sərt şəkildə basqı edir. Şahidlərdən, qurbanların ailələrindən əldə edilmiş, dərc olunmuş məlumatlardan və etirazçılardan toplanmış sübutlara əsaslanaraq deyə bilərik ki, təhlükəsizlik və SEPAH qüvvələri etirazları boğmaq üçün qəsdən odlu silahdan istifadə edir”.

Zəncan, Qəzvin, Ərdəbil…

Hesabat müəllifləri qeyd edirlər ki, etiraz aksiyalarından əldə edilən görüntülər və İrandan dərc olunmuş hesabatlar Zəncan, Qəzvin, Ərdəbil və Tehranda etirazçılar məcburi hicaba, qadın hüquqları məsələlərinə qarşı çıxaraq etnik hüquq və azadlıqlarını müdafiə edir:

“Etirazçılar İslam Respublikası rəhbərliyinə, o cümlədən ali rəhbərinə qarşı çoxlu şüarlar səsləndirir. Artıq nümayişlər zamanı hökumətin etirazçıları sıxışdırmağa başlaması sırasında çoxlu sayda etirazçı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, şikəst edilib və öldürülüb. Öldürülənlərin əksəriyyəti həqiqi güllə ilə öldürülüb. Tehranda və azərbaycanlıların yaşadığı digər iri şəhərlərdə zərərçəkmişlər haqqında məlumatın əlçatan olmaması səbəbindən azərbaycanlıların itkilərini asanlıqla müəyyən etmək mümkün deyil. Buna baxmayaraq, bu tip məlumatlardan bəziləri dəfn videoları, ailə üzvlərinin ifadələri, hüquq müdafiəçilərinin araşdırmaları və qurbanların sosial media profilləri əsasında müəyyən edilib”.

“Təhlükəsizlik orqanları qurbanların yaxınlarına təzyiq göstərir”

Hesabatda bildirilir ki, bəzi hallarda təhlükəsizlik orqanları qurbanların yaxınlarına təzyiq göstərir.

Deyirlər ki, nümayişçiləri paytaxtdan kənarda öz şəhərlərində dəfn etsinlər:

“Bu halda qurbanların mənşəyi müəyyən edilə bilir. Bu günə qədər İranda öldürülən 13 Azərbaycan əsilli etirazçının kimliyini dəqiqləşdirə bilmişik. Aşağıdakı cədvəldə etirazların qurbanları haqqında ətraflı məlumat verilir. Təbriz nümayişindən bir gün sonra 21 sentyabr 2022-ci ildə Zəncan da bu etirazlara qoşulub. Zəncanda etirazçıların toplanması çərşənbə günü saat 18:00 radələrində başlayıb və tədricən şəhərin digər əsas hissələrinə yayılıb. Etiraz edən vətəndaşların sayının artmasının ardınca polis və təhlükəsizlik qüvvələri dəyənəklərlə vətəndaşlara hücum edib, gözyaşardıcı qaz atıb və birbaşa ov tüfəngindən etirazçılara atəş açıb. Metal güllə və dəyənək zərbələri nəticəsində bir neçə vətəndaş yaralanıb. Polis və təhlükəsizlik qüvvələri etirazları dayandırmaq üçün bir çox vasitə və müxtəlif üsullardan istifadə edib”.

İran hakimiyyətinin etirazlara yanaşması

Hüquq müdafiəçilərinin hazırladıqları hesabatda qeyd edilir ki, zərərçəkmiş və öldürülmüş şəxslərin ailələrinin, hadisə şahidlərinin, İran daxilində insan haqları müdafiəçiləri və Beynəlxalq İnsan Hüquqları Təşkilatlarının nümayişçilərin və digər insanların öldürülməsi ilə bağlı verdikləri çox sayda məlumatlara baxmayaraq, İran ölüm faktlarını geniş miqyasda inkar edir. Bu faktlarla bağlı heç bir məsuliyyət görülmür:

“Təhlillər göstərir ki, bir sıra hallarda ölüm hallarının qarşısını almaq olardı. Səksən üç yaşlı ali lider Xameneyi etirazçıları “iğtişaşçılar” və “xalq düşmənləri” kimi qələmə verib:

“Açıq şəkildə deyirəm ki, bu iğtişaşlar və bu güvənsizlik ABŞ və işğalçı, saxta sionist rejim [İsrail] və onlara pul ödəyənlər tərəfindən hazırlanıb və xaricdəki bəzi satqın iranlılar onlara kömək ediblər”, – Xameneyi 3 oktyabr 2022-ci il tarixli çıxışında deyib.

2022-ci il sentyabrın 23-də İranın daxili işlər naziri Əhməd Vahidi etirazlar zamanı həlak olanlarla bağlı açıqlamalar verib.

O, “İranın qərbindən və şimal qərbindən olan inqilab əleyhdarı fəal qruplar” haqqında danışıb”.

“İran hökuməti ölümlərlə bağlı məsuliyyəti öz üzərindən atmağa çalışır”

Hesabat müəllifləri bildirirlər ki, İran hökuməti qurbanların ailələrinə təzyiq edir ki, ölən nümayişçilərin qəzalarda və ya ürək çatışmazlığından öldüklərini elan etsinlər.

Məsələn, Əsra Pənahi məsələsində hökumət Əsranın ailəsinə təzyiq göstərərək onun xəstəlik səbəbilə vəfat etdiyini söyləməklərini istəyir:

“Urmiyada öldürülmüş Nimanın isə it dişləməsindən dünyasını dəyişdiyi bildirilir. Beləliklə, İran hökuməti bu tip münasibət və hərəkətlərlə ölüm faktları ilə bağlı məsuliyyəti öz üzərindən atmağa çalışır”.

“Xəstəxanalar hakimiyyətin nəzarətindədir, yaralıları təcili yardım maşınlarında həbsxanalara aparılır”

Sonda bildirilir ki, nəticə və tövsiyələr, internet məhdudiyyətlərinə baxmayaraq, etirazçıların öldürülməsi və kütləvi saxlanması xəbərləri artıb.

İnsanlar zərərçəkmiş, yaralanmış etirazçıları evlərdə müalicə edirlər ki, onları həbs olunmaqdan qorusunlar: “Çünki xəstəxanalar hakimiyyətin nəzarətindədir və yaralıları təcili yardım maşınlarında həbsxanalara aparırlar. Yaralıların “Əl-Qadir” xəstəxanasına və orduya göndərildiyi bildirilsə də, əlavə məlumat verilmir. Təbrizdəki həbsxana etiraz edən tələbələrlə doludur. Müvafiq saxlama yerlərinin çatışmazlığı səbəbindən bir neçə məhbus, o cümlədən tələbələr həbsxanadan kənar yerlərə aparılıb”.

Hesabatın sonunda beynəlxalq ictimaiyyət və təşkilatlara İrandakı durumla bağlı çağırış edilib.

Ana səhifəDünyaİran etirazları 2022: Hüquq müdafiəçilərindən beynəlxalq ictimaiyyətə çağırış