Qonşu Gürcüstan isə ABŞ, Britaniya və Çexiya ilə eyni kateqoriyada
Azərbaycan iqtisadiyyatı “orta azad” kateqoriyasına salınıb. Bu baxımdan Fildişi Sahili (Afrikada ölkə) ölkəsi ilə yan-yanadır.
İqtisadiyyatının azadlığına görə, Vanuatu, Paraqvay və Bəhreyn Azərbaycandan öncə gələn 3 ölkədir.
Heritic Fondunun (Heritage Foundation) dünyada iqtisadi azadlığın durumuna dair açıqladığı “2022-ci il İqtisadi Azadlıq İndeksi”ndə belə bildirilir.
Hesabatda Azərbaycan 75-ci pillədə yer alıb.
İndeks iqtisadi azadlığın 12 kateqoriyası üzrə 0-100 ballıq şkala üzrə 177 ölkəni dəyərləndirib.
Kateqoriyalar üzrə həmin ölkələrin orta balı hesablanıb.
Bura əmlak hüquqları, effektiv ədliyyə, hökumətin bütövlüyü, vergi yükü, hökumətin xərcləri, biznes azadlığı, fiskal sağlamlıq, monetar azadlıq, əmək azadlığı, ticarət azadlığı, investisiya azadlığı və maliyyə azadlığı daxildir.
Builki hesabatdan aydın olur ki, dünya ölkələrinin əksəriyyəti iqtisadi azadlıqda geriləyib.
Qonşu ölkələr
Azərbaycanla qonşu ölkələrə gəlincə, Gürcüstan 26-cı sırada yer alıb. Bununla “əsasən azad” ölkələr sırasına düşüb. Bu kateqoriyada 27 ölkə var. Gürcüstandan əvvəldə Çexiya, ABŞ, İngiltərə, sonrasında isə Malta gəlir.
Ermənistan da Azərbaycan kimi “orta azad” kateqoriyasına düşüb. Ancaq Azərbaycandan 17 pillə öncə, 58-ci yerdə qərarlaşıb. Əvvəlində İtaliya, sonrasında isə Serbiya, Kolumbiya gəlir.
Qazaxıstan 64-cü pillədə qərarlaşıb. O da “orta azad” kateqoriyalı ölkələr sırasındadır. Özündən əvvəl İndoneziya, sonra isə Sent-Lüsiya yer alıb.
Türkiyə və Rusiya “azad olmayan” kateqoriyasında
Sıralamada Türkiyə 107-ci yerdə qərarlaşıb, yəni “azad olmayan” kateqoriyasındadır. Özündən əvvəl Kamboca, sonra isə Oman gəlir.
Rusiya siyahının 113-cü yerində qərarlaşıb. O da “azad olmayan” ölkələr sırasındadır. Rusiyadan əvvəl isə Cənubi Afrika, sonrasında isə Mali, Qırğızıstan gəlir.
Türkmənistan və İran isə “repressiya altında”
Türkmənistan və İran iqtisadiyyatının isə “repressiya altında” olduğu qeyd edilib.
İqtisadiyyatı “tam azad” olan 7 ölkə isə Sinqapur, İsveçrə, İrlandiya, Yeni Zelandiya, Lüksenburq, Tayvan və Estoniyadır.
Son illər Azərbaycana həm xarici, həm də yerli investisiya qoyuluşları da azalıb.
Ölkəyə qoyulan xarici yatırımlar azalıb
2014-cü ildə ölkəyə 10161,1, 2015-ci ildə 10719,1, 2016-cı ildə 10161,1, 2017-ci ildə 9120,5, 2018-ci ildə 8236,5, 2019-cu ildə 7129,1, 2020-ci ildə isə 6125,4 milyon dollar xarici investisiya qoyulub.
İqtisadçı Nemət Əliyev daha öncə Meydan TV-yə bildirib ki, son 6 ildə Azərbaycana qoyulan xarici sərmayələr 63 faiz və ya 4 milyard 267 milyon dollar azalıb.
Onun sözlərinə görə, səbəb ölkədə əlverişli biznes mühitinin olmamasıdır: “Azalma dinamikası hökumətin investisiya siyasətinin iflasa uğradığını göstərir. Ciddi siyasi islahatlar aparmadan ölkənin sosial-iqtisadi həyatında inkişafa nail olmaq mümkün deyil”.
Azərbaycan rəsmiləri adətən açıqlamalarında ölkədə iqtisadi azadlığın olduğunu bildirirlər. Biznes qurmaq üçün şəraitin olduğunu deyirlər.
Müstəqil ekspertlər isə daim açıqlamalarında əksinə, yerli qurumların açıqladığı hesabatlara şübhə ilə yanaşdıqlarını bildiriblər.
Səbəb kimi isə ölkədə müstəqil araşdırma aparan qurumların olmamasını, dövlətə bağlı qurumların isə “hər şey yaxşıdır” görünüşü yaratmaq üçün yanıldıcı nəticələr açıqlamasını göstərirlər.