İqtisadçı: “Hökumətin investisiya siyasəti iflasa uğrayıb”

İnvestisiya.Mənbə: Janusz Pienkowski/shutterstock

“Ölkədə yalnız xarici sərmayələr deyil, daxili sərmayələr də azalıb”

Azərbaycana investisiya qoyuluşları azalıb. Bura həm xarici, həm də yerli investisiya qoyuluşları daxildir.

2014-cü ildə Azərbaycana qoyulan xarici investisiya 10161,1 milyon dollar olub. Həmin il ölkəyə yatırılan daxili investisiya isə 4066,9 milyon dollar edib.

2014-cü ildən sonra investisiya qoyuluşları azala-azala gedib.

2015-ci ildə xarici investisiya 10719,1 milyon, 2016-cı ildə 10161,1 milyon, 2017-ci ildə 9120,5 milyon, 2018-ci ildə 8236,5 milyon, 2019-cu ildə 7129,1 milyon, 2020-ci ildə isə 6125,4 milyon manat olub.

Daxili investisiyalar da hər il azalıb.

2015-ci ildə 8828,1 milyon, 2016-cı ildə 4066,9 milyon, 2017-ci ildə 5092,8 milyon, 2018-ci ildə 6985,2 milyon, 2019-cu ildə 7568,9 milyon, 2020-ci ildə isə 7100,5 milyon manat ayrılıb.

İqtisadçı Nemət Əliyev də deyir ki, son 6 ildə Azərbaycana qoyulan xarici sərmayələr 63 faiz və ya 4 milyard 267 milyon dollar azalıb.

Üstəlik, yalnız xarici sərmayələr deyil, daxili sərmayələr də azalıb: “2014-2021-ci illərdə bu göstərici 16 milyard dollardan 7 milyard dollara qədər enib. Bilirsinizmi, ötən müddətdə Azərbaycanda guya əlverişli biznes mühitinin olması haqqında nə qədər bəyanatlar, açıqlamalar, müsahibələr verilib, çağırışlar edilib? Xarici sərmayədarlar bir yana qalsın, heç deputat Cavanşir Feyziyev bu çağırışların doğruluğuna məhəl qoymayıb, milyonları Londona daşımağa üstünlük verib”.

İqtisadçı bildirib ki, dinamika açıq şəkildə hökumətin investisiya siyasətinin iflasa uğradığını göstərir: “Bu şərtlər altında ölkəni irəli aparmaq çox müşkül məsələdir. Çox ciddi siyasi islahatlar aparmadan ölkənin sosial-iqtisadi həyatında inkişafa nail olmaq mümkünsüz görünür. Böyük dəyişikliklərə zərurət yaranıb”.

Nemət Əliyev
Foto: Meydan Tv

Azərbaycana ən çox investisiya yatıran ölkə Böyük Britaniyadır.

2021-ci ildə Azərbaycana yatırılan xarici investisiyanın üçdə birindən də çox bölümü təkcə Böyük Britaniyanın payına düşüb (33.7 faiz). Türkiyə (14.5 faiz) və Amerika Birləşmiş Ştatları da (11.2 faiz) Azərbaycana yatırılan investisiyanın həcminə görə seçilir.

Azərbaycanın da ən çox investisiya yatırdığı ölkə elə Britaniyadır.

2021-ci ilin 9 ayı ərzində Azərbaycandan xarici ölkələrə toplam 501 milyon dollar birbaşa investisiya yatırılıb.

Həmin vəsaitin beşdə biri, yəni 107 milyon dolları Böyük Britaniyaya gedib.

2020-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə yatırılan investisiyaların məbləği 877 milyon dollar, yəni indiki göstəricidən 376 milyon dollar daha çox olub.

2020-ci illə müqayisədə ötən il Azərbaycandan Türkiyəyə 25 milyon dollar, Monteneqroya 78 milyon dollar, Rusiyaya 79 milyon dollar, Amerika Birləşmiş Ştatlarına isə 111 milyon dollardan daha az investisiya yatırılıb.

Əvəzində Böyük Britaniyaya yatırılan vəsait 14 milyon dollar, Gürcüstana yatırılan investisiyalarsa 30 milyon dollara yaxın artıb.

Ana səhifəİqtisadiyyatİqtisadçı: “Hökumətin investisiya siyasəti iflasa uğrayıb”