Nemət Əliyev: “Rüsumların artırılması əhalini 100 milyon manatdan çox ziyana salacaq”
Azərbaycanın maliyyə naziri Samir Şərifov kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı dövlət rüsumunun artırılmasından danışıb.
Nazir: “Ərzaq məhsullarının rüsumunda artım yoxdur”
O, rüsum artımının hər hansı ərzaq məhsulunun qiymətinə təsir etməyəcəyini deyib.
“Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artım yoxdur. Bu, tamamilə əsası olmayan uydurmalardır”, – deyə nazir Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında vurğulayıb.
“Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklikdə heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsinə görə dövlət rüsumlarının alınması nəzərdə tutulub.
Eyni zamanda, ətin, heyvan, quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə də dövlət rüsumlarının alınacağı bildirilir.
Bundan başqa, dəyişikliklərdə baytarlıq şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu 5 manatdan 10 manata, baytarlıq sertifikatının verilməsi üçün dövlət rüsumu isə 20 manatdan 25 manata qalxması da təklif edilib.
Bunlar sırf ərzaqla bağlı olan artımlardır.
İqtisadçı Natiq Cəfərli deyir ki, ildə bir dəfə alınan sertfikatın rüsumunun 5 manat qalxması qiymət artımına təsir edəcək amil deyil:
“Burada Samir Şərifov haqlıdır. Çünki qiymət artımına təsir edən əsas amil rüsum yox, inhisarçılıq, korrupsiya, rəqabətsizlik mühiti, xüsusən də xaricdən gətirilən məhsullarda və məmur biznesidir. Bütün bunlar qiymət artımına daha çox təsir edir, nəinki digər amillər”.
İqtisadçı Meydan TV-yə onu da bildirib ki, 266 rüsumun artırılması müzakirəyə çıxarılıb və parlamentə təqdim edilib:
“Düzdür, heyvandarlıqla bağlı da bəzi rüsumlar artırılması nəzərdə tutulub. Məsələn, 5 manatdan 10 manata qalxan rüsum var. Amma bu, ildə bir dəfə alınan sertfikatdır və məncə, qiymət artımına ciddi təsir göstərəcək amil deyil”.
İqtisadçı Nemət Əliyev isə “Facebook”da yazıb ki, artımlarla bağlı layihə təsdiqlənəcək və “Dövlət rüsumu haqqında” Qanuna da müvafiq dəyişiklik aparılacaq:
“Elə Maliyyə Nazirliyinin bu barədə verdiyi açıqlamadan da məlum olur ki, dövlət rüsumlarının artırılması əhalini 100 milyon manatdan çox ziyana salacaq. Rüsumların artırılması ilə bağlı verilən izahatlar isə çox gülüncdür, hətta elementar tənqidə dözümü yoxdur”.
İqtisadçı əlavə edib ki, hökumət ölkədə bahalaşmanın əsas katalizatoru kimi çıxış edir:
“Bahalaşmada sahibkarların bir o qədər də rolu yoxdur. Benzin, dizel, su, təbii qaz, elektrik enerjisinin ardınca rüsumların qaldırılması bu cür nəticə çıxarmaq üçün əsaslar yaradır. Alıcılıq qabiliyyətinin pisləşdiyi bir şəraitdə hökumətin əlavə bahalaşma təşəbbüsləri ölkədə həyat səviyyəsini birmənalı pisləşdirəcək”.
Komitə üzvü: “Artım çox cüzidir”
Maliyyə Nazirliyindən “Turan”a bildirilib ki, rüsum məbləğlərinin dəyişilməsi nəticəsində dövlət büdcəsinə 100 milyon manatdan artıq əlavə vəsaitin daxil olması nəzərdə tutulur.
Foto: Wikimedia
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə agentliyə deyib ki, dövlət rüsumlarının məbləğinin artması əhalinin aylıq və illik xərclərinə əhəmiyyətli dərəcədə təsir göstərməyəcək:
“Düzdür, bu addım qiymətlərin artım istiqamətində dəyişməsinə gətirib çıxaracaq. Lakin bu artım çox cüzidir”.
Onun sözlərinə görə, əvvəl rüsumlar Nazirlər Kabinetinin qərarı və prezidentin sərəncamı ilə dəyişdirilib:
“İndi isə bütün rüsumlar qanunla müəyyənləşəcək. Bununla da həmin məsələlər nizama salınacaq. Digər tərəfdən, bundan sonra bütün rüsumlar büdcəyə yönləndiriləcək. Bununla da şəffaflıq və hesabatlılıq artacaq. Bundan əvv əl isə rüsumların bir hissəsi büdcədənkənar fondlara gedirdi”.
Deputat: “”Dövlət rüsumu haqqında” Qanunda çox ciddi dəyişikliklər edilməlidir”
“”Dövlət rüsumu haqqında” Qanunda çox ciddi dəyişikliklər edilməlidir”, – deputat Vahid Əhmədov belə düşünür.
O deyir ki, qanunlara təklif edilən dəyişikliklərin bir hissəsi ərzaq və kənd təsərrüfatı məhsulları ilə bağlıdır:
“Bu da bazarda qiymətlərə təsir edən amillərdəndir. “Dövlət rüsumu haqqında” qanuna ərzaq və kənd təsərrüfatı məhsulları ilə bağlı təklif olunan rüsumları reklam və digər yerlərə əlavə etmək lazımdır”.