İqtisadçı: Dövlət özünü bazar alverçisi kimi apara bilməz

Foto: Milli Məclis

Qubad İbadoğlu: “Rusumların qaldırılması iki ildir əməkhaqqı artmayan əhalini daha pis duruma salmağa hesablanıb”

Noyabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Toplantıda müzakirə edilən məsələlərdən biri də “Dövlət rüsumu haqqında” Qanun layihəsinə dəyişiklik layihəsi olub. Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

“Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklərdə bəzi dövlət rüsumlarının məbləğinin artacağı bildirilir. Eyni zamanda, yeni dövlət rüsumlarının da müəyyən ediləcəyi xəbər verilir.

Açıq məkanda reklam rüsumu

Bundan sonra Azərbaycanda açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün tutulan dövlət rüsumunun məbləği reklamın formasından və ölçüsündən aslı olaraq dəyişə bilər.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, sözügedən məbləğ 5 – 100 manat arasındadır.

Baytarlıq şəhadətnaməsi və sertfikatı rüsumu artır

Baytarlıq şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu 5 manatdan 10 manata, baytarlıq sertifikatının verilməsi üçün dövlət rüsumu isə 20 manatdan 25 manata qaldırıla bilər.

Ovçuluq biletinin verilməsinə görəsə 25 manat dövlət rüsumu tətbiq olunacağı bildirilir.

Evlənmək və boşanmaq bahalaşır?

Soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün olan dövlət rüsumu da 10 manatdan 15 manata qaldırılacağı qeyd edilir.

Azərbaycanda nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata, nikahın pozulmasının qeydə alınması üçün dövlət rüsumunun məbləğinin isə 15 manatdan 20 manata qalxacağı deyilir.

Müqavilə üzrə əmlakın ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçməsinə görə dövlət rüsumunun da 20 manatdan 25 manata dəyişdiriləcəyi bildirilir.

Heyvandarlıqda rüsum artımı

Eyni zamanda, investisiya təşviqi sənədi almaq istəyənlərin də bunun üçün 70 manat dövlət rüsumu ödəyəcəyi bildirilir.

Həmçinin, bundan sonra heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və yaxud ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasına görə də dövlət rüsumları tətbiq oluna bilər.
Dəyişikliklərdən birinin də düzgün tutulmamış və yaxud artıq ödənilmiş dövlət rüsumunun geri qaytarılması müddətinin azaldılacağı olduğu gözlənilir – 45 gündən 20 günə.

Mobil cihaz rüsumları

Mobil cihazlara görə dövlət rüsumunun dərəcələrinin də müəyyənləşdiyi bildirilir. Bazar qiyməti 100 dollaradək olan telefonlara 30, 101 dollardan 200 dollaradək olanlara 50, 201 dollardan 400 dollaradək olduqda 60, 401 dollardan 700 dollaradək 70, 701 dollardan 1000 dollaradək olanda 100, 1001 dollardan yuxarı olanda 150 manat dövlət rüsumu tutulacağı deyilir.

Avtomobil qeydiyyat nişanları

Avtomobillərin dövlət qeydiyyat nişanlarında əks olunmuş rəqəmlərlə bağlı da dövlət rüsumlarının müəyyən edildiyi qeyd olunur.

Dəyişikliklə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 2000, seriyası eyni hərflərdən ibarət olduqda 3000 manat, 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1500, seriyası eyni hərflərdən ibarət olduqda 2000, 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrin seriyası müxtəlif hərflərdən ibarət olduqda 1000, seriyası eyni hərflərdən ibarət olduqda 1500 manat dövlət rüsumu tutulacağı bildirilir.

Sonda 100 milyon manat vəsait

Dövlət rüsumlarının məbləğinin dəyişdirilməsi nəticəsində daxil olacaq əlavə vəsaitin təqribi məbləği də açıqlanıb.

“Dövlət rüsumu haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu dəyişikliklər nəticəsində dövlət büdcəsinə 100 milyon manatdan artıq əlavə vəsaitin daxil olması nəzərdə tutulur.

“Dövlət göstərdiyi xidmətin maya dəyərini şəffaf şəkildə açıqlamalıdır”

İqtisadçı Natiq Cəfərli düşünür ki, əslində dövlət özünün müstəsna səlahiyyətlərinə daxil olan xidmətlərdən pul qazanmamalıdır. Bu işin fəlsəfəsi budur, yəni dövlət göstərdiyi xidmətin maya dəyərini şəffaf şəkildə açıqlamalı, buna uyğun da rüsum təyin etməlidir: “Dövlət özünü bazar alverçisi kimi apara bilməz, çünki mənim vətəndaş olaraq o xidmətləri başqa yerdən almaq imkanım və hüququm yoxdur”.

“Bu nə alverçilikdir?”

İqtisadçı deyir ki, avtomobillərin qeydiyyat şəhadətnaməsinin verilməsi rüsumu 25 manatdan 30 manata qaldırılır. Bu, elə bahalı proses də deyil, artımın səbəbi yoxdur: “Bir çoxunuz o prosesi görmüsüz: Hazır şablon blanklara lazım olan məlumatlar yazılır, sonra onu polietilen üzlüyün içinə yerləşdirilib tosterə oxşar bir aparata qoyub sıxırlar, bütün proses, maksimum 1-2 dəqiqə zaman alır, bunun maya dəyəri də, maksimum 2 manatdan çox deyil. Dövlət bunu mənə niyə 30 manata satmalıdır ki? Bu nə alverçilikdir? Axı mənim başqa yerdən qeydiyyat şəhadətnaməsi almaq şansım yoxdur ki, ucuz yer axtarım”.

Natiq Cəfərli bildirir ki, eyni şey xarici pasport üçün də keçərlidir. Dövlət öz vətəndaşına xarici pasportu 60 manata verməməlidir: “Bu sənədin maya dəyəri neçəyədir ki, belə baha qiymətlər qoyulub? Heç görülən işlərin maya dəyəri də açıqlanmır, bu da ayrı problemdir”.

“Əhalinin əlavə ödənişləri 400 milyon manatı ötəcək”

İqtisadçı Qubad İbadoğlu isə rüsumlar artırılarsa, əhalinin nə qədər xərcə düşəcəyini hesablayıb. Deməsinə görə, rüsum artımıdan əhali 193,5 milyon manat, aksizlərin qaldırılmasından isə 207,8 milyon manat xərcə düşəcək.

Gələn ildən bu iki mənbədən əhalinin əlavə ödənişləri 400 milyon manatı ötəcək: “226 adda dövlət rüsumlarının qaldırılması əhaliyə gələn il üçün əlavə olaraq 193,5 milyon manat xərc yaradacaq. Belə ki, 2021-ci ilin büdcəsində dövlət rüsumlarının məbləği 170 milyon manat proqnozlaşdırıldığı halda, gələn il bu mənbədən 363 milyon 500 min manat vəsait toplanması planlaşdırılır”.

“Rüsumların artımı bəzi ərzaq məhsullarının bahalaşmasına gətirəcək”

İqtisadçı bildirib ki, elə gördündüyü kimi, rüsumların artması əhalinin əksər hissəsi üçün yaşam şərtlərinin çətin olduğu indiki dövrdə əhalinin xərclərini əhəmiyyətli dərəcədə artıracaq: “Məncə, dövlət rüsumlarının əsaslandırılmadan kütləvi və yüksək artımı doğru qərar deyil. İki ildir ki, əməkhaqqı artmayan əhalini daha da pis duruma salmağa hesablanıb. Rüsumların artımı həmçinin bir sıra ərzaq məhsullarının qiymətini, eləcə də xidmətlərin tariflərini də yüksəldəcək”.

“Hökumət xidmətlərin maya dəyərini açıqlamalıdır”

İqtisadçı düşünür ki, təklif edilən dəyişikliklərə hər kəsin etirazı vacibdir.

Hökumət isə bu sahədə şəffaflığı təmin etməli, rüsumu qaldırılan xidmətlərin maya dəyərinin tərkibinə daxil edilən xərc elementlərini açıqlamalıdır: “Büdcə paketində nəzərdə tutulan artımlardan biri də yerli məhsulların aksizləridir. Gələn ildən içməli spirt, pivə və spirtli içkilərin bütün növlərinin, tütün məmulatlarının, energetik içkilərin, elektron siqaretlərin qiyməti də kəskin bahalaşacaq. Bu mənbədən də əlavə istehlak xərci 207 milyon 847 min manat təşkil edəcək. Beləliklə də, aksiz və rüsumların artmasından əhalinin əlavə məsrəfləri 400 milyon manatı ötəcək”.

Ana səhifəİqtisadiyyatİqtisadçı: Dövlət özünü bazar alverçisi kimi apara bilməz