İqtisadçı: Maaş, pensiya və təqaüdlərin artırılmasına bu ildən başlanılmalıdır

“Nazirlər Kabineti maaş, pensiya və təqaüdlərin artırılması ilə bağlı hazırlayacağı təklifləri bu ilin büdcəsində nəzərə almalı, artımı noyabrın 1-dən tətbiq etməlidir”

Mənbə: arxiv


ARDNF, dövlət və icmal büdcədə birgə 3,5 milyardlıq artıq yaranıb

Bu ilin 9 ayında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 10 milyard 444 milyon 500 min olub.

Həmin dövrdə Fondun büdcə xərcləri isə 7 milyard 328 milyon 200 min manat təşkil edib.

ARDNF-nin açıqladığı

məlumat

da belə deyilir.

Bildirilir ki, 9 ayda ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 178 milyon 200 min manat olub: "Mənfəət neftinin və qazın satışından isə 7 milyard 384 milyon 400 min əldə edilib. Bonus ödənişləri 772 milyon, tranzit gəlirlər 16,5 milyon, akrhesabı (akrhesabı ödənişlər – karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ödənilən vəsaitlərdir – red.) ödənişlər 5,3 milyon manat olub”.

Hesabatda o da qeyd edilir ki, ARDNF-nin vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 2 milyard 266 milyon 300 min manat olub: “Qalan 7 milyard 309 milyon 700 min manat isə dövlət büdcəsinə transfert edilib. Təhsillə bağlı dövlət proqramının maliyyələşməsinə 3,4 milyon manat yönəldilib. Eyni zamanda, 2021-ci ilin 9 ayı ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 15,1 milyon manat olub”.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqə görə Fondun 1 milyard 990 milyon 600 min manat büdcədənkənar xərci yaranıb: “İlin əvvəlinə baxanda sentyabrda Fondun aktivləri 1.52 faiz artıb. 43 milyard 564 milyon 300 mindən 44 milyard 226 milyon 400 min dollara yüksəlib”.

İqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsində

yazır

ki, rəqəmlərdən ARDNF büdcəsində 3 milyard 116 milyon 300 min manat profisit (artıqlıq) yarandığı görünür.

Onun fikrincə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 851 milyon 400 min manatlıq artım, xərclərdə isə 1 milyard 718 milyon 100 min manatlıq azalma deməkdir: “9 ayda Fondun büdcə gəlirləri 6 milyard 593 milyon 100 min manat, büdcə xərcləri isə 9 milyard 46 milyon 300 min manat olub. 2021-ci ilin doqquz ayı üçün olan dövlət büdcəsinin icrasına (operativ) dair məlumatda bildirilir ki, büdcədə 159,7 milyon manat profisit olub. Yəni ARDNF, dövlət büdcəsi və icmal büdcə ilə bərabər bu ilin 9 ayında 3 milyard 563 milyon 100 min manat büdcə artığı yaranıb”.

İqtisadçı deyir ki, icmal büdcədə nəzərdə tutulan məsrəfləri qarşılayandan sonra xərc təyinatı müəyyənləşdirilməmiş 3,5 milyard manatdan artıq vəsait var: "O zaman niyə 16 oktyabrda İlham Əliyevin imzaladığı sərəncamda nəzərdə tutulan maaş, pensiya, təqaüd artımı növbəti ilə planlaşdırılır? Qiymətlər bahalaşıb və əhali 2 ildir yaranan əlavə məsrəfləri eyni maaş, sosial müavinət və təqaüdlə ödəyir. İndeksləşdirmə isə yalnız pensiyalara tətbiq olunur. 2021-ci ilin ilk 8 ayında orta aylıq nominal əməkhaqqı 2020-ci ilin eyni dövrünə nisbətən 2,2 faiz artıb. Düzgün hesablanması şübhə doğuran rəsmi açıqlamaya görə, istehlak qiymətləri indeksi 5,2 faiz yüksəlib”.

qubad.jpg
Qubad İbadoğlu

Qubad İbadoğlu hesab edir ki, hələ il ərzində nəqliyyatda (metroda da həmçinin) gediş haqqının, istiliyin, neft məhsullarının qiymətinin tariflərinin yenidən bahalaşması gözlənilir: "Belə olan halda əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasına gələn ildən yox, bu ildən başlanmalıdır. İqtisadi məntiq və qanunlar bunu tələb edir. Nazirlər Kabineti maaş, pensiya və təqaüdlərin artırılması ilə bağlı hazırlayacağı təklifləri bu ilin büdcəsində nəzərə almalı, artımı noyabrın 1-dən tətbiq etməlidir. Əks təqdirdə, ölkədə yoxsulluq və səfalət dərinləşəcək. Nəzərə alınmalıdır ki, Azərbaycanda işsizlər dövlətin sosial proqramlarından nadir hallarda faydalana bilir. Deməli, durum daha da ağır olacaq”.

İqtisadçı deyir ki, yoxsulluğun artmasının nəticəsi çox ağır olacaq: "Bu, ölkədə kriminal vəziyyətin gərginləşməsinə, xəstəliklərin artmasına, ailədaxili sosial gərginliyə, boşanmalara, miqrasiyalara gətirib çıxaracaq. Bu da sonda siyasi etirazlara səbəb olacaq”.

Prezident İlham Əliyevin oktyabrın 16-da “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında”

sərəncam

imzalayıb.

Həmin sərəncamda bildirilir ki, ölkədə insanlara ödənən sosial ödənişlər artsın. Ancaq sərəncamda bunun nə zamandan həyata keçirilməsi ilə bağlı heç nə yoxdur.

“Əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artacaq. Həmçinin minimum əməkhaqqı alanların da məvacibləri yüksələcək. Prezidentin sərəncamı 1 milyonadək işçini əhatə edəcək”, – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı açıqlamada belə

bildirilir

.

Nazirlik əlavə edir ki, pensiya və sosial müavinət artımı 450 min şəxsin sosial ödənişinin artırılmasına imkan verəcək.

Azərbaycanda hazırda minimum əməkhaqqı 250 manatdır.

Ölkə üzrə yaşayış minimumu isə 196 manatdır. 2019-cu ilədək Azərbaycandakı 180 manat civarındakı minimum əmək haqqı yaşayış minimumunun altında olub.

Prezidentin 2019-ci il iyunun 18-də imzaladığı

sərəncam

la ölkə üzrə minimum əməkhaqqı 40 faiz artırılaraq 250 manata çatdırılıb.

Ana səhifəİqtisadiyyatİqtisadçı: Maaş, pensiya və təqaüdlərin artırılmasına bu ildən başlanılmalıdır