Heykəltaraş Zaminin emalatxanasında
Heykəltaraş Zamin Rzayev 1989-cu ildə Naxçıvanda anadan olub. Uşaqlıqda karandaşla müxtəlif cızma-qara edən Zamini valideynləri dərnəyə yazdırırlar. Dərnəyə getdikdən sonra Zamiqin həyatı tamam başqa istiqamətə dəyişir.
Zaman-zaman rəsmlərlə müəyyən işlər yaradan Zamində sonradan palçığa, gilə maraq yaranır. Müəyyən vaxtdan sonra sənədlərini Rəssamlıq Akademiyasını verir və ora daxil olur. Demək olar ki, günün çox hissəsini Akademiyanın emalatxanasında keçirir.
Zaminin dediyinə görə, çətin heç bir iş yoxdur. Sadəcə sevmək lazımdır ki, iş insana asan gəlsin:
“Bir heykəli hazırlamaq üçün bəzən aylarla vaxt lazım olur. Qısa müddətə də heykəl hazırlamaq olar, amma o, istənilən kimi cəlbedici olmaya bilər. Heykəl hazırlayanda yeni-yeni ideyalar gəlir beynimə. Hər dəfə də istədiyimdən daha yaxşı əlavələr edirəm. Bu da məni daha gözəl və yeni işlər görməyə həvəsləndirir.
Pulu olan, amma zövqü olmayan bir adam mənə istiqamət versə, bu, çox pis təsir edər.Hazırda vəziyyət elədir ki, pulu olanın zövqü yoxdur, zövqü olanın da pulu. Ona görə çalışıram gələcəkdə maddi vəziyyətim yaxşı olsun ki, öz sevgimlə hazırladığım heykəlləri zövqlü insanlara hədiyyə edim”.