İlkin Süleymanovun qardaşı: “İlkinin başına gələnlərdən sonra yanğın görən kimsə ona yaxın durarmı?”

İlkin Süleymanov. Foto: Meydan TV

Vəkil Zabil Qəhrəmanov: “Prokurorun çıxışı nağıl idi, sadəcə, göydən üç alma düşmədi…”

Gündəmin əsas müzakirə mövzularından biri Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanova prokurorun 20 il azadlıqdan məhrumetmə cəzası istəməsidir.

“Hüquq-mühafizə orqanları Nərminin öz atasıyla bağlı niyə araşdırma aparmayıb?”

Mayın 3-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamını müdafiə edən prokuror Müşfiq Rəhimovun təklif etdiyi bu cəzadan hər iki tərəf narazı qalıb. Nərmin Quliyevanın atası Şərif Quliyev deyib ki, 20 il azdır, daha ağır cəza verilməsini istəyir.

İlkin Süleymanovun qohumları isə Şərif Quliyevin özünü ittiham edib. Onlar hesab edir ki, hüquq-mühafizə orqanları Şərif Quliyevin özüylə bağlı hərtərəfli araşdırma aparmalıydılar, lakin bunu etməyiblər:

“Halbuki, istər cinayət işinin materiallarında, istərsə də Şərif Quliyevin özünün davranışlarında onunla bağlı ciddi araşdırma aparmağa əsas verən məqamlar kifayət qədər çoxdur. Əksinə, Şərif Quliyevə güzəştlər olunub. Məsələn, vaxtilə müharibədən qaçdığı halda, bu hadisədən sonra onun üçün sənədlər düzəldilib, ona “müharibə veteranı” adı verilib. Müharibə dövründə qaçması haqda sənəd cinayət işinin materiallarında da var. Bu güzəştləri Şərif Quliyev üçün kimlər yaradır? Onun evi tərəfə mərmi düşmədiyi halda, hansı əsasla evi təmir olunub? Bunu kimlər elətdirib? Cinayət işində uşağın gündəliyi var, orada açıq şəkildə yazıb ki, atam məni istəmir, məni incidir. Adam bilir ki, az sonra qardaşıgilə gedəcək, amma götürüb uşağı həmin qardaşıgilə gödəkçə arxasınca göndərir. Özün bir azdan gedəcəkdinsə, uşağı ora göndərməkdə məqsəd nə idi? Saatlar keçir, nə uşaq geri qayıdır, nə də gödəkçə gəlir. Bunu uşaq maraqlandırmır, qardaşına qoşulub ciyəraxşamına gedir…”.
İlkin Süleymanovun vəkilləri də həm məhkəmə araşdırmasından, həm də prokurorun çıxışından narazı qalıb.

Zabil Qəhrəmanov. Foto: Meydan TV

Vəkil Zabil Qəhrəmanov dövlət ittihamçısının çıxışını “nağıl” adlandırıb:

“Dövlət ittihamçısının çıxışı nağıl idi, sadəcə, göydən üç alma düşmədi”.

Digər vəkil Əlibaba Rzayev isə bildirib ki, iş üçün əhəmiyyətli olan bir çox vəsatəti məhkəmə təmin etmədi. Hətta prokurorun öz çıxışında istinad etdiyi sübutlar belə, məhkəmədə araşdırılmadı. Məhkəmədə araşdırmasından da, prokurorun çıxışından da narazılığını ifadə edən vəkil bildirib ki, müdafiə nitqində iradların hamısını bir-bir hakimlərin nəzərinə çatdıracaqlar:

Bu cinayət işində o qədər saxtakarlıq halları var ki. Bir deyil, beş deyil…”.

Əlibaba Rzayev. Foto: Meydan TV

Polis rəisi dərhal hadisə yerini qazdırıb”

İlkin Süleymanovun qardaşı Adil Süleymanov isə deyir ki, bu məhkəmə prosesində qardaşının təqsirli olması yox, təqsirsizliyi sübuta yetirildi. Onun sözlərinə görə, ortaya qoyulan saxtakarlıq faktlarından sonra dövlət ittihamçısı yenə də İlkin Süleymanova 20 il azadlıqdan məhrumetmə cəzası istəyirsə, bu, ölkədə ədalətin olmaması, hüququn işləməməsi anlamına gəlir:

“Prokuror çıxışında meyit söndürəndə İlkinin telefonla çəkməsinə və orada dediyi fikirlərə istinad edir. Orada İlkini ittiham etmək üçün əsas verəcək bircə fikir varmı? Muradgilə deyir ki, kənarda dayanın, ayaq izləriniz düşməsin. O mənada ki, orada cinayətkarın ayaq izi ola bilər, itməsin. Bəs polis rəisi neylədi? Meyiti oradan götürən kimi hadisə yerini qazdırıb yerlə-yeksan elətdirdi. Baxın, izi itirmək istəyən kimdir?”.

Adil Süleymanov deyir ki, qardaşının başına gələnlər ölkədə ədalətə, qanunun aliliyinə inamı öldürməklə yanaşı, vətəndaşları bir-birinə yardım etmək məsələsində də ehtiyatlı davranmağa vadar edəcək:
“İlkinin başına gələnlərdən sonra yanğın görən kimsə ona yaxın durarmı? Heç kim özünü işə salmaq istəməz”.

Adil Süleymanov. Foto: Meydan TV

Hadisə yerinin qazılmasında Nərmin Quliyevanın atası Şərif Quliyev də iştirak edib. Bu barədə məhkəmədə Şərif Quliyevə vəkillər suallar da verib və o da təsdiqləyib. Lakin o, meyit tapılan ərazini sübutları yox etməkdən ötrü məqsədli şəkildə qazmadıqlarını bildirib.

Prokuror azyaşlını oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanova cəzasının ilk beş ilini həbsxana rejimində çəkməklə (Qobustan həbsxanası), 20 il azadlıqdan məhrumetmə cəzası kəsilməsini istəyib.

İlkin Süleymanovun işi üzrə məhkəmə prosesi mayın 10-da vəkillərin çıxışıyla davam edəcək. Daha sonra onun özü son sözünü deyəcək və ardınca hökm elan olunacaq.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. 47 gün sonra isə qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Ana səhifəBölgəİlkin Süleymanovun qardaşı: “İlkinin başına gələnlərdən sonra yanğın görən kimsə ona yaxın durarmı?”