İlkin Süleymanovun bacısı: “İnsanlar şoka düşdü ki, bu necə anadır, uşağın meyitinə baxmayıb?”

İlkin Süleymanov, Foto: Meydan TV

“Qardaşıma, bizim ailəyə qarşı böhtanların bir həddi olmalıdır”

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu il noyabrın 21-də itkin düşən və 47 gün sonra – 2020-ci il yanvarın 6-da yandırılmış vəziyyətdə meyiti tapıldığı iddia olunan Nərmin Quliyeva ilə bağlı araşdırmalar Gəncə Ağır Cinayətlər Məhkəməsində davam edir.

Bu hadisə ilə əlaqədar iki ildən artıqdır həbsdə saxlanılan kənd sakini İlkin Süleymanovun yaxınları Nərmin Quliyevanın valideynlərini ittiham edir. Onlar hesab edir ki, azyaşlının valideynləri həqiqətləri gizlədir.

“Mənim qardaşımın iki ildən çoxdur həbsdə olmasının səbəbkarı həm də Nərminin valideynləri, onların həqiqətləri danışmaması, əksinə, ört-basdır etməsidir. Biz də çox şeyi bilirik, zamanı gələndə açıqlayacağıq. Qardaşıma, bizim ailəyə qarşı böhtanların bir həddi olmalıdır. Gah dedilər ki, kənd camaatına pul veririk. Bizim tərəfimizdən bu cür hərəkət mənəviyyatsızlıq olar. Meyit tapıldığı ilk günlərdə nəinki kənd camaatı, ölkənin bütün sayılıb-seçilən insanları onların yanında idi. Amma sonradan hamı onların davranışını gördü. İnsanlar ananın davranışından şoka düşdü ki, ona uşağının meyitinin tapıldığını xəbər veriblər, amma ora getməyib. Heç sonradan da bir baxmayıb ki, bu, mənim uşağımdır, yoxsa yox. Özü də məhkəmədə etiraf elədi ki, baxmayıb. Bu gün kənd camaatı bizim yanımızda deyil, haqqın, ədalətin yanındadır”, – İlhamə Süleymanova jurnalistlərə açıqlamasında bildirib.

Dondar Quşçu kənd sakini Validə Əliyeva əlavə edib ki, istər Nərmin Quliyeva, istərsə də İlkin Süleymanovun başına gələnləri şəxsi faciələri kimi qəbul edirlər. Ona görə də bu işlə bağlı ədalətin bərqərar olması üçün sonadək mübarizə aparmaqda israrlıdırlar.

Nərmin Quliyeva sonuncu dəfə əmisi Lətif Quliyevin evindən itkin düşüb. Onun əmisigilə atası üçün gödəkçəni götürməyə getdiyi bildirilir.

Nərmin Quliyevaya məxsus olduğu iddia edilən meyit isə 2020-ci il yanvarın 6-da İlkin Süleymanovgilin evinin yaxınlığında yanan vəziyyətdə tapılıb. Lətif Quliyev jurnalistlərə açıqlamasında bildirib ki, meyit tapılanda İlkin Süleymanov onu telefonla çəkib: “Onun nə marağı vardı ki, kameraya çəkirdi?”

İlkin Süleymanovun ailə üzvləri qarşı tərəfin bu iddialarına da cavab verib.

“İlkin cinayətkar olsaydı, çalışardı ki, izlər itsin, heç nə qalmasın. Necə ki, onlar özləri meyit götürülən kimi oranı qazıb, altını üstünə çevirmişdilər, heç bir iz qoymamışdılar. İlkin isə çəkib ki, istintaqçılara təqdim eləsin. İnsan hadisəni çəkib deyə, ona cinayətkar deyilə bilməz. Bu, dayaz düşüncənin məhsuludur. Biz bunun üstündən keçməyəcəyik. Kim olursa olsun, bu gün öz gücündən istifadə edə bilər, amma bu güc daimi olmayacaq”, – İlkin Süleymanovun bacısı əlavə edib.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Ana səhifəBölgəİlkin Süleymanovun bacısı: “İnsanlar şoka düşdü ki, bu necə anadır, uşağın meyitinə baxmayıb?”