İlkin Süleymanov: “5 ilə yaxındır ki, cinayətkarların əvəzinə nahaqdan cəza çəkirəm”

İlkin Süleymanov. Foto: Meydan TV

Məhkəmə birinci instansiyanın qərarını qüvvədə saxladı

Tovuzun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 11 yaşlı Nərmin Quliyevanı oğurlamaqda, 47 gün sonra onu öldürüb, meyitini isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun 18 il azadlıqdan məhrum edilməsi barədə hökmdən verdiyi şikayətə baxılıb.

İyulun 31-də Gəncə Apelyasiya Məhkəməsində çıxarılan qərara əsasən, İlkin Süleymanov haqqında hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qərardan əvvəl İlkin Süleymanovun vəkili Əlibaba Rzayev çıxış edib, daha sonra özü son sözünü deyib.

Vəkil bildirib ki, İlkin Süleymanovun 4 gün Tovuz rayon Polis Şöbəsində qanunsuz saxlanmasını Gəncə Ağır Cinayətlər Məhkəməsi də etiraf etməyə məcbur olub:

“4 gün polis şöbəsində qandallı vəziyyətdə saxlanmaq işgəncədir. Bu müddətdə o, mənəvi, psixoloji işgəncələrlə yanaşı, fiziki işgəncələrə də məruz qalıb. Mən on gündən çox idi ki, onun vəkiliydim, amma görüşməyə qoymurdular. 2020-ci ili yanvarın 23-də İlkin haqqında həbs qətimkan tədbiri qərarından apelyasiya şikayətinə baxılanda onunla görüşdük. Həmin vaxt üzərində işgəncə izləri vardı. Hakim Teyyub Muxtarov özü də gördü xəsarətləri. Məhkəmənin borcu idi ki, işgəncə faktını araşdırsın. Adamın 4 gün işgəncə altında saxlanmasının özü ona bəraət vermək üçün əsasdır. Mən hələ başqa pozuntuları demirəm”.

Cinayət işindəki ziddiyyətlərdən danışan vəkilin sözlərinə görə, hökmdə istinad olunan ekspertiza rəylərinin özü də qanunsuz sübutlardır:

“Eyni tədqiqat materialları – paltarlar eyni vaxtda həm Ədliyyə Nazirliyində, həm də Səhiyyə Nazirliyində necə ola bilərdi? Bu ekspertiza rəylərini necə sübut kimi qəbul eləmək olar? Meyitdən 30 qram qan götürülüb, amma ekspertə 80 qram təqdim olunub. Qalan 50 qramı kim əlavə eləyib? Kimin qanıdır? Məhkəmə öz hökmündə etiraf edir ki, İlkin Süleymanovun telefonu qanunauyğun şəkildə götürülməyib. Telefona müdaxilə edilib. Məqsəd də saxta sübutlar yaratmaq olub. Necə ola bilər ki, uşaq 47 gün bir otaqda saxlansın, amma bununla bağlı oradan heç bir sübut tapılmasın? Necə oldu, bir saç tükü, geyiminin lifi – heç nə düşmədi?”.

Vəkil deyir ki, Dondar Quşçu kəndində tapılan meyitin iki dəfə yandırıldığını deməyə xeyli əsaslar var. İstisna olunmur ki, əvvəl başqa yerdə yandırılmış meyiti sonradan gətirib orada bir daha yandırıblar:

“Necə olur, meyit yanır, amma üstündəki paltar yox? Deyirlər ki, İlkin meyiti arxası üstə atıb, yandırıb. O zaman torpağa bitişik olan kürəyi necə yanıb? Özü də qarın nahiyəsi ilə eyni həddə?”.

Əlibaba Rzayev xatırladıb ki, Nərmin Quliyevanın qan qrupunun IV, meyitin qan qrupunun isə II qrup olduğunu sübut edən sənədlər var. Bu da meyitin Nərminə aid olmasıyla bağlı şübhələr yaradır.

Vəkil çıxışının sonunda bildirib ki, məhkəmədən ədalətli qərar gözləntiləri yoxdur. Çünki Gəncə Apelyasiya Məhkəməsində iş üçün əhəmiyyətli olan bir çox məsələni qaldırsalar da, heç biri araşdırılmayıb:

“Hesab edirik ki, bu məhkəmə də saxta hökmü qüvvədə saxlamağa hesablanıb. Yox, əgər obyektiv qərar versəniz, hər birinizdən üzr istəməyə hazırıq”.

Daha sonra İlkin Süleymanov özü də son sözünü deyib. O bildirib ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində heç bir mötəbər sübut-dəlil olmadan 18 il azadlıqdan məhrum edilib.
Onun sözlərinə görə, 2020-ci il yanvarın 6-da saxlansa da, ilk dəfə yanvarın 8-də şahid qismində dindirilib. Onda da deyib ki, bu cinayətin ona aidiyyəti yoxdur. Sadəcə, evdən çıxanda yolun o tərəfində yanğın görüb yaxınlaşıb. Yanvarın 8-də onların evində də axtarış aparılıb, bu cinayətlə bağlı heç bir sübut aşkarlanıb. Bu barədə protokol da var:

Bəs niyə məni buraxmadılar? Ayın 8-dən sonra da saxladılar. Çünki əvvəldən plan belə olub ki, bu cinayət mənim boynuma qoyulsun”.

Polis şöbəsində məruz qaldığı işgəncələrdən danışan İlkin Süleymanov deyir ki, ayaqlarının altına dəyənəklə zərbələr endirilib, başına qazan keçirilərək, dəyənəklə vurulub, elektroşok verilib və s. Hətta Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada olmuş dustaqlar məhkəmədə dindiriləndə də təsdiqləyiblər ki, İlkin Süleymanov kameraya gətiriləndə üzərində ciddi xəsarətlər vardı:

“Mənə dövlət hesabına vəkil verilmişdi, Araz Əhmədov. O isə mənə vəkillik eləmirdi, əksinə, mənim əleyhimə addımlar atırdı. Məni evimizə çəkilişə aparanda işgəncə izlərinə görə ayaqqabı geyinə bilmirdim. Ona görə tərlik verdilər. Videoda da görünür. Məni həbs qərarı üçün məhkəməyə gətirəndə polislər, prokurorluq işçiləri – hamısı orada idi. Polis rəisi Şirzad Əsgərov əvvəldən axıra qədər məhkəmədə oldu. Mən onların yanında necə deyəydim ki, cinayəti mən eləməmişəm? Axı məhkəmədən sonra yenə o şöbəyə qayıdacaqdım”.

İlkin Süleymanov xatırladıb ki, Nərmin Quliyeva itkin düşəndən bir həftə sonra Cinayət Məcəlləsinin 120.2.9 maddəsilə cinayət işi başlanıb. Bu da şübhəlidir:

“Bəlkə uşaq tapılacaqdı? Bəlkə qayıdıb gələcəkdi? Hardan bilirdilər ki, uşaq qətlə yetirilib? Deməli, bu planlar əvvəldən qurulub”.

İttihama əsasən, İlkin Süleymanov Nərminin başına daşla vuraraq onu öldürüb:

Elədirsə, başından axan o qədər qan hara getdi? Mən ifadəmdə deyirəm ki, yanvarın 6-da öldürmüşəm – meyit tapılan gün. Amma ekspertizanın rəyində yazılıb ki, meyit tapılandan gündən 3-4 gün əvvəl öldürülüb”.

Sonda İlkin Süleymanov bir daha təqsirsiz olduğunu vurğulayıb, cinayətkarların əvəzinə 5 ilə yaxındır ki, nahaqdan cəza çəkdiyini deyib:

Mənim təqsirsiz olduğumu təsdiqləmək üçün başqa sübutlara ehtiyac yoxdur. Vəkillərimin, mənim burada sadaladıqlarımızın bir neçəsi nəzərə alınsaydı, kifayət idi. Çox təəssüf ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində ya sifarişlə, ya göstərişlə vicdansızcasına hökm çıxarıldı. Gec və ya tez həqiqət ortaya çıxacaq. Çox istərdim ki, bu işi bizim yerli məhkəmələrimiz görsün. Təqsirsiz adamın nahaqdan cəza çəkməsi dövlətin adına ləkədir”.

Bundan sonra hakimlər müşavirəyə gedib və təxminən 1 saat sonra geri qayıdaraq, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlandığını elan edib.

İlkin Süleymanovun qardaşı Adil Süleymanov Meydan TV-yə bildirib ki, qərarı ədalətsiz və sifarişli hesab edirlər. Onlar Ali Məhkəməyə müraciət edəcəklər:

“Bu qərar bir daha göstərdi ki, Azərbaycanda məhkəmə sistemi yoxdur. Yoxsa məmurların əməlləri bu qədər ört-basdır edilməzdi. Bir azyaşlıya qarşı törədilən cinayət, günahsız bir adamın illərlə həbsdə saxlanmasına bunların vicdanı necə yol verir?”.

2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə İlkin Süleymanovgilin evinin qarşısında yandırılmış meyit tapılıb.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını, işgəncə nəticəsində cinayəti üzərinə götürdüyunü deyir.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Ana səhifəBölgəİlkin Süleymanov: “5 ilə yaxındır ki, cinayətkarların əvəzinə nahaqdan cəza çəkirəm”