“İlkin Süleymanov müstəntiqin yanında olduğu halda telefonda çılpaq şəkillərə necə baxıb?”

İlkin Süleymanov. Foto: Meydan TV

Nərmin işi üzrə cinayət işinin materiallarında yeni ziddiyyətlər ortaya çıxdı

Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yanmış meyitin tapılmasıyla bağlı məhkəmə araşdırmaları 1 il 4 aydır ki, davam edir. Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Hazırda sənədlərin tədqiqi mərhələsidir.

Sentyabrın 6-da məhkəmə prosesində cinayət işinin materiallarındakı bir sıra sənədlər elan olunub. Məlum olub ki, İlkin Süleymanovun həbsindən az sonra ailəsi ona vəkillər tutsa da, prokurorluq həmin vəkilləri uzun müddət müdafiə prosesinə buraxmayıb. Vəkil Əlibaba Rzayev orderini yanvarın 16-da prokurorluğa təqdim etdiyi halda, onu hüquqlarını müdafiə etdiyi şəxslə görüşməyə müstəntiq fevralın 3-də buraxıb. Digər vəkil Murtuzəli Abbasov yanvarın 22-də orderini təqdim etsə də, prokurorluq ona yanvarın 31-də icazə verib.

Vəkillər bildirib ki, bu da İlkin Süleymanovun müdafiə hüququnun kobud şəkildə pozulmasıdır.

Cinayət işinin materiallarında İlkin Süleymanovun telefon danışıqlarıyla bağlı mobil operatordan alınmış arayış var. Həmin sənəd də məhkəmədə elan edilib.

İlkin Süleymanov deyir ki, yanvarın 6-da yanmış meyit tapılanda hadisə yerinə gələn polislər onu götürüb Tovuz Rayon Polis Şöbəsinə aparıblar. Həmin vaxt telefonu da əlindən alınıb. O vaxtdan nə telefonunu qaytarıblar, nə də özünü buraxıblar. Amma mobil operatorun arayışından məlum olur ki, yanvarın 7-8-də də onun telefonuna zənglər gəlib-gedib.

İlkin Süleymanov vurğulayıb ki, yanvarın 6-da axşam saat 20 radələrində onu Tovuz Rayon Polis Şöbəsinə aparıblar. Həmin vaxtdan telefonu əlindən alındığına görə ondan sonra gəlib-gedən zənglərin heç birindən xəbəri yoxdur.

İlkin Süleymanovun telefonuyla bağlı ekspertiza rəyi də cinayət işinin materiallarında var. Həmin rəydə göstərilib ki, bu telefonda müxtəlif cizgi filmlərinə, şirniyyat, müğənni şəkil və videolarına baxılıb.

Rəyə əsasən, yanvarın 8-də saat 11.50-də bu telefonda çılpaq qadın fotosuna, transseksual şəxslərin görüntülərinə baxılıb.

İş materiallarında olan başqa bir sənəddə isə göstərilib ki, yanvarın 8-də səhər saat 10.00-dan 14.00-a qədər İlkin Süleymanov şahid qismində dindirilib. O, həmin ifadədə bildirib ki, axşamtərəfi saat 19.30 radələrində siqaret çıxmaq üçün darvazanın qarşısına çıxanda evləri ilə üzbəüzdə dərəyə bənzər ərazidə yanğın görüb. Adətən zibil atılan həmin ərazidə bir müddət öncə zibil yanğını nəticəsində ağaclar yanıbmış. Ona görə bu dəfə yanğını görən kimi dərhal o tərəfə gedib. Yaxınlaşanda orada meyit görüb və dərhal evinin hasarı həmin ərazidə olan Nazim Vəliyevi çağırıb. Daha sonra onlar əmisi oğlu, Tovuz rayonunda Post-Patrul Alayında çalışan Murad Süleymanovu çağırıblar. Murad Süleymanov isə zəng edərək, polis şöbəsinə bu barədə məlumat verib.

Yanvarın 8-də bunları deyən İlkin Süleymanov heç iki sutka tamam olmamış – yanvarın 10-da səhər saatlarında şübhəli şəxs qismində ifadəsində Nərmini özünün oğurladığını, 47 gün həyətlərindəki digər evdə saxladığını, daha sonra qətlə yetirib, meyiti isə yandırdığını bildirib. İş materiallarında onun 11 yanvar 2020-ci ilə aid təqsirləndirilən şəxs qismində ifadəsi də var.

“Səhər saat 10.00-dan 14.00-ə qədər müstəntiqin yanında şahid kimi ifadə verən İlkin Süleymanov necə olub ki, saat 11.50-də çılpaq qadına, transseksuallara baxıb telefonda? Ya birlikdə baxıblar, ya da İlkinin dediyi kimi, yanvarın 6-da telefonu ondan almış adamlar baxıb. İstər açıq-saçıq şəkillərə, istərsə də cizgi filmlərinə qəsdən daxil olublar ki, sonradan ekspertizadan belə bir rəy alıb İlkinin əxlaq problemi olması, guya Nərminə cizgi filmləri göstərməsi görüntüsü yaratsınlar”, – vəkilləri bildirib.

İlkin Süleymanov özü də bildirib ki, telefonunda baxıldığı iddia olunan cizgi filmlərinin, çılpaq şəkil və videoların ona heç bir aidiyyəti yoxdur:

“Cizgi filmlərinə, uşaqlara xas materiallara, çılpaq görüntülərə mən baxmamışam”.

Vəkil Zabil Qəhrəmanov vurğulayıb ki, şəxsin telefonu götürülürsə, bu barədə protokol olmalıdır. Amma belə bir protokol iş materiallarında yoxdur. Telefonda şəxsi həyata aid materiallar olduğuna görə ona baxış keçirilməsi üçün müvafiq məhkəmə qərarı olmalıdır. Bu da yoxdur.

Vəkil Zabil Qəhrəmanov, Foto: Meydan TV

Sənədlərin elanından o da məlum olub ki, İlkin Süleymanov haqqında həbs qərarından verilmiş apelyasiya şikayətinə baxılarkən o, məhkəmədə üzərindəki işgəncə izlərini göstərib. Həmçinin vəkilləri də bununla əlaqədar prokurorluğa şikayət edib. Eyni zamanda, istintaqda vəsatət qaldırıblar ki, İlkin Süleymanov üzərindəki xəsarət izlərilə əlaqədar tibbi ekspertizadan keçirilsin. Lakin müstəntiq vəkillərin bu vəsatətini təmin etməyib.

Məhkəmə prosesi davam edir.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.

Ana səhifəBölgə“İlkin Süleymanov müstəntiqin yanında olduğu halda telefonda çılpaq şəkillərə necə baxıb?”