İlham Şaban: ”Neft öz real qiymətinə qayıdır”

”Hasilatın azalmasının qiymətin artmasına nə zaman güclü təkan verəcəyi hələ bəlli deyil”

Source:


”Hasilatın azalmasının qiymətin artmasına nə zaman güclü təkan verəcəyi hələ bəlli deyil”

Dünyanın əksər media orqanları OPEC-ə üzv ölkələrin Qatarın paytaxtı Doha görüşündə neftin hasilatının səviyyəsinin “dondurulması” ilə bağlı razılığa gəlməməsini müzakirə edir. Eyni formatda növbəti görüşün iyunda keçiriləcəyi xəbəri yayılsa da, artıq neftin qiyməti 3 dollar enib.

Neft bazarında mövcud durumu Meydan TV-yə şərh edən neft sahəsi üzrə mütəxəssis İlham Şabah hesab edir ki, yaxın bir neçə gündə birjalara və bazara psixoloji təzyiqlər hiss olunacaq. Nəticədə neftin qiymətində enmə olacaq. Güman ki, qiymət 40 dollardan aşağı düşəcək, amma bu uzunmüddətli olmayacaq, təxminən həftəsonu bazarda durum sabitləşməyə doğru gedəcək. Çünki Doha görüşünün təsirləri bazardan çəkiləcək  və yeni atmosfer yaranacaq.

İlham Şaban

Əksər media manşetlərinin Doha görüşünü uğursuz qiymətləndirməsini təbii hesab edən ekspert bunun səbəbini Rusiya, Qatar və Səudiyyə Ərəbistanının fevralın 16-da hasilatın dondurulması barədə ortaq məxrəcə gəlinməsi mesajını verməsiylə əlaqələndirdi. Nəticədə neftin qiymətlərində artım başladı: “Əgər ilin başlanğıcından qiymətlərə nəzər salsaq, yanvarda brent markalı neftin orta qiymətinin 30, fevralda 34, martda 39 dollara qədər yüksəldiyini görərik. Bu aydan isə qiymət 40-45 dollar civarında dəyişib. Bu mərhələdə neftin qiymətinin köpüyü yaradılmışdı, indi Doha görüşünün köpüyü götürülüb və neft öz real qiymətinə qayıdır. Real qiymət isə hazırda 40 dollardır. Ona görə də qiymətin 30 dollara düşəcəyi barədə informasiyaları bölüşmür və qiymətin 40 dollar həddində bərqərar olacağını hesab edirəm. İyun görüşünə qədər nə olacağını proqnozlaşdıra bilmərəm, amma artıq dünyada neft hasilatında azalmalar var, bunu ilkin rəqəmlər də göstərir. Konkret olaraq, ABŞ-da aprelin əvvəlindən neft hasilatı 900 milyon barrel aşağı düşüb. Hansı ki, 2014-cü ilin oktyabrında 9,6 milyon barreldən yüksək idi. Yəni ümumi tendensiya azalmağa doğru gedir. Ancaq bu azalmanın neftin qiymətinin artmasına nə zaman güclü təkan verəcəyi hələ bəlli deyil”.

Ana səhifəAnalitikaİlham Şaban: ”Neft öz real qiymətinə qayıdır”